
Telefonlar insanları dəli edəcək
Səhər oyanan kimi hamı mobil telefona qaçırPsixi pozuntulardan əziyyət çəkən xəstələrin sayı sürətlə artır

Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov Azərbaycanda təşvişli və panik psixi pozuntulardan əziyyət çəkənlərin sayının artdığını deyib:
F.İsmayılovun sözlərinə görə, əvvəllər təşvişli və panik psixi pozuntulu xəstələrin sayı az olduğu halda, son vaxtlarda belə müraciətlərin sayı artıb: "On il bundan əvvəl bir ildə 3-4 belə xəstə görərdim. Amma indi, demək olar, hər həftə ən azı bir xəstə müraciət edir”.
Mərkəz direktorunun qənaətincə, təşvişli psixi pozuntulardan əziyyət çəkən insanlar özlərində daim emosional gərginlik hiss edir, daim nə isə pis bir hadisənin baş verəcəyini gözləyirlər. Belə xəstələrdə, eyni zamanda təngnəfəsliyin yaranması, ürək döyüntüsünün dəyişməsi, tərləmə halları baş verir: "Panik pozuntulardan əziyyət çəkən insanlarınsa 2-3 dəqiqə ərzində sanki nəfəsləri dayanır: "İnsan həmin an fikirləşir ki, mən ya öləcəyəm, ya da dəli olacağam. 2-3 dəqiqədən sonra bu hal ötüb keçir. Belə xəstələr öz səhhətlərindəki bu narahatlığa görə kardioloq, nevropatoloq və endokrinoloqlara müraciət edirlər. Amma həmin həkimlərin müayinələri zamanı heç bir mənfi hal aşkarlanmır, analizlərin nəticələri normal olur”.
Psixoloq Elnur Rüstəmov da Mərkəzin direktorunun dediklərinin həqiqətə uyğun olduğunu deyib: "Fuad İsmayılov psixologiya sahəsində öz sözünü demiş biridir. O, bu işlərin içindədir və dedikləri tamamilə reallığı əks etdirir.
İstər dünyada gedən proseslər, insanların psixoloji durumu ilə bağlı narahatlıqların artması adi hala çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarında da bu, öz əksini tapıb”.
Psixoloqun sözlərinə görə, bu problemin bu qədər artmasına səbəb informasiyanın çoxluğu, texnologiyanın ifrat inkişafı və insanların internetə meyilliyidir. Bütün bunlar üst-üstə gəlir və insanlarda çox ciddi narahatlıqlar yaradır. İnsanların əksəriyyəti səhər gözünü açan kimi birinci mobil telefona baxır və gecə yatana qədər telefonu əlindən yerə qoymur:
"Çünki mobil telefonlar hazırda internetin funksiyasını yerinə yetirir. Bəzən insan gün ərzində iki dəqiqə o telefonla danışır, ya danışmır. Amma günün 15 saatını telefonla internetə girir, xəbərlər alır, sosial şəbəkələrdə baş verənləri izləyir. İnternetin yaratdığı ən böyük fəsad nədən ibarətdir? İnternet informasiya ötürücüsüdür. Siz internetdə istədiyiniz informasiyanı alırsınız. Nəticədə insan beyni də həddən artıq yüklənir. Bu yüklənmə də insanda narahatlıq, aqressiya, depressiya yaratmaya bilməz. Təbii ki, bu problemlər birdən-birə yaranmır. İnformasiya buna zəmin hazırlayan bir vasitədir. Sonda isə beyin yüklənir və beləliklə də depressiya yaranır. İnsanların depressiyaya düşməsində genetik faktor, fiziki sağlamlıq, ailə-daxili problemlərlə yanaşı, informasiyaların da çox böyük rolu var. Əvvəllər insanların ruh halı ildə bir-iki dəfə, hansısa gözlənilməz hadisə baş verən zaman dəyişirdi. İndi isə insanların əhvalı gün ərzində bir neçə dəfə dəyişir. Bu da təbii ki, onun aldığı informasiyalardan irəli gəlir. Səhər interneti açıb xoş xəbər oxuyur, günorta olmamış ölkədə və ya dünyada baş verən hansısa xoşagəlməz hadisə barədə nəsə oxuyur və avtomatik olaraq həmin adam özünü kədərli hiss edir. Üzü axşama doğru isə tamamilə fərqli bir xəbər alır. Bütün bunlar da onların psixologiyasına mənfi təsir edir”.
Son zamanlar insanların həddindən artıq fərdiləşdiyini vurğulayan psixoloq deyib ki, bu da yadlaşmaya gətirib çıxarır. "Əvvəllər tayfalar, sonra isə yaxın qohumlar yavaş-yavaş biri-birindən uzaqlaşmağa başladılar. Bu gün isə bacılar arasında yadlaşma, qardaşla qardaş arasında soyuqluq yaranıb. Bütün mənəvi bağlar aradan götürülüb və hər kəs özü üçün yaşayır. Bu da son nəticədə psixoloji problemlərlə nəticələnir. Yəni insan son nəticədə özünə sual verir ki, mən niyə yaşayıram, atam-anam uzaqdadır, mən onlarla əlaqə saxlaya bilmirəm, çünki hədəflərim var... İnsan yaşamaq uğrunda mübarizə kontekstində məişət problemlərinin girovuna çevrilib”.
Artıq insanların psixoloji durumu ilə bağlı milli strategiyanın hazırlandığını vurğulayan E.Rüstəmov deyib ki, mövcud problemlərin həlli üçün zaman lazımdır: "Eyni zamanda, Psixi Sağlamlıq Mərkəzində bununla bağlı məlumat bazası da hazırlanır. Artıq əldə olunan məlumatları tədqiqatlara çevirmək lazımdır ki, qabaqlayıcı tədbirlər görə bilək. Bayaq da dediyim kimi, informasiya vasitəsilə yaranan psixoloji gərginliklər birdən-birə özünü büruzə vermir. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələnin qorxusu hələ də insanların canında qalıb. Eləcə də, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi hələ də insanların psixikasına öz mənfi təsirini göstərməkdədir. Ona görə də, bizim insanlar biri-birlərinə qarşı münasibətdə diqqətli olmalıdırlar. Hər şeyə tolerant yanaşıb, kiminsə qəlbinə dəyməkdən, onu incitməkdən uzaq olmalıdırlar”.
Şəymən