"Onun nə vaxt, harada, nə deyəcəyi planlaşdırılmayıb"
"Belə davranış Donald Tramp üçün də xarakterikdir. Ancaq onun impiçmenti hələ elə ciddi şəkildə aktuallıq qazanmayıb"
Ötən gün CNN telekanalı ABŞ Prezidenti Donald Trampın narahatlıq keçirdiyi səbəbindən impiçment məsələsini məsləhətçiləri ilə müzakirə etdiyini bildirmişdi. Bundan sonra Amerika Prezidenti Donald Tramp deyib ki, əgər ona qarşı impiçment elan etsələr, xalq ayağa qalxacaq: "Heç bir yanlış etməyən və ölkə tarixinin ən böyük iqtisadiyyatını yaradan şəxsi vəzifədən uzaqlaşdırmaq çətin olacaq. Mən narahat deyiləm. Düşünürəm ki, impiçment olsa, insanlar ayağa qalxacaqlar”.
Tramp özünü "heç bir yanlışı olmayan və yeni iqtisadiyyatı quran lider” kimi tərənnüm edir. Ona görə də düşünür ki, xalq arasında nüfuzu və reytinqi kifayət qədər çoxdur. Trampın prezident seçilməsindən sonra impiçment məsələsi tez-tez gündəmə gəlib. Həqiqətənmi Trampın amerikalılar arasında reytinqi onun zənn etdiyi qədər yüksəkdir və xalq ona görə ayağa qalxar?
Ağ Ev rəhbərinin açıqlaması ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, ABŞ-ın müasir tarixində səlahiyyət müddətini başa vurmadan impiçmentlə hakimiyyətdən gedən yeganə prezident Riçard Niksondur. Donald Trampa gəldikdə isə o hakimiyyətə gəldiyi gündən bu məsələ ictimai rəydə dövr etdirilir:
"Gallup” şirkətinin cari il oktyabrın 30-da açıqlanan həftəlik sorğusunda bildirilir ki, Donald Trampın reytinqi 40 faizə qədər enib. Son sorğunun nəticələrinə əsasən, ABŞ liderini amerikalıların 40 faizi dəstəkləyir. Bu, təşkilatçıların bir həftə əvvəl, oktyabrın 21-də keçirilən sorğudakı nəticə ilə müqayisədə 4 faiz azdır. Respondentlərin 54 faizi dövlət başçısının işi ilə bağlı mənfi fikirdədir. Trampın reytinqi daha çox mühacir məsələsi ilə bağlı yürütdüyü siyasətə görə düşüb. O, Respublikaçılar Partiyasının nümayəndəsidir.
Xalqın etirazını bu siyasi qurum təşkil edərsə, o zaman onlar Trampı müdafiə edə bilər. Çünki dünyanın heç bir yerində xalq özbaşına ayağa qalxmır. İstənilən irimiqyaslı aksiyaların təşkilatçıları olur. Əlbəttə, müxalifətdə olan Demokratlar Partiyası da Donald Trampın əleyhinə iş aparmaqdadır. Odur ki, yaxın zamanda Trampa qarşı impiçmentin baş verəcəyi ehtimalı çox azdır. Sadəcə, ABŞ demokratik dövlət sayılır. Onlar siyasi hadisələrdən bu cür şou düzəltməyi bacarırlar”.
Trampın reytinqi ilə bağlı öz açıqlamasına gəlincə isə analitik bildirib ki, daxili istifadə üçün rəy sorğusu keçirilir:
"Ola bilər, ABŞ prezident üçün belə bir sorğu keçirilib və həmin sorğuda onun reytinqi yuxarı çıxıb. Onu da vurğulamaq lazımdır ki, Donald Tramp bəzi məqamlarda Riçard Niksonu xatırladır. Nikson 1969-1974-cü illər arası prezident olub və gözlənilməz hərəkətləri ilə tarixdə qalıb. Onun nə vaxt, harada, nə deyəcəyi planlaşdırılmayıb. Belə davranış Donald Tramp üçün də xarakterikdir. Ancaq onun impiçmenti hələ elə ciddi şəkildə aktuallıq qazanmayıb”.
İsmayıl