Tramp, yoxsa Klinton?

Qabil Hüseynli: “Hillari Klinton qalib gələcək və ABŞ maraqlarına müvafiq siyasət yürüdəcək”
Elxan Şahinoğlu: “Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır”


ABŞ seçki prosesində meydana çıxan gözlənilməz nəticə dünya mətbuatının gündəmindədir. Respublikaçılar Partiyasından olan milyarder Donald Tramp populist, anti-islamist, irqçi çıxışları ilə bağlı nə qədər tənqid olunsa da, partiyadaxili seçimlərdə qalib gəlib. Demokratlar Partiyasında isə iki güclü rəqib Berni Sanderslə Hillari Klinton finala qalıb və sonda Hillari Klinton qalib ayrılıb. Beləliklə, Amerikada bu ilin noyabrında baş tutacaq əsas seçkilərdə məhz D.Trampla H.Klinton üz-üzə qalacaq. Əlbəttə, ABŞ-da keçiriləcək seçki marafonu Azərbaycan mediasında və cəmiyyətində də diqqətlə izlənilir.

Hər kəsə məlumdur ki, Ağ Evin sahibi olan şəxs təkcə öz ölkəsinin deyil, bir çox hallarda dünyanın taleyini müəyyən edir. Maraqlıdır, dünyanın super-gücünə kim rəhbərlik edəcək?

Sualımızı cavablandıran politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, D.Trampın prezident seçilmək şansı çox azdır: "Amerika kimi nəhəng bir ölkənin taleyini Tramp kimi ağılsıza tapşırmazlar. ABŞ kimi ölkələrdə dərin dövlət deyilən anlayış var. Dərin dövlət hər bir prosesə nəzarət edir. Onlar Amerikanın maraqlarına uyğun siyasət yürüdəcək namizədin prezident seçilməsinə dəstək verəcəklər. Milyonerləri və cəmiyyətin orta təbəqəsini maarifləndirəcəklər. Kimə səs verməyin lazım olduğunu başa salacaqlar. Hesab edirəm ki, H.Klintonun prezident seçilməsi şansı daha yüksəkdir. Amerika mətbuatında respublikaçıların namizədləri olan D.Trampla bağlı çoxsaylı tənqidi məqalələr dərc olunur. Bildirirlər ki, onun prezident seçilməsi Amerika üçün faciə olacaq. Hazırkı Prezident Barak Obama da qeyd edib ki, Trampdan ölkə lideri olmaz. Deyilənləri nəzərə alaraq söyləmək mümkündür ki, ABŞ-da keçiriləcək marafonda yenidən demokratların namizədi olan H.Klinton qalib gələcək və ABŞ maraqlarına müvafiq siyasət yürüdəcək”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da vurğulayıb ki, D.Tramp ekstravaqant namizəddir. Onun Respublikaçılar Partiyasından prezidentliyə namizəd olması belə dünya üçün böyük sürprizdir: "Çünki adətən, ABŞ-da prezidentliyə real namizədlər ya konqresmenlər, ya da qubernatorlar olur. D.Tramp isə heç birindən deyil. Ümumiyyətlə, aktiv siyasətlə qısa müddətdir məşğuldur. Tramp seçkiqabağı çıxışlarında ABŞ-la Meksika arasında divar tikəcəyini, miqrantları ölkəyə buraxmayacağını, Rusiya Prezidenti Vladimir Putinlə dostlaşacağını deyib. Ayrıca onun "müsəlmanların ABŞ-a girişi qadağan olunmalıdır” fikri böyük qalmaqal yaratdı. Bütün bunlar dünyada mənfi reaksiya doğurur”.

Ekspertin sözlərinə görə, D.Trampdan fərqli olaraq H.Klinton tanınan siyasətçidir: "Nyu-York ştatının konqresmeni olub, dövlət katibi vəzifəsində çalışıb. Yəni Trampdan fərqli olaraq xarici siyasətdən başı çıxır. H.Klinton seçicilərinə yerinə yetirilməsi mümkün olmayan vədlər vermir. Baxın, D.Trampdan başqa ABŞ-ı Konqresin qanunları, Dövlət Departamentinin və Pentaqonun təlimatları da idarə edir. Bundan başqa, ABŞ milli və təhlükəsizlik maraqları var ki, Tramp bu amilləri də kənara qoya bilməyəcək. Məsələn, Tramp nə qədər "Putinlə münasibətləri düzəldəcəm” desə də, Ağ Evin yeni sahibi Krımın işğalını arxa plana atıb Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq. Əks halda, bu, ABŞ-ın dünyadakı nüfuzunun itirilməsinə gətirib çıxaracaq. Çünki Krımın işğalına və Donbass separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vacib olduğuna Avropa Birliyini məhz Vaşinqton inandırmışdı. İndi əgər Tramp hər şeyi unudaraq Putinə onun əməllərini bağışlasa, ABŞ ənənəvi müttəfiqi Avropa Birliyinin inamını da itirəcək”.

Politoloqun qənaətincə, Tramp prezident seçilərsə, miqrasiya və vergilər siyasətində vəd etdiyi "inqilabları” həyata keçirə bilməyəcək: "ABŞ-ın nüfuzlu "The Street” dərgisi hesablayıb ki, əgər Trampın miqrasiya siyasətində vəd etdiyi islahatlar yerinə yetirilsə, bu, ABŞ büdcəsinə 400-600 milyard dollara başa gələcək. Trampın vergi siyasətinin həyata keçirilməsi isə 10 il ərzində ölkəni 10 trilyon dollar gəlirdən məhrum edə bilər. Bundan başqa, Konqresin dəstəyi olmadan Tramp heç bir islahat təşəbbüsünü həyata keçirə bilməyəcək. Konqresə respublikaçılar üstünlüyü təşkil etsələr belə, konqresmenlərin böyük əksəriyyətinin Trampın ekstaravaqant islahatlarına dəstək verəcəkləri böyük şübhə doğurur”.

"Azərbaycan üçün hansı yaxşıdır: D.Tramp, yoxsa H.Klinton” sualına gəlincə, politoloq bəyan edib ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti Hillari Klintonun prezidentliyinə müsbət baxır: "Birincisi, H.Klinton birinci ledi, yəni Bill Klintonun həyat yoldaşı olduğu dönəmdən Cənubi Qafqaz haqqında təsəvvürü var. İkincisi, H.Klinton dövlət katibi olduğu vaxt Azərbaycanda səfərdə olub və iki ölkə arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişafı haqqında aydın təsəvvürü formalaşıb. Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyini H.Klinton anlayır. Bütün bu faktorlara görə, H.Klinton Prezident seçilərsə, ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığının davam edəcəyinə inam var”.

Ayyət Əhməd