Tramp prezidentlik müddətini sona qədər icra edəcək

“İkinci müddət prezident seçilməsi üçün isə onun imkanlarının çox aşağı olduğu onsuz da aydındır”





ABŞ Prezidenti Donald Trampın seçki qərargahının sabiq başçısı Pol Manafort və onun biznes ortağı Rik Geyts ev həbsinə göndərilib. Hər iki şəxsin pasportları əllərindən alınıb. Sabiq seçki qərargahı başçısı və onun ortağı 12 maddə üzrə ittiham olunur. Əgər günahı sübut olunarsa, Manafortu 80 il həbs gözləyir.

Açıqlamaya görə, Manafort indiyədək federal vergi qanunvericiliyinin pozuntusu, çirkli pulyuma, xarici lobbiçiliyin açıqlanmaması ittihamları ilə ittiham olunurdu. İttihamlara vergi dələduzluğu da əlavə oluna bilər. Məlumata əsasən, ABŞ kəşfiyyat rəsmiləri yanvarda belə qənaətə gəliblər ki, Rusiya Prezidenti Vladimir Putin ötən il ABŞ-da seçki kampaniyasına "təsir göstərmək” göstərişi verib. Məqsəd ABŞ demokratiyasına inamı sarsıtmaq və Trampın rəqibi Hillari Klintonun nüfuzunu zədələmək olub. Rusiya bu iddiaları rədd edib və Tramp Moskva ilə hər hansı əməkdaşlığa getmədiyini bildirib. Ekspertlər baş verənləri Trampa qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi dəyərləndiriblər. 

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Vasif Əfəndiyev deyib ki, Manafort və onun tərəfdaşı Qeyts barədə qaldırılan cinayət işində əsas ittihamlar dövlət əleyhinə fəaliyyət, çirkli pulların yuyulması və qadağan olunmuş bank əməliyyatların aparılmasıdır. Analitikin sözlərinə görə, "Rus işi” adlanan bu ittihamın əsas hədəfi 2008-2014-cü illərdə Ukraynada baş verən hadisələrlə əlaqədardır: 

"Həmin dövrdə Tramp prezident olmayıb. Bu iki şəxs əsasən Rusiyapərəst Prezident Viktor Yanukoviçin hakimiyyətini dəstəkləmək məqsədi ilə qanunsuz bank əməliyyatları aparmaqda suçlanılır. Artıq məhkəmə onları ev dustaqlığına məhkum edib. Cəzadan qurtulmaq üçün hər ikisinə birlikdə 15 milyon dollar girov ödənilməsi tələb olunur. Manafort və Qeyts onlara qarşı irəli sürülən ittihamları rədd edirlər. Məhkəmədə prosesin asanlıqla keçəcəyini demək olmaz. ABŞ-da sübut olunmayan günaha görə cəza tədbiri seçilmir. 

Əgər bu ittihamları təsdiq edən sübutlar olmasa, sadəcə günahsızlıq prezumpsiyasından istifadə ediləcək. Bu proses Trampın imicinə mənfi təsir etsə də, onun mövqelərində hər hansı dəyişiklik olmayacağı qənaətindəyəm. 

Tramp prezidentlik müddətini sona qədər icra edəcək. İkinci müddət prezident seçilməsi üçün isə onun imkanlarının çox aşağı olduğu onsuz da aydındır. Burada həm də yaş faktoru var”.

İsmayıl