Tramp islam dünyasına sayğılı yanaşmağa başladı

Görəsən, Tramp administrasiyası “dərin dövlət” tərəfindən bu siyasətə məcbur edilir, yoxsa həqiqətən islam aləmi ilə əlaqələri sıxlaşdırmaq niyyətindədir?


ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı islam dünyasının liderləri ilə görüşmək niyyətində olduğunu bəyan edib. Tramp bildirib ki, yaxın günlərdə Səudiyyə Ərəbistanında islam dünyasının liderləri ilə tarixi görüş olacaq: "Səudiyyə Ərəbistanı islamın iki ən müqəddəs məkanını qoruyan bir ölkədir və biz məhz orada müsəlman müttəfiqlərimizlə əməkdaşlığın yeni təməlini qoyacağıq”.

Trampın seçki öncəsi və sonrası verdiyi açıqlamalarda onun müsəlmanları sevmədiyi, islam ölkələri ilə problem yaşadığı görüntüsü yaranırdı. Görəsən, Tramp administrasiyası "dərin dövlət” tərəfindən bu siyasətə məcbur edilir, yoxsa həqiqətən islam aləmi ilə əlaqələri sıxlaşdırmaq niyyətindədir? 

Məsələyə münasibət bildirən politoloq Vasif Əfəndiyev bildirib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərin sensasiyalı və bəzən həlli mümkün görünməyən bəyanatlar verməsi adi hala çevrilmişdi: 

"İndiyə qədər seçilmiş ABŞ prezidentləri erməni genosidinin tanınmasından tutmuş, qonşu ölkə ilə aralarına divar çəkəcəkləri barədə bəyanatlar veriblər. Ancaq nəticə olaraq ABŞ prezidentlərinin ənənəvi siyasi kursdan kənara çıxmasını müşahidə etməmişik. Donald Trampın müsəlmanlara qarşı sərt davranacağı bəyanatları artıq tarixə çevrilməkdədir. Onun ilk xarici səfərini islam ümməti üçün müqəddəs sayılan ocaqların yerləşdiyi bir dövlətə, Səudiyyə Ərəbistanına etməsi donmuş buzların açılmasına xidmət edəcək”. 

Ekspertin sözlərinə görə, əslində Trampın islam dünyasını sevməməsi fikirləri yalnız sözdə idi: "İslam ölkələrinə qarşı heç bir əməli tədbir və sanksiyalar da tətbiq edilməyib. Bundan sonra da belə bir şeyin baş verəcəyi mümkün görünmür. Müsəlman sayılan insanların sayının bir milyard üç yüz milyon civarında olması bir faktdır. İnsanların təmsil olunduğu dövlətlərin təşkil etdiyi birliklər və təşkilatlar dünya siyasətinə və iqtisadiyyatına təsir edə biləcək gücdədirlər. Sözsüz ki, dünya lideri olan bir dövlətin xarici siyasətində bu kriteriyalar çox diqqətlə nəzərə alınır. Böyük karbohidrogen ehtiyatlarına malik olan dövlətlərlə balanslaşdırılmış və xoşniyyətli əlaqələr qurmaq ABŞ siyasətinin ana xəttidir”.
İsmayıl