
Təhsildəki uğur qidalardan başlayır
Türkiyə bir örnək verdi, biz də öyrənəkOrda məktəblilərə kişmiş paylanır, bizdə çipsilər, çubuqlar uşaqların əlindən düşmür

Türkiyə məktəblərində şagirdlərə quru meyvə paylanır. Ötən il Ege Quru Meyvə İxracatçıları Birliklərinin hazırladığı proqram hökumət tərəfindən dəstəklənmişdi. Proqrama əsasən 6,3 milyon şagirdə (əsasən ibtidai sinif şagirdləri) 30 həftə ərzində həftədə bir dəfə olmaqla 40 qramlıq paketlərdə quru meyvə - kişmiş, qaysı və əncir qurusu paylanmalıdır.
Proqramda qeyd olunurdu ki, uşaqların erkən yaşlardan orqanizmlərinin möhkəmləndirilməsi zəruridir. Quru meyvələr bol vitamin, mineral qaynağı olduğundan onların qəbulu uşaqların immunitetinin möhkəmlənməsində böyük rol oynayır. Məktəblilər məhz düzgün qidalanmadıqda bir çox xəstəliklərə qarşı müqavimət göstərə bilmir. Eyni zamanda səhv qida rasionu uşaqlar arasında köklük, piylənmə, ürək-damar, xərçəng, qan təzyiqi, şəkər kimi xəstəliklərin yaranmasına səbəb olur. Bir çox ölkələr orta məktəblərdə sağlam qidalanmanın təşkili üçün quru meyvələrdən istifadə proqramının icrasını məqbul sayırlar və Türkiyə də bu istiqamətdə işə başlayıb.
Mütəxəssislər bu fikirdədir ki, uşaq sağlam qidalanmadıqda bir çox xəstəliklərin təməli qoyulur. Zəif orqanizmə malik uşaq xəstəliklərə müqavimət göstərə bilmir və tez-tez xəstələnir. Nəticədə, bu, uşağın dərs davamiyyətinin pozulmasına və bu nəticə etibarilə təhsildə geri qalmasına səbəb olur. Şagird təhsildə "axsamağa” başlayır. Erkən yaşlardan uşaqlarda sağlam təməl qoyulmalıdır ki, böyüdükcə güclü orqanizmə malik olsunlar.
Artıq bir çox ölkələrdə məktəb bufetlərində hazır qidalar - fast-fud, hamburger kimi hazır qidalar, paketlənmiş şirniyyat, çipslər, çubuqlar, saqqız, müxtəlif şirələr satılmasına icazə verilmir. Bunun əvəzində şagirdlərə süd və quru meyvə paylanmasına önəm verilir.
Vitamin qaynağı quru meyvələr
Azyaşlılara və eləcə də ibtidai sinif şagirdlərinə süd və quru meyvə verilməsi səbəbsiz deyil. Məlumdur ki, süd və süd məhsulları ən bol kalsium qaynağıdır. Kalsium da uşağın bədəninin, dayaq-hərəkət sisteminin, oynaqlarının möhkəmlənməsində əvəzsiz rol oynayır. Quru meyvələrdə də bütün faydalı vitamin və mikroelementlər cəmlənib.
Qara gavalı qurusu ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı uşaqlarda daha tez-tez rast gəlinən bağırsaq pozğunluğu və qəbizliyin aradan qaldırılması üçün faydalıdır. Qara gavalı qurusu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir.
Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.
Ərik qurusu da çox xeyirlidir. Kalium elementi ilə zəngin olan ərik qurusu ürək-damar sisteminin fəaliyyəti üçün möcüzəvi qaynaqdır. Ərik qurusu dəmir elementi ilə də zəngindir və bu səbəbdən anemiya - qanazlığına qarşı çox təsirlidir. Alimlərin fikrinə görə, ərik qurusu onkoloji xəstəliklərin profilaktikasında da təsirli vasitədir.
Quru əriyin tərkibi bol miqdarda B1, B2, B3, B6, A, C, E vitaminləri ilə zəngindir. Həzm problemlərinə yaxşı təsir edir, stressin qarşısını alır. Tərkibində olan A vitamini akne kimi dəri probleminə qarşı faydalıdır. Quru ərik görmə funksiyasını yaxşılaşdırır, şəkər xəstəliyinin inkişafına mane olur, immunitet sistemini gücləndirir. Əzələlərin və sinirlərin yaxşı işləməsini təmin edir. Ərik lifli bir meyvədir. Zərərli maddələrin bağırsaqda qalma müddətini qısaltdığı üçün xərçəngdən qorunmada faydalı olduğu müəyyən edilib.
Kişmiş də ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur, osteoporoz (sümük kövrəkliyi) zamanı və bu pozulmanın profilaktikası üçün çox xeyirlidir və xüsusən də yaddaşı gücləndirir.
Qara kişmiş qanın tərkibini yaxşılaşdırır, damarları təmizləyir.
Kişmiş öskürək zamanı da yaxşı kömək edir. Uşaq öskürəyə tutulubsa, kişmişi qaynar süddə isladıb içmək, kişmişi isə yemək lazımdır.
Əncir qurusu ürək-damar sistemi xəstəlikləri, bronxial astma, öskürək zamanı olduqca faydalıdır, qəbizliklə mübarizədə də yaxşı kömək edir, iltihab əleyhinə təsir edir, bağırsaqlarda yaşayan parazitləri - qurdları yox edir. Öskürəklə mübarizədə quru ənciri südlə içmək çox faydalıdır.
Əncir qurusu xərçəng xəstəliklərinin də profilaktik vasitəsi sayılır. Alma qurusu bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir. Alma qurusu nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucudur. Bədəndən zəhərli maddələrin xaric edilməsinə kömək olur. Lifli olduğu üçün bağırsaqları təmizləyir. Qaraciyərindən şikayət edənlər, revmatizması olanlar və hətta şəkər xəstələri belə, quru almadan faydalana bilərlər. Alma sakitləşdirici, yuxuvericidir və baş ağrılarına da yaxşı təsir göstərir. Kiçik hissələrə bölünmüş almaları qabığıyla qaynadaraq, üzərinə limon, portağal, darçın əlavə edib çay kimi də içmək faydalıdır.
Meyvə qurularından fayda almaq üçün hər gün müxtəlif meyvə quruları qarışdırıb onlardan bir ovuc götürüb qəbul edin. Qəbul etdikdən əvvəl onları yaxşı yumaq lazımdır. Valideynlər quru meyvə kompotu hazırlayıb uşaqlara içirtsə yaxşıdır. Çünki meyvə qurularından hazırlanan kompot çox xeyirlidir. Amma bu kompotu bişirmək lazım deyil, bu halda bir çox faydalı maddələr itir. Daha yaxşı üsul: müxtəlif meyvə qurularını yaxşı yuyun, xırda doğrayın, qarışdırın və axşamdan termosda dəmləyin. Səhər isə alınmış dəmləməni için. Bu kompota şəkər yox, bal əlavə etmək daha yaxşıdır.
Göründüyü kimi, quru meyvələr vitaminlərlə zəngindir və uşaqlar üçün faydaları saymaqla bitmir.
"Məktəblinin qidasına diqqət lazımdı”
Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirdi ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:
- Təəssüf ki, bizim orta məktəblərdə çipslər, çubuqlar, cürbəcür hazır qidalar, tərkibi müəmmalı şirniyyatlar, konservantlı və süni rəngləndiricili "meyvə şirələri” hələ də satılır. Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun. Məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Çünki bizdə vətəndaş cəmiyyəti inkişaf etməyib. Vətəndaş cəmiyyəti güclü olduqda nəzarət qurumları da yaranır və bu qurumlar vacib məsələlərin həllində öz sözünü deyə bilir. Türkiyədə fərqli sistem mövcuddur. Orada müstəqil istehsalçılar və ixracatçılar birlikləri fəaliyyət göstərir. İxracatdan əlavə yerli istehlaka da önəm verirlər. Təkcə istehsal və ixraca deyil, yerli səviyyədə istehlaka diqqət ayırırlar. İstehsalçının marağındadır ki, istehsal etdiyi məhsul ölkə daxilində də öz yerini tutsun. Sovet vaxtı orta məktəblərdə ibtidai sinif şagirdlərinə süd paylanırdı. Bunu sovxoz və kolxozlar həyata keçirirdi. Bu iş onlara tapşırılmışdı. İndi kimdi bununla məşğul olan? Hazırkı durumda mən güman etmirəm ki, orta məktəblərdə süd və ya quru meyvə paylasınlar. Bir ara, məktəblilərə süd paylanması məsələsi gündəmə gəldi, lakin bu da öz həllini tapmadı. Biz hələ Bakıda keyfiyyətli içməli su problemini həll etməmişik. Keyfiyyətsiz su xəstəlik mənbəyidir. Belə olan halda quru meyvə "dağıtımından” danışmaq absurddur. Bunun üçün gərək normal vətəndaş cəmiyyəti formalaşmış olsun ki, orta məktəblərə də, məktəblinin qidalanmasına da nəzarət funksiyası icra edilsin.
Məlahət Rzayeva