Dəhşətli yol qəzasında 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralı xəstəxanaya yerləşdirilib
Tələbələr 1 manatın qurbanı oldular
Bakı-Sumqayıt yolunda hər gün onlarla “kamikadze sürücülər” sərnişin daşıyır
Dəhşətli yol qəzasında 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralı xəstəxanaya yerləşdirilib
Dəhşətli yol qəzasında 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralı xəstəxanaya yerləşdirilib
Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda dəhşətli yol qəzası baş verib.
Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı mikroavtobus Masazır dairəsindəki körpünün üstündə yolun kənarında dayanmış daşla dolu yük maşınına çırpılıb. Nəticədə 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralı xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu da saxlanılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Qəzanın başvermə anı, qəzanın səbəbləri, ölən və yaralıların kimliyi də məlumdur.
Sumqayıt yolunda can verən tələbələr...
Dəhşətli qəzada dünyasını dəyişmiş şəxslər də, yaralılar da Sumqayıt Dövlət Universitetinin tələbələridir.
Sumqayıt Dövlət Universitetindən bildirilib ki, ölənlər aşağıdakı şəxslərdir:
Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vüqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğlu (1997-ci il), Quliyeva Çinarə Azər qızı (1996-cı il).
Qəzada yaralanan 17 nəfər Sumqayıt xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova bildirib ki, yaralılardan biri xəstəxanaya daxil olan kimi dünyasını dəyişib:
"Ümumilikdə 5 ölüm hadisəsi qeydə alınıb. İki nəfərin vəziyyəti ağır olaraq qalır. Sumqayıta yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib. 2 nəfərə isə ambulator yardım göstərilib”.
Qurum rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağır olaraq qalır:
"Hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssislərinin əməkdaşları xəstəxanalara gedib yararlıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər”.
Qəza necə baş verib?
Avtosfer.az saytı Bakı-Sumqayıt yolundakı qəzanın baş verdiyi anın görüntülərini yayıb.
Görüntülərdən məlum olur ki, qəzaya düşən 50-BN-132 dövlət qeydiyyat nişanlı qırmızı rəngli "Ford”un sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Qarşıdakı "Ford”u ötməyə çalışır. Həm də sağdan. Halbuki sağdan ötmə qadağandır. Lakin "Ford-Tranzit”in sürücüsü Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL” markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL”in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford” ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən "Ford” daha sonra sol tətəfdən "ZİL”ə çırpılır.
Məlum olub ki, Namiq Hüseynov uzun illərdir, "Ford” sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.
Hadisə ilə bağlı mikroavtobusun sürücüsü ilə yanaşı "ZİL”in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.
Mikroavtobus universitetin deyil
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli də xəsarət alan tələbələrlə bağlı məlumat verib. N.Cəlilli bildirib ki, tələbələrdən biri ağır kəllə-beyin travması alıb, digərinin çənəsi sınıb, qalanlarının vəziyyəti yaxşıdır. 1-2 günə evə buraxılacaqlar.
N.Cəlilli mikroavtobusun universitetə məxsus olmadığını deyib. Universitet rəsmisi qeyd edib ki, SDU-nun rektoru Elxan Hüseynov, prorektor Natiq Talıbov, həmçinin İcra Hakimiyyətinin nümayəndələri xəstəxanalardadırlar.
Qanunsuz fəaliyyətə göz yumanlar
Qəza törətmiş mikroavtobusun qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, hazırda araşdırma aparıldığını qeyd edib:
"Avtobus "20 Yanvar”-Sumqayıt istiqamətində qeyri-qanuni fəaliyyətdə olub. Ona görə də, proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.
Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib.
Əslində, bu təəccüb doğurmayan açıqlamadır. Onsuz da hamı bilir ki, "20 Yanvar” dairəsindəki mikroavtoubslar qanunsuz fəaliyyət göstərir. Məsələ, qanunsuz fəaliyyətə göz yumulmasındadır. Amma qanunsuzluğa gözlərini qapayanlar heç vaxt məsuliyyətə cəlb olunmur.
Sumqayıt yolu - ölüm vadisi!
2015-ci ilin sentyabrında Sumqayıt yolunda dəhşətli qəza baş vermişdi.
O zaman da qanunsuz fəaliyyət göstərən bir mikroavtobus yol kənarındakı maneəyə çırpılmışdı. Ölən də vardı, qolu, ayağı kəsik-kəsik olan da.
Qanunsuz mikroavtobus fəaliyyəti problemi o zaman da gündəmə gəldi, hətta millət vəkilləri parlamentdə məsələni qaldırdı. Sonra nə oldu?!. Heç nə. Bir müddət keçdi, mikroavtobuslar öz qaydası ilə ölüm yolçuluğuna çıxmağa başladı. "Öz qaydası” deyəndə isə konkret şəxslərə gündəlik haqq ödəyib sərnişin daşınması ilə məşğul olmaq anlaşılmalıdır. Çünki "20 Yanvar” dairəsində vəziyyət məhz belədir. Mikroavtobuslara kimin fəaliyyət göstərməyə icazə verdiyini biz bilə bilmərik. Sadəcə mülahizə yürüdə bilərik. Bilənlərsə bilir. Çünki sürücülərdən haqq alan da onlardır.
Digər bir məqam, Sumqayıta ictimai nəqliyyatın hərəkətinin düzgün tətbiq edilməməsidir. Sumqayıta gedən avtobuslara minmək üçün vətəndaş "20 Yanvar” metrostansiyasının çıxışında hansısa bir avtobusa minib Avtovağzal ərazisinə getməli, orada Sumqayıt avtobusuna minməlidir. Sumqayıt avtobusunda gediş haqqı 50 qəpikdir. İkinci bir avtobusa da 20 qəpik ödəyəndə ümumilikdə 70 qəpik edir. Mikroavtoubslar isə adambaşı 1 manata aparır. Belə olan halda 30 qəpikdən ötrü əlavə vaxt itirib, üstəlik də Avtovağzal kompleksinin içində var-gəl etməkdənsə metronun qarşısında "hazır” dayanmış mikroavtobuslara minməyi üstün tutur. Amma sərnişinlər üçün optimal variant tətbiq edilsə, mikroavtobuslara ehtiyac da qalmaz, insanlarımız da tələf olmaz. Görünür, mikroavtobusların fəaliyyət göstərməsi kimlərəsə sərfəlidir.
"Özbaşınalıq, qanunsuzluq illərdir davam edir”
Qəzanın başvermə səbəbləri bir çox qanunsuzluqlara yol verildiyini ortaya qoyur. Mikroavtobusun qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərməsi, salonda konstruksiyalarla bağlı edilən dəyişikliklər, oturacaqların süni şəkildə artırılması, yol-hərəkəti qaydalarının kobudcasına pozulması.
Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” Hüquq firmasının rəhbəri Ərşad Hüseynov bununla bağlı fikirlərini bildirib:
- Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma onlar sərnişin daşıyır. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma əlavə oturacaqlar düzürlər və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır...
Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir: "Bu, faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. "20 Yanvar” metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir.
Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri.
"20 Yanvar” ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq” edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur”.
Ə.Hüseynov Sherg.az-a açıqlamasında Bakı-Sumqayıt yolunda mikroavtobus "xidməti” göstərən sürücüləri "kamikadze” adlandırıb:
"Həmin miktroavtobusların sürücləri kamikadzeliklə məşğuldurlar. Onlar potensial "kamikadzelərdir”. Yola çıxanda elə bilirlər ki, bu yolu onlar tikiblər və özlərini də "Formula -1” yarışında hiss edirlər. Məqsədləri də nədir? Digər avtobusları bacardıqca tez ötüb keçmək, 1- 2 sərnişin artıq götürmək, 1-2 manat artıq pul qazanmaq. Amma düşünmür ki, özü və onun daşıdığı sərnişinlər ölə bilər. İndi bu qəzanı törədən sürücü sağ qalıbsa, onun taleyi ilə maraqlanın. 1-2 manata görə, 8-9 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Bunu düşünə bilməyən adamdan nə gözləmək olar? Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən sürücüləri hər gün görürəm. Bundan öncə dəfələrlə irad bildirmişəm ki, a kişilər, qəpik-quruşdan ötəri özünüzün və başqasının həyatını riskə atmayın. Camaatın həyatı ilə oynamayın.
Ancaq kimdi əhəmiyyət verən. Öz bildiklərini edirlər və belə ağır qəzalar davam edir. Həmin avtomobillər texniki cəhətdən də nasazdırlar. Sərnişin daşımaq üçün nəzərdə tutulmayıblar. Artıq XXI əsrin ikinci onilliyinin sonuna yaxınlaşırıq. At-araba əsri deyil. Cəmiyyətimizin avtomobil, yol və yol hərəkətinə yanaşması isə at-araba dövründəki kimi qalıb. Düşünürlər ki, Allahın yoludur, biz də bu yolla gedirik də. Düzdü, Allahın yoludur. Amma bu yolla adam kimi getmək lazımdır. Qanunla müəyyən olunmuş qaydalar çərçivəsində getmək gərəkir. Biri-birinə diqqət göstərmək lazımdır. Yollarda "kamikadzelik” etmək olmaz.
Məlahət Rzayeva