Televiziyalarda burun əməliyyatının təbliğatı gedir

Seyran Səxavət: “İmkanımız olsaydı, hamısını yığışdırardıq”Əhməd Qəşəmoğlu: “İnsanın təbii quruluşu bir sirdir və o sirri pozmaq olmaz”
Bu günlərdə millət vəkili Fazil Mustafa ölkəmizdə çəkilmiş və televiziyalarda, radiolarda yayımlanan burun əməliyyatı reklamına etiraz edib. Deputat bu barədə şəxsi feysbuk səhifəsində yazıb: "Bu gün şəhərdə ənənəvi tıxacda əsəbiləşməmək üçün radioda bir proqramdakı reklam marağımı çəkdi. Belə reklama Qrelandiyada, Namibiyada rast gəlməzsiniz.
Məhz Azərbaycanda düşünülə biləcək, məhz bizim brendimiz sayılacaq reklamdır. Deməli, evlənmək vaxtı çatan oğluna ana deyir ki, qonşunun qızı Fəridəni al! Oğlu da arqument gətirir ki, onun burnunun uzunluğunu görmürsən, onunla necə yaşamaq olar? Bu sözlərdən sonra oğlan üç aylığa xaricə gedir. Dönüşdə qonşuda bir qız görür və anasına deyir ki, o qızın gözəlliyinə vurulmuşam, bəs onu mənə almalısan! Anası da izah edir ki, bu, həmin qonşunun qızıdır, sadəcə, sən tanımamısan, filan klinikada burnunu kəsdirib, gözəlləşib. Oğlu deyir ki, bəs o Fəridədən yana ürəyi gedir, dərhal elçiliyə get! Anası da daha maraqlı bir yeniliyi oğluna çatdırır: Artıq qızın adı Fəridə deyil, Firadır! Allah-allah, reklam fantaziyasına bax... Burada üç məntiqi nəticə hasil olur. Birincisi, belə anlaşılır ki, sən demə, klinikada qızın yalnız bir azca burnundan deyil, adından da kəsib götürüblər. İkincisi də, evlənmək üçün əxlaq, təhsil, dünyagörüş önəmli deyil, əsas olan burunun ürəyəyatımlığıdır. Üçüncüsü də, belə reklamın ancaq daxili bazar üçün nəzərdə tutulmasıdır. Bunu hansı ölkəyə daşıyıb aparsan, adamın burnunu estetika ilə deyil, sadə xalq qaydasında yumruqla düzəldərlər. Azərbaycan bazarına tam uyğun bir maldır, ən azı mən də daxil olmaqla, tıxacdan zərərçəkənlərin əsəb əvəzinə, gülümsəməyinə yarayan bir vəsilə oldu”.
Millət vəkilinin fikirləri ilə bağlı "Şərq”ə açıqlama verən ictimai şəxslər də bu cür reklamların yığışdırılmasının tərəfdarıdır. Həqiqətən estetik əməliyyatı təbliğ edən reklamlar kütlənin böyük əksəriyyətinin beyninə "yeridilir”. Nəticədə bu çarxlar cəmiyyətdə qadınların, gənc qızların psixologiyasına təsirsiz ötüşmür.
Televiziyalarda hər zaman xoşagəlməz reklamların verildiyini diqqətə çatdıran sosioloq Əhməd Qəşəmoğlu bu cür yayımların təbliğinin əleyhinədir. O bildirib ki, estetik əməliyyatlarla bağlı reklamlar istər-istəməz qadınların düşüncələrinə təsir göstərir: 
"Reklamlarla bağlı tənqidim çox olub. Məsələn, bizdə "Sobsan” boyalarının reklamı ilə bağlı bir yayım da var. Reklamda bildirilir ki, "Azərbaycanın bir himni, bir gerbi və bir də sobsan boyası var”. Bu nə cür reklamdır, necə təbliğatdır, anlamaq olmur. Ölkəmizdə çox tez-tez belə düşünülməmiş reklamlara rast gəlmək olur. Təbii ki, belə şeylərə yer vermək olduqca yanlışdır.
Reklamdan belə çıxır ki, o xanımın daxili aləmi, savadı yox, görünüşü önəm kəsb edir. Və bu da bizim xanımlarımızın bir qisminə mənfi təsir bağışlayır. Biz çalışmalıyıq ki, cəmiyyətdə mənəvi dəyərlər daha çox ön rol oynasın, nəinki hansısa fiziki və maddi dəyərlər. İstər reklam, istərsə də başqa sahədə insanların diqqətini mənəvi dəyərlərə yönəltmək lazımdır. Mənəvi dəyərlərə arxa çevirmək cəmiyyətdə istənilən sahəyə gərginlik gətirir.
Bu reklamlar bir çox insanları estetik əməliyyata təhrik etmək kimi bir şeydi. Bəlkə burunda çəpər əyriliyi və ya başqa problemlər var, bu zaman əməliyyatların edilməsi başadüşüləndir. Fazil bəyin mövqeyini dəstəkləyirəm və bu cür reklamları yolverilməz hesab edirəm. İnsanın təbii quruluşu bir sirdir və o sirri pozmaq olmaz”.
Yazıçı Seyran Səxavətin fikrincə isə bu gün insanların əksəriyyəti qızın savadına, mədəniyyətinə, xarici görkəminə deyil, onun hansı nəsildən gəldiyinə fikir verirlər: 
"Bir çoxları fikirləşir ki, görəsən qız hansı soyaddandır, kimlərdəndir, nəyi var, nəyi yoxdu?
İkinci bir tərəfdən Fazil bəyin də mövqeyini başa düşdüm, düz fikirdədir. Həqiqətən belə reklamlar olduqca mənasız və lazımsızdır. Bu reklamda burun əməliyyatının təbliğatı gedir. Ümumiyyətlə isə burun əməliyyatı elətdirmək nə qədər artıq və lazımsız bir şeydir. Ölkədə belə reklamlar baş alıb gedir, imkanımız olsaydı, hamısını yığışdırardıq”.
Yeganə Bayramova