"Təhsil eksperti olaraq, istərdim ki, savad göstəriciləri yüksək, təhsil sahəsini bilən, ictimaiyyətlə çalışmağı bacaran, praqmatik keyfiyyətləri olan şəxs nazir təyin olunsun”.
Bu barədə "Sherg.az”a yeni təhsil nazirinin kim olacağı haqqında versiyaları analiz edərkən təhsil eksperti Etibar Əliyev bildirib.
O qeyd edib ki, xüsusilə gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunması daha məqsədəuyğundur:
"Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir.
Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər. Etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasını qoymuş şəxs kimi tarixə düşdü. Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi.
Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərik. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Bu sahədə aparılan islahatlar davam etdiriləcəksə, biz – ekspertlərin, ictimaiyyət nümayəndələrinin dəstəyi olacaq. Əminəm ki, ölkə başçısı özünün ölçülüb-biçilmiş strategiyalarını təhsil naziri təyin edərkən tətbiq edəcək”.
Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birləşdirilməsi ehtimallarına gəlincə, ekspert bu versiyanın mümkün olacağını düşünmür:
"DİM və nazirliyin birləşdirilməsi ehtimalı yoxdur. Çünki DİM "Publik hüquqi" şəxs kimi gənc qurumdur. Sədr Məleykə Abbaszadə isə təcrübəli insandır. Bütün imtahanların mərkəzləşdirilmiş qurumda təşkilini yüksək səviyyədə həyata keçirir. Amma nazirlik və DİM müəyyən qədər fərqli sistemlərə malikdir. Buna görə, birləşdirmə ehtimalı zənnimcə, sıfıra bərabərdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncama görə, təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub. O, başqa bir sərəncamla vergilər naziri təyin edilib. Təhsil naziri postuna isə hələlik təyinat olunmayıb.
Aysel Aslan