Türk səfir düşmənlərimizə ismarıc göndərdi

“Azərbaycanın bayrağını endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq”
Milli Məclisin binasında "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfrans keçirilib. Konfrans Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təşkil olunub.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, TürkPA-nın digər üzv ölkələrinin deputatları, səfirləri iştirak ediblər. Z.Əsgərov çıxışında bildirib ki, bu gün Azərbaycan dünyada uğurlu inkişaf yolu ilə gedən ölkə kimi tanınır. Vitse-spiker deyib ki, Azərbaycan son dövrlər iqtisadi böhranın baş verdiyi bir şəraitdə də iqtisadiyyatını inkişaf etdirə bilib: "Azərbaycan dinlərarası münasibətlərdə dünya ölkələrinə nümunə kimi göstərilir. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilib. Hazırda Azərbaycanda vətəndaş və insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır”. Z.Əsgərov Azərbaycanın müstəqilliyinin ilk illərində çətin dövr yaşadığını xatırladıb: "Azərbaycan xalqı çətin sınaqlarla üzləşməklə yanaşı, parçalanmaq təhlükəsini yaşadı. Ölkəmizin müstəqilliyi ulu öndərin hakimiyyətə qayıdışı ilə qorunub saxlanıldı”.
TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov da çıxışında bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan faktiki olaraq yox olmaq təhlükəsi ilə üz-üzə qalıb: "O vaxt ulu öndər Heydər Əliyev olmasaydı, indi Azərbaycan adlı dövlət olmayacaqdı”.
"Türkiyə bütün türkdilli ölkələrə daim dəstək olub və olacaq”
Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul hadisələrində Ankaraya dəstək verən türkdilli dövlətlərə təşəkkür edib. Səfir bildirib ki, 15 iyulda Türkiyə xaricdən və ölkə daxilindən olan xainlərin amansız terror cəhdinə məruz qalıb: "Ölkəmizi xainlərə təslim etməyə çalışdılar. Dövlət çevrilişi cəhdləri ölkəmizə qarşı xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələrin, onların dövlət başçılarının, xüsusilə də Azərbaycan Prezidentinin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarıq. Biz bu yardımları unutmarıq və hər zaman sizi dəstəkləməkdə davam edəcəyik. Türkiyə keçmiş Sovet İttifaqından qurtulan bütün türkdilli ölkələrə daim dəstək olub və həmişə olacaq. Bu gün dünyanın ən böyük bayrağı Bakıda, Bayraq Meydanında dalğalanır. Bu bayraq tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin müstəqillik simvoludur. Bu bayrağı endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq”.
"Qarabağ münaqişəsi regionun ən ağrılı problemidir”
Erkan Özoral bildirib ki, indi regionda Azərbaycanın sağalmaz yarası olan Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problemdir: "Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması münaqişənin həllinə başlıca maneədir. Problemin tezliklə həlli region üçün vacib amildir”.
İsmayıl