Nabatəli Qulamoğlu:"Vətəndaş cəmiyyəti xalqın, təhsil alanların deyil, “təhsil maklerləri”nin xeyrinədir. "Təhsil maklerləri” məktəb direktorları və onlara havadarlıq edən icra hakimiyyəti nümayəndələridir"
"Heç bir özəl məktəbdə şagirdlərdən,valideynlərdən rüşvət yığmırlar”.
Bunu "Sherg.az”a müəllimlər günü ilə əlaqədar bəzi orta məktəblərdə şagirdlərdən pul yığılmasına münasibət bildirərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
Ekspert diqqətə çatdırıb ki, özəl məktəblərdə bu problem tamamilə və kökündən həll olunub:
"Çünki təhsil verənlə təhsil alan arasında qarşılıqlı müqavilə var və hər bir müqavilə öhdəlikləri yerinə yetirilir.
Repetitorlarla abituriyentlər arasında da belə problem yoxdur. Çünki birinin məqsədi bilik almaqdır, digərinin məqsədi isə bilik verməkdir. Bu da uyğun şəkildə razılaşdırılıb.
2005-ci ildə televiziya verilişlərinin birində dedim ki, bəzi dövlət məktəbləri 1985-ci ildə fəaliyyət göstərən kolxozları xatırladır. Bu, o demək deyil ki, dövlət məktəbləri şəffaf fəaliyyət göstərə bilməz. Sadəcə, Azərbaycan kimi vətəndaş cəmiyyəti zəif olan bir ölkədə dövlət sektorunun fəaliyyəti mümkün deyil. Fəaliyyət göstərirsə də, xalqın, təhsil alanların deyil, "təhsil maklerləri”nin xeyrinədir. "Təhsil maklerləri” məktəb direktorları, təlim tərbiyə direktor müavinlərinin, onlara havadarlıq edən icra hakimiyyəti nümayəndələri və s.-dir. Bunlar bir-birindən asılı vəziyyətdədirlər.
Əminəm ki, Təhsil Nazirliyinin rəsmiləri korrupsioner məktəb direktorlarının kimlər olduğunu bilir, lakin o direktorları cəzalandırmağa cürətləri çatmır. Ona görə, Azərbaycan təsilinə azadlıq vermək lazımdır”.
N.Qulamoğlu düşünür ki, təhsildə üç sahənin - bələdiyyə, dövlət və özəl sektorun rəqabətini təşkil etmək lazımdır:"Bu rəqabət təhsil islahatıdır, təhsil islahatı isə Azərbaycanda yoxdur. Nə qədər desələr də, yazsalar da, hələ belə bir islahat keçirilməyib. Əgər təhsil islahatı olsaydı, Azərbaycanda orta məktəblərin böyük əksəriyyəti ləğv olunardı. Onlar hamısı özəl sahəyə keçirilərdi. Beləliklə, dövlət hər bir şagird üçün ayırdığı maliyyəni valideynə verəcək. Valideyn də etibar etdiyi məktəbə qeyri-nəğd yolla keçirəcək və həmin puldan ötrü məktəblər arasında yarış başlanacaq.
Bütün bunlar olarsa, hərə əlində bir avtomat tutsa belə, heç bir tədbir kömək etməyəcək. Rüşvət olub, olur və davam edəcək”.
Aysel Aslan