"Təhsil problemlərini araşdıran təsisat yaradılmalıdır"- UNİVERSİTETLƏRDƏ




Təhsil Problemləri İnstitutu da universitetlərin nəzdində fəaliyyət göstərməlidir.


Bunu Sherg.az-a universitetlərin nəzdində kolleclərin yaradılması layihəsinə münasibət bildirərkən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. 

Onun sözlərinə görə, kollec qismində təhsil müəssisələrinin olması düzgün deyil: 

"Universitetlərin nəzdində peşə məktəbləri mövcud olmalıdır. Orta ixtisas təhsili verən fakültələr də açılmalıdır ki, ixtisaslı və peşəkar, müasir tələblərə cavab verən kadr siyasəti düzgün şəkildə aparılsın. 

Bu addımda, araşdırmalar nəticəsində ölkənin əmək bazarında ehtiyacı olan sahələrə uyğun ixtisaslar üzrə kolleclər fəaliyyət göstərəcək. Məsələn, bu gün əmək bazarında müəllimlərə ehtiyac demək olar ki, yoxdur. Ona görə də, müəllim ixtisasının geniş təbliği vacib deyil. Hər universitetin nəzdində təhsilin problemlərini araşdıran təsisatın yaradılması isə iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı peşəkarlıq səviyyəsinə görə də, faydalı ola bilər. Düşünürəm ki, gələcəkdə əmək bazarında ehtiyac olan kadrların hazırlanmasına bu addımlar müsbət təsir edəcək”.

Qeyd edək ki, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması haqqında layihə nəzərdə tutulub.
 
Ayyət Əhməd