"Tramp pul üçün Rusiya ilə dil tapa biləcək" - Politoloq




"Düşünürəm ki, yaxın vaxtlarda Donald Tramp Rusiya ilə dil tapa biləcək”.

Bunu Sherg.az-a "Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibəti olan Reks Tillersonun ABŞ dövlət katibi seçilməsindən sonra Moskva- Vaşinqton arasındakı əlaqələr inkişaf edəcək" iddiasını şərh edərkən politoloq Rasim Ağayev deyib. 

Onun sözlərinə görə D. Tramp prezidentliyi dövründə Amerikanın digər dövlətlərin daxili işlərinə qarışmayacağını vurğulayıb:

"Bəşəriyyətin 21-ci əsrə qədəm qoyması artıq siyasi sistemlərin dəyişməsinə gətirib çıxarır. Xoşbəxtlik budur ki, həmin proses təsadüfi olmasa da, Amerikada başlayıb. Yeni Amerika prezidenti D. Tramp digər dövlətlərin daxili işlərinə qarışmayacağı barədə vədlər verib. Halbuki II dünya müharibəsindən sonra Amerika və SSRİ kimi iki super dövlətin əsas işi bir-birinin daxili hadisələrinə qarışmaq idi. Kimin irəlidə olması artıq başqa məsələdir. Ona görə də,Moskvada D. Trampın bəyanatına Putindən cavab mesajı gəldi. Cavabda ifadə olunurdu ki, Moskva danışıqlara hazırdır. Düşünürəm ki, Amerika prezidenti pul üçün Rusiya ilə dil tapa biləcək. 

Çünki Hillari Klinton və başqaları əsassız ambisiyalarla danışır, rəqabət yolu ilə gedirdilər. Buna baxmayaraq, Putin yaxşı bilir ki, ABŞ-ın hansı problemləri var və dövlət nə vəziyyətdədir. Ona görə, bu dəyişiklikləri gözləyirdi. Tramp və Putinin münasibətlərində yaxşılaşmanın labüdlüyünü isə başqa məsələ verir. Fikir verdinizsə, D. Tramp prezident seçildikdə Çin Xalq Respublikasının başçısına deyil, Tayvanın liderinə zəng etdi və xoş danışdı. Bu isə Çin üçün açıq mesajdır. Bundan başqa o, ilk çıxışlarında da Çin barədə ciddi danışıb, qeyd etmişdi ki, Çinin malları Amerika iqtisadiyyatının əl-qolunu bağlayıb, böyük ziyan vurur.

Zənnimcə, bütün bunlar onu göstərir ki, Amerika üçün bir neçə cəbhədə mübarizə aparmaq çətin olar. Bu səbəbdən Ağ ev rəhbəri Rusiya məsələləri tezliklə həll etməlidir”.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici işlər naziri postuna təklif etdiyi Reks Tillersonun təyinatı təsdiqlənib. Yeni nazir Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinə görə tənqid edilirdi.

Aysel Aslan