“İki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə strateji əməkdaşlığın güclənməsi, ən çox işğalçı Ermənistanı narahat edir”
Azərbaycanda səfərdə olan Türkiyənin müdafiə naziri Nurəddin Canikli önəmli açıqlamalar verib. Nazir Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsinin qaçılmaz olduğunu söyləyib. Canikli əminliklə bildirib ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək.
Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlığın mövcud durumundan danışan qonaq bəyan edib ki, Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşiblər. Ona görə də tərəflər müdafiə sənayesi sahəsində səyləri gücləndirməlidir. Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib: "Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Silahlı qüvvələrimiz də vahiddir. Hər kəs bunu bilsin, lazım gələn anda qardaş ölkənin yanında olacağıq”.
Türkiyə müdafiə naziri Caniklinin Bakıdan işğalçı Ermənistana və onun havadarlarına verdiyi mesajı "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Azərbaycan və Türkiyə xaricdən silah asılılığını aradan qaldırmaq üçün hərbi-sənayenin inkişafına xüsusi diqqət yetirirlər. Onun sözlərinə görə, Ankara hərbi təlimatçılar səviyyəsində, ikitərəfli razılaşmalar və müqavilələrin imkan verdiyi digər formatda Azərbaycan ordusunun daha modern hala gəlməsi üçün Bakıya kömək edir:
"Türkiyədən müasir hərbi texnika və döyüş sistemlərinin alınması, xüsusən Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi, getdikcə daha geniş miqyas alacaq birgə hərbi təlimlərin intensivləşməsi prosesi gedir. İkitərəfli münasibətlərdəki bu və digər mühüm nüanslar Türkiyə müdafiə naziri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutmuş yüksək səviyyəli görüşdə də diqqət mərkəzində oldu. Həm türkiyəli nazirin, həm də Azərbaycan Prezidentinin qeyd elədiyi kimi, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə strateji əməkdaşlığın güclənməsi, onların vahid dövlət kimi hərəkət eləməsi təbii ki, ən çox işğalçı Ermənistanı narahat edir. Bu baxımdan, nazirin Bakıda verdiyi bəyanat iki ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələsi kimi qəbul edilə bilər”.
İsmayıl