Tramp bölgəni atəşə atdı

Heç bitməyən müharibələr başlayacaq
Qüdsün İsrailin paytaxtı elan edilməsi ərəb ölkələrinin, bir sıra Avropa dövlətlərinin ciddi təpkisi ilə qarşılanıb



ABŞ prezidenti Donald Tramp özündən əvvəlki Amerika rəhbərlərinin əksinə davranaraq Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Tramp çıxışının əvvəlində bəyan edib ki, prezidentliyə namizədliyini verəndə mövcud problemlərə yeni baxışla baxmağa söz verib. Onun sözlərinə görə, verilən qərar mövcud reallığı qəbul etməkdən başqa bir şey deyil: "ABŞ həm israilliləri, həm də fələstinliləri qane edəcək sülh sazişinin əldə olunması üçün əlindən gələni edəcək”. Gözlənildiyi kimi Trampın qərarı əksər ölkələr tərəfindən hiddətlə qarşılanıb. İlk olaraq Türkiyə və İran, daha sonra bütün ərəb dövlətləri bu qərarı pisləyiblər. Avropa məkanından birinci etiraz edən isə Fransa Prezidenti olub. BMT və Avropa Birliyi başda olmaqla, Almaniya, Fransa, İngiltərə, Çin və digər ölkələr dərhal bəyanat yayaraq, Trampın qərarını tanımadıqlarını rəsmən bildiriblər. Vurğulanıb ki, bu qərar həm beynəlxalq təhlükəsizliyə, həm də BMT-nin qərarına hörmətsizlikdir.


Rəsmi Təl-Əvivdən reaksiya - "Çox cəsur qərardır...”

Donald Trampın Qüdslə bağlı qərarını rəsmi Təl-Əviv alqışlayıb. Bütün dünyanın etirazına baxmayaraq, İsrailin baş naziri Netanyahu buna sevindiklərini və etirazlara biganə qaldıqlarını gizlətməyib. O, Trampın qərarını "çox cəsur qərar” adlandırıb: "Biz buna görə Trampa və Amerika xalqına təşəkkür edirik. Eyni zamanda, İsraildə səfirlikləri olan bütün ölkələri də səfirliklərini Qüdsə köçürməyə çağırırıq”. Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib: "İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir. Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb. Bəzi dövlətlər səfirliklərini ABŞ-dan əvvəl Qüdsə köçürəcəklər”.

ABŞ-dan Fələstinə qarşı daha bir zərbə - 300 milyonluq yardım da kəsildi

Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə paralel olaraq ABŞ hökuməti Fələstinə iqtisadi blokada tətbiq edib. Beləliklə, İsrail tərəfindən cəzalandırılan və ya həbs edilən fələstinli ailələrə ödənilən 300 milyon dollarlıq pul yardımı dayandırılıb. Fələstin hökumətinə isə zərər çəkən ailələrə maliyyə yardımının dayandırılması barədə tələb göndərilib. Qərara şərh verilmədiyi üçün layihə yenidən müzakirə edilməyəcək. Layihənin təsdiq edilməsi üçün ABŞ senatı və prezident tərəfindən imzalanması lazımdır. Maliyyə blokadası Qərbi Şəriə bölgəsində xidmət edən təhlükəsizlik qüvvələrindən başqa, sadəcə Qüds ərazisindəki fələstinlilər üçün nəzərdə tutulub. Yardım layihəsinin Qüdsün paytaxt elan edilməsindən sonra ləğvi diqqət çəkib. Beləliklə, ABŞ Fələstini həm siyasi, həm də iqtisadi blokadaya salıb.

Fələstin ərazisini etiraz aksiyaları bürüdü - ABŞ və İsrail bayraqları yandırıldı

İsrail tərəfindən işğal olunmuş İordaniya çayının Qərb sahilində və Qəzza sektorunda etiraz aksiyaları başlayıb. On minlərlə fələstinli Ramalla, Əl-Xəlil, Vifleyem, Kalkiliya, Tubas, Nablus və İeroxon şəhərlərində küçələrə çıxaraq ABŞ prezidentinin qərarına etiraz ediblər. Kütlə ABŞ və İsrail bayraqlarını yandırıb. Küçə və meydanlarda yığışanlar antiamerika və antiisrail şüarları səsləndiriblər. Fələstinin millətçi və islamçı qüvvələrinin birgə bəyanatında deyilib ki, İordan çayının Qərb sahilinin bütün ərazisində ümummilli tətil olacaq. Bəyanat müəllifləri ABŞ və İsrail əleyhinə etirazları davam etdirməyə çağırıblar. Qəzzada isə Rafah, Cibaliya və "Nuseyrat” qaçqınlar düşərgəsində etiraz aksiyaları keçirilib.

Fələstin liderindən Trampa cavab: "Müharibə başladı”

Fələstin lideri Mahmud Abbas deyib ki, Qüds sülh şəhəridir və Fələstinin paytaxtıdır: "Trampın qərarına qarşılıq verəcəyik. Fələstindəki bütün qruplar vahid mövqe sərgiləməlidir. Bu, İsrailin mükafatlandırılmasıdır. Bu, radikal qruplaşmalara yardım edəcək. Bunlar dini savaş yaratmaq üçün bəhanə axtarırlar. Beynəlxalq səviyyədə heç bitməyən müharibələr başlayacaq”.

Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Trampın Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını elan etməsindən sonra Çexiya da oxşar addım atıb. Bununla bağlı Çexiya Xarici İşlər Nazirliyi bəyanat yayıb: "Çexiya İsrail və Fələstin arasında sülh müqaviləsi imzalanana qədər Qüdsü İsrailin paytaxtı kimi tanıyır”.

Böyük Britaniya Trampa qarşı çıxdı: "Bu qərar faydalı olmayacaq”

Böyük Britaniyanın Baş naziri Tereza Mey bəyan edib ki, İngiltərə Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil: "Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsinə etiraz edirik. Qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Təl-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”.

Azərbaycan XİN: "BMT qətnamələrinə riayət olunmalıdır”

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibət bildirib. O deyib ki, Azərbaycan Qüdsü Fələstin dövlətinin paytaxtı bilməklə münaqişənin sülh yolu ilə həllini dəstəkləyir: "Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.

İƏT-dən ABŞ-ın Qüds qərarına reaksiya

İslam Əməkdaşlıq Təşkilatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyib. Məlumatda qeyd olunub ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib. Təşkilatdan bildirilib ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.

"Donald Tramp böyük səhvə imza atır” - Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın verdiyi qərara görə üzgün olduğunu bildirib. Makron jurnalistlərə açıqlamasında deyib ki, Trampın yeni qərarına görə təəssüflənir. Onun sözlərinə görə, Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıma qərarı düzgün deyil: "Düşünürəm ki, Tramp Amerika tarixində ən böyük səhvə imza atır. Çox təəssüf edirəm ki, o, belə qərar verib. Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması səhv qərardır”.

"Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır”

Moskva hökuməti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanıması və səfirliyi ora köçürməsi qərarından narahat olduğunu bildirib. Rusiya XİN-in məlumatına görə, Vaşinqtonun elanı Moskvada ciddi etirazla qarşılanıb: "İsrail-Fələstin münaqişəsinin ədalətli və etibarlı nizamlanması beynəlxalq hüquqi əsasda həyata keçirilməlidir. ABŞ-ın İsraillə bağlı yeni mövqeyi bütünlükdə regiondakı vəziyyəti risk altına alır. Rusiyanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe uzunmüddətli Fələstin-İsrail münaqişəsinin İsrail dövlətinin beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində həll edilməsini ehtiva edir”.

Ərdoğan: "Ey Tramp, sən neyləmək istəyirsən?”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrailin rəsmi paytaxtı kimi tanımasına sərt reaksiya verib: "Ey Tramp! Sən neyləmək istəyirsən? Trampın açıqlamaları bölgəni atəş içinə salan və qarışdıran açıqlamalardır. Siyasi liderlərin vəzifəsi qarışdırmaq deyil, barışdırmaqdır. ABŞ prezidenti 1980-ci ildə BMT-nin qəbul etdiyi qətnaməni heçə sayıb”.

Hücuma keçin! Fələstin lideri xalqa çağırış edib

Fələstin xalqı Qüdsü və digər işğalda olan torpaqların geri qaytarılması üçün silahlı müqavimət göstərməlidir. Axar.az xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.
"Donald Trampın Qüdsə bağlı son qərarı İsrailə heç bir hüquqi üstünlük vermir. Qüds ərəb-müsəlman və xristian şəhəridir. Qüds Fələstinin əbədi paytaxtı olacaq qalacaq”, - Abbas bildirib.
Qeyd edək ki, dünən Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat vermişdi.
"Trampın Qüdslə bağlı qərarı İsrailin maraqlarına ziddir”

Gözlənilməz qərarla bağlı danışan politoloq Fikrət Sadıqov deyib ki, Trampın qərarı Fələstinlə yanaşı, digər ərəb dövlətlərinə qarşı yönəlib. Onun fikrincə, Qüdsün İsrailin paytaxtı olması Yaxın Şərqdə yeni qalmaqal deməkdir:

"Fələstin rəsmiləri artıq bəyan edib ki, onlar ABŞ-ın vasitəçiliyindən imtina ediblər. Trampın belə qərəzli mövqeyi İsrail-Fələstin probleminə öz mənfi təsirini göstərəcək. Hesab edirəm ki, bu bəyanat Fələstindən başqa digər ərəb dövlətlərinə də zərbədir. Ərəb ölkələri heç vaxt bununla razılaşa bilməzlər. Hətta ABŞ-ın yaxın müttəfiqi Səudiyyə Ərəbistanı belə bəyanatla çıxış edərək qərara etiraz edib”.

F.Sadıqovun sözlərinə görə, Trampın Qüdslə bağlı qərarı hətta İsrailin maraqlarına da ziddir: 
"Ola bilsin ki, Tramp seçkiqabağı kampaniya zamanı yəhudi lobbisinə bu barədə söz verib. Fikrimcə, ABŞ-da yaşayan sağlam düşüncəli yəhudilər anlayırlar ki, bu qərar İsrailin maraqlarına ziddir. Çünki qərar regionda yeni qalmaqla səbəb olacaq, sabitlik pozulacaq. Hətta münaqişə yenidən alovlana bilər. Bir sözlə, Trampın atdığı addım Yaxın Şərqdə stabilliyin bərpa olunmasına zərbə vuracaq. Təsadüfi deyil ki, Qərb dövlətlərinin rəhbərləri Trampa qarşı bəyanatlarla çıxış ediblər. Xüsusilə, Almaniya, Fransa, İngiltərə, Avropa İttifaqının rəsmiləri qərarı pisləyiblər. Onlar hesab edirlər ki, Trampın atdığı addım yanlışdır. Çünki müvəqqəti stabilliyə zərbədir. Görünür, bu reallığı bəzi siyasətçilər ya qəbul etmək istəmirlər, ya da dərk etmirlər”.

İsmayıl