Təklif:"Bu deputatlar mandatlarından məhrum edilsinlər !"





"Parlamentdə etik normaların pozulmasına tez-tez rast gəlinmir”.

Bu barədə "Sherg.az”a Milli Məclisinin deputatlarının qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə və səsvermə hüququnun şəxsən həyata keçirilməsi qaydasını pozduqda mandatdan məhrum edilməsi haqqında danışarkən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. 

O söyləyib ki, Azərbaycan parlamenti ajiotajlı deyil:

"Yəni parlamentdə sessiyalar hay-küylü aparılmır. Başqa ölkələrə nisbətən müzakirələr daha sakit aparılır. Buna baxmayaraq qaydaların dəyişdirilməsi zərurət yaranıb.

Əslində millət vəkillərinin əhali ilə münasibətində belə qaydaların tətbiq edilməsinin əhəmiyyəti var. Məsələn, elə deputat var ki, seçicilərini qəbul etmir, get-gələ salır. Onlarla münasibətdə kobuddur. Yeni qaydalara o da əlavə olunsun ki, seçicilərinə qayğı göstərməyən və onlarla normal dildə danışmayan deputatlar da mandatlarından məhrum olunsunlar. Millət vəkilləri Milli Məclisin daxilində etik normaları ciddi şəkildə pozmur. Nadir hallarda belə qayda pozuntularına yol verilir”.

Qeyd edək ki, Seçki Məcəlləsinin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə əlavələr edilir. Layihəyə görə, maddənin 3-cü bəndində bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2, 4 və 5-ci bəndləri ilə yanaşı, 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul ediləcək. Deputat MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

Aysel Aslan