“Tramp vədlərini yerinə yetirmədi”

Putin hələ də ABŞ-dan əməkdaşlıq gözləyir




"Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik”. Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Prezident bildirib ki, ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır: "Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır”. Bununla belə, Putin Rusiyanın analoji addım atmaq niyyətində olmadığını qeyd edib.

"Tramp Rusiya ilə bağlı seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”

Rusiya rəhbəri bildirib ki, ABŞ Prezidenti Donald Trampa amerikalılar qiymət verməlidir. Putin ümidvar olduğunu deyib ki, Trampın hələ də Rusiya ilə əlaqələri yaxşılaşdırmaq niyyəti qalır: "Ağ Evin rəhbəri Moskva ilə əməkdaşlıq etmək istəyib və bunu seçkiöncəsi kampaniyası zamanı dəfələrlə bəyan edib. Lakin Tramp seçkiöncəsi vədlərini, o cümlədən Rusiya ilə bağlı vədlərini yerinə yetirə bilmir. Buna səbəb ABŞ daxilindəki məhdudiyyətlərdir. Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsi uydurulmuş məsələdir. Hər cür təması qadağan etmək olmaz. Hər şeydən "xəfiyyəlik” yaratmaq yersizdir”. "Russian Today” telekanalı və "Sputnik” agentliyi ilə bağlı yaranmış vəziyyətə gəldikdə isə Rusiya Prezidenti bildirib ki, sözügedən media qurumları Vaşinqton üçün təhlükəli görünür: "ABŞ KİV-nin böyük həcmdə reklamları olsa da, məhdudiyyətlər Rusiya KİV-nə tətbiq olunur”.

"Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”

Putin deyib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq: "Pxenyanı silah sazişindən çıxmağa Qərb vadar edib. Liviya və İraq məsələsindən sonra Şimali Koreya başqa çıxış yolu görmür və müdafiə olunur. ABŞ təlim keçirməyəcəyini vəd etsə də, sözünün üstündə durmayıb. Bundan sonra Pxenyan raketlərin sınağını keçirib. ABŞ hakimiyyəti Rusiya, Şimali Koreya və İranı eyni sırada görür, eyni zamanda Moskvadan Pxenyan və Tehranla bağlı problemlərin həllini tələb edir. Ümumiyyətlə, siz, normal insanlarsınız?”.

"Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarının üzündə tüpürcəkdir”

Rusiya Prezidenti Vladimir Putin Saakaşvili ilə bağlı yaranmış vəziyyəti ukraynalıların üzündə tüpürcək adlandırıb: "Saakaşvilinin etdikləri gürcü və Ukrayna xalqlarına təhqirdir. Buna necə dözürlər? Məgər, Ukraynada əsl ukraynalı yoxdur? Bunu seyr etmək ağırdır, ürəyim ağrıyır”.

Putin Kiyevi Donbas problemi ilə bağlı birbaşa danışıqlar aparmağa çağırıb

Kreml rəhbəri bəyan edib ki, Donbasda Rusiya ordusu yoxdur. Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var: "Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə etmək olar. Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna Ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər”. Donbas münaqişəsində əsir düşənlərin dəyişdirilməsi məsələsinə toxunan Rusiya lideri qeyd edib ki, bu proses Ukrayna tərəfinin siyahını dəyişdirməsi səbəbindən baş tutmayıb: "Heç olmasa, gəlin bu məsələni Yeni il qabağı həll edək. Rəsmi Kiyev Donetsk və Luqanskla vasitəçilərsiz danışıqlar aparmalıdır. Kiyev Donbasla birbaşa danışmalıdır. Təəssüf ki, Kiyev birbaşa təmaslardan qaçır. Belə məsələlər vasitəçilərlə həll olunmur”.

"Beynəlxalq səylər Suriyanın bərpasına yönəldilməlidir”

Rusiya lideri bəyan edib ki, Moskva suriyalı qaçqınların problemini "ümumi səylər” çərçivəsində həll etməyə hazırdır. Putin Suriyaya səfərindən də danışıb. Bildirib ki, səfər zamanı Rusiya hərbi təyyarələri prezidentin olduğu təyyarədən bir qədər aşağı uçublar: "Məqsəd təyyarənin istilik izini gizlətmək olub”.

İsmayıl