Tofiq bəyin evində çay içdilər, amma bu barışıq deyil

Funksionerlər AXCP və Müsavatın yaxınlaşmasının müzakirə olunmadığını iddia edirlər




Uzun müddətdir əsas müxalifət partiyaları hesab olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında münasibətlər dəyişməz olaraq qalmaqdadır. Hər iki partiya çalışdığı qədər üz-üzə gəlməkdən, bir-biri ilə əməkdaşlıq etməkdən boyun qaçırır. Ancaq son günlər atılan bir addım AXCP-Müsavat "düşmənçiliyinin” sona çatması ilə bağlı söz-söhbətin yaranmasına səbəb olub. Belə ki, ötən həftənin şənbə günü Müsavat və AXCP partiyalarının bəzi üzvləri çay süfrəsi arxasında bir araya gəliblər.

Görüşün təşəbbüskarı isə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu olub. Xatırladaq ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra AXCP ilə münasibətlər gərginləşib. Son günlər sosial şəbəkələrdə və mətbuatda iki partiya arasında münasibətlər yenidən gündəmə gəlib. Deyilənə görə, Müsavat başqanı Arif Hacılı AXCP ilə danışıqlar üçün Tofiq Yaqubluya səlahiyyət verib. Amma hər iki partiya rəsmilərinin verdiyi açıqlamalardan aydın olur ki, hələlik Müsavat-AXCP əməkdaşlığından danışmaq çox tezdir. Görüşün iştirakçısı olan Müsavat Partiyası başqanının müavini Elman Fəttah bunun təsadüfən baş tutduğunu, öncədən planlaşdırılmadığını deyib: "Biz Tofiq bəylə bir yerdə olmuşuq, daha sonra onun evinə getmişik. Gözəl Bayramlı, Gültəkin Hacıbəyli və İlham Hüseynli də Tofiq bəyi ziyarətə gəliblər. Burada öncədən planlaşdırılmış siyasi görüş nəzərdə tutulmayıb. Tofiq bəyin evinə mənim və digər qonaqların gəlməsi təsadüf olub. O da ev sahibi kimi, bizi yaxşı qarşılayıb, çay içmişik. Partiyalararası hər hansı bir müzakirəni xatırlamıram. Sadəcə ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar kimi Tofiq bəyin evində bir yerə yığışmışıq. Bu, davamlı ola bilər”. E.Fəttah Tofiq Yaqublunun Müsavatla AXCP arasındakı soyuq münasibətləri yaxşılaşdırmağa çalışdığını bildirib: "Mən bunu təqdir edirəm. Müsavat Partiyası da bu arzudadır. Amma dünənki görüşlə əlaqədar hər hansı siyasi bir müzakirə olması məlumatı yanlışdır”.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn isə barışıq məsələsinin gündəmdə olmadığını deyib: "Hazırda bu məsələ AXCP-də müzakirə mövzusu deyil. Bəzi müsavatçılar Gözəl Bayramlı ilə bir neçə görüş keçirib, çay içiblər. Amma AXCP-də rəsmi səviyyədə bu məsələ qaldırılmayıb. Biz daha vacib məsələlərlə məşğuluq”. "Ağ Blok”un təsisçisi, keçmiş müsavatçı Tural Abbaslı da Tofiq Yaqublunun AXCP ilə Müsavatı barışdırmaq cəhdlərinə münasibət bildirib. O deyib ki, bu partiyaların birləşməsi heç nəyi dəyişməyəcək: "AXCP və Müsavat birləşsə, nə dəyişəcək ki? Onsuz da əksər seçkilərə bu günə kimi birlikdə qatılıblar. Bu partiyalar nəyisə dəyişmək istəyirlərsə, birləşmək barədə deyil, özlərini dəyişmək, yanlış siyasətlərini dəyişmək barədə düşünməlidirlər. Tofiq Yaqublu bu məsələdə səmimi olsa da, tərəflər səmimi deyil. Onların heç biri birləşmək istəmir, sadəcə olaraq imitasiya edirlər”.

İsmayıl