Aparıcının savadı, verilişin mövzusu həmişə onun üçün önəmli olub
“Tünzalə xanım hər verilişə getmir”
“Tünzalə Ağayeva bir ayda 15 toya gedən müğənni deyil. O, bəstəkar kimi də fəaliyyətindən gəlir qazanan sənətçidir”
Aparıcının savadı, verilişin mövzusu həmişə onun üçün önəmli olub
Aparıcının savadı, verilişin mövzusu həmişə onun üçün önəmli olub
Bu gün hamı Azərbaycan səhnəsində yaşanan durğunluqdan, musiqilərin bəsitliyindən, efirlərə təsadüfi müğənnilərin ayaq açmasından danışır. Hətta sənətdən uzaq oxuyanların efirlərdə at oynadıb, meydan sulaması bəzi müğənniləri efirdən belə uzaqlaşdıra bilib. Əvvəllər efirə getmək, televiziyada görünmək prestij idisə, bu gün efirlərə getməmək, hər verilişdə görünməmək az qala prestij məsələsinə çevrilib.
Bəzi sənətkarlar, keyfiyyətli musiqiyə önəm verən sənətçilər elə prestijlərinə xələl gəlməsin deyə efirlərdə tez-tez görünmək istəmirlər. "İndi prestijli müğənniləri efirlərdə az hallarda görə bilərsiz. Tünzalə Ağayeva kimi sənətçilər prestijlərini qoruyurlar deyə efirlərdə onları görmək çətinləşib” deyən tanınmış şoumen, bəstəkar, aparıcı Murad Arifin bu sözündə əslində həqiqət var. Doğrudan da bu gün özlərinə, sənətlərinə dəyər verən sənətçiləri verilişlərdə görmək asan deyil. Onlar yalnız seçim edərək telekanalların müəyyən verilişlərində görünürlər.
Elə bu suallarımızı Əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarova ünvanladıq.
- Tünzalə xanımla sənətə gələn ilk günlərdən bir yerdə çalışırsız. Doğrudanmı bu gün Tünzalə xanım prestijini düşündüyündən hər verilişə qonaq olmur?
- Tünzalə sənətə, səhnəyə dəyər verən sənətkardı. Bəli, elə verilişlər var ki, mən məsləhət bilmirəm ki, Tünzalə o verilişdə iştirak etsin. Tünzalə özü də hər zaman efirlərə gedərkən seçim edib. Elə verilişlər var ki, həqiqətən biz o verilişdə olmağı düzgün hesab etmirik. Aparıcının savadı, səviyyəsi, dünyagörüşü, verilişin formatı bizə uyğun deyilsə, Tünzalə orda iştirak etmir. Aparıcının savadı, verilişin mövzusu seçim edərkən təbii ki, seçimimizdə rol oynayır. Bundan əlavə, Tünzalənin iş qrafiki də o qədər yoğundu ki, biz hər verilişə getməyə vaxt tapa bilmirik.
- Əsasən nəyə önəm verilir seçim edərkən?
- Seçim edərkən aparıcının savadı və verilişin formatı önəm verdiyimiz məqamdı. Bəzən boş, mənasız, heç bir mənəvi yükü olmayan verilişlərdə iştirak etmək itirilmiş zaman olar. Tünzalənin isə boş işlərə vaxtı, ayıracaq zamanı olmur.
- Azərbaycan estrada səhnəsinin bugünkü durumu sizi qane edirmi?
- Bu gün səhnədə olmaq bəlkə asan görünür. Amma səhnəyə çıxmaq asan ola bilər. Səhnədə durmaq, fərqlənmək, seçilmək isə peşəkarlıq, təcrübə və məsuliyyət tələb edir. Bugünkü gənclikdə o dinamika, o performans zəifdi. Bəlkə var. Amma görünmür.
- Bir çox xarici ölkələrdə layihələr həyata keçirirsiz. Təkliflər gələrkən nələrə önəm verirsiz. Adətən təkliflər necə gəlir?
- Bir çox Avropa ölkələrindən dəvətlər almışıq, işbirliyimiz olub. Təbii ki, burada ilk əvvəl keyfiyyətli musiqidən söhbət gedir. Əgər peşəkar bir sənət ortada varsa, ona maraq olur. Tünzalə qastrol səfərlərində olur, xaricdə bir çox layihələrin həyata keçirilməsi istiqamətində işlərimiz olub. Bütün bunlar zəhmətin və ciddi musiqinin əldə etdiyi uğurdu. Əgər xaricdən qastrol səfərlərinə dəvət alırıqsa, konsertlər veririksə, demək ki, Tünzalə xanımı buna uyğun görürlər. Tünzalə keyfiyyətli musiqi təqdim etdiyi üçün xaricdən dəvətlər, təkliflər çox gəlir. Amma bu o demək deyil ki, bu gün bayağı dediyimiz müğənnilər xaricdə konsert vermirlər. Onların da öz auditoriyaları var.
- Azərbaycan müğənniləri yalnız toydan gəlir əldə edirlər. Bu fikirlə razılaşırsız?
- Bu, danılmaz həqiqətdir. Bəli, bu gün müğənnilərin yeganə gəlir yeri toydu. Heç bir müğənnimiz konsertdən, diskdən pul qazanmayıb.
- Tünzalə toylara az gedən müğənnidir. Yəni toydan dolanmır. Demək olar...
- Bəli, Tünzalə toylara mütəmadi gedən müğənni deyil. Yəni bir ayda 15 toya gedən müğənni deyil. Amma hərdən elə məclislər olur ki, qatılır. Toylardan qazanmır. Razıyam. Amma Tünzalə bəstəkar kimi də fəaliyyətindən gəlir qazanan sənətçidir. Hansısa şirkətlərin, bankların layihələri üçün mahnılar hazırlayır, korparativ sifarişlər olur ki, o layihələr üçün musiqi hazırlayır. Burdan gəlir qazanır. Təbii ki, xarici ölkələrdən gələn qastrol dəvətlərindən də qonorar qazanır. Çox təəssüf ki, bu gəlirlər də elə böyük olmur. Xaricdə populyar müğənnilər disklərdən, konsertlərdən gəlir qazanırlar. Bizdə isə hələki sənətçilərin belə gəlir imkanları məhduddur.
- Konsert verməyə bir çox müğənnilər cəsarət etmir. Tünzalə konsertləri ilə də seçilə bilib...
- Biz demək olar ki, hər il konsert proqramı ilə çıxış edirik. Bəzən il ərzində bir neçə dəfə belə layihələri təqdim edirik. Bu il də bir neçə konsert proqramı nəzərdə tutulub. Mart ayında otellərdən birində Novruz bayramı ilə bağlı konsert proqramı olacaq. Bundan əlavə yayda bir konsert olmalıdır. Payız aylarında isə Heydər Əliyev adına Sarayda Tünzalə Ağayevanın növbəti solo konserti nəzərdə tutulub. Yəni Tünzalə yeniliklərə maraqlı sənətçidir. Kifayətlənməyi sevmir. Bir çox böyük layihələrimiz var ki, onların hazırlıqları gedir.
Tahirə