"Tovuz və Qazaxda əhaliyə ciddi ziyan dəyib" - Köməklik göstərilməlidir

Vahid Əhmədov: "Kənd təsərrüfatı məhsullarını sığorta ediblərsə, kompensasiya tələb edə bilərlər. Sığorta olunmayıbsa. yalnız dövlət və müəyyən yerli icra orqanı tərəfindən köməklik göstərilə bilər"


"Regionlarda təbii fəlakətin əhaliyə vurduğu ziyan yalnız sığorta olunubsa, kompensasiya edilə bilər”.

Bunu Sherg.az-a Azərbaycanın Qərb rayonlarına güclü dolu yağması nəticəsində əhaliyə dəyən ziyanın kompensasiyasından danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib. 

O bildirib ki, fermerlər, sahibkarlar əkin sahəsini, kənd təsərrüfatı məhsullarını sığorta edibsə, kompensasiya tələb edə bilər: 

"Sığorta olunmayıbsa. yalnız dövlət və müəyyən yerli icra orqanı tərəfindən köməklik göstərilə bilər. Bunun ikinci yolu yoxdur. Əsas odur ki, sığorta məsələsi çox ciddi müzakirə olunur. Belə ki, bu gün kənd təsərrüfatında belə hadisələr tez-tez baş verdiyinə görə, məhsulların sığortası məsələsi ortaya çıxır.

Aldığım məlumata görə, Tovuz və Qazax rayonlarında dolu yağması nəticəsində əhaliyə daha çox ziyan dəyib. O bölgələrdə isə yerli icra hakimiyyəti orqanları xüsusi komissiyalar dəyən ziyanı araşdırır. İmkan daxilində yerli əhaliyə köməklik göstərilməlidir”.

Qeyd edək ki, ötən gün Qazax rayonun bir neçə kəndi ərazisinə güclü dolu yağması nəticəsində əhalinin əkin sahələri iflic olub. Qazaxdan başqa güclü dolunun Gəncə şəhərinə və digər Qərb rayonlarına da ciddi ziyan vurduğu deyilir.

Aysel Aslan