Tofiq Abbasov: " Ancaq bu şərti Ermənistan qəbul etmək istəmir. Ermənistan və havadarları çalışır ki, Türkiyəni yumşaltsınlar "
"Ermənistan Türkiyə ilə imzaladığı protokolların yerinə yetirilməsində çox maraqlıdır”.
Bunu "Sherg.az”a Ermənistanın Türkiyə ilə başlanan normallaşma prosesi zamanı, 2009-cu ilin oktyabrında imzalanmış protokolların ləğv edilməsindən danışarkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Türkiyə Ermənistanın qarşısında qoşunlarını Azərbaycan torpaqlarından çıxarmaq şərti qoyub:
"Qarabağ problemi dialoq vasitəsilə həllini tapsa, Türkiyə Ermənistanla münasibətləri bərpa etməyə hazırdır. Ancaq bu şərti də Ermənistan qəti qəbul etmək istəmir. Ermənistan və havadarları çalışır ki, Türkiyəni yumşaltsınlar. Onlar Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə ilə əlaqələr qurmağa çalışırlar. Belə cəhdlər olmuşdu.
Sürih protokollarının meydana gəlməsi separatçılığın nəticəsidir. Azərbaycan da bu məsələdə qətiyyətli mövqe tutduğundan Türkiyə anlayır ki, Ermənistan Türkiyə barışıq məsələsini paket şəklində Qarabağ münaqişəsi ilə əlaqələndirmək lazımdır. Yəni münaqişə həll olunarsa, bu, iki dövlət arasında sərhədlər ancaq onda açılar".
Ermənistanın zaman-zaman Türkiyə ilə əlaqələri münaqişə həll olunmadan bərpa etməyə çalışdığını söyləyən politoloq bəyan edib ki, bu dövlətin məlum istiqamətdəki bütün cəhdləri boşa çıxıb:"Ermənistan gördü ki, nə qədər Türkiyənin qapısını döysə də, Türkiyə açmır. Bütün güclərini itirdikdən sonra erməni radikal qüvvələri həmin protokolları parlament komissiyasına qaytarmaq istəyirlər. S. Sarkisyan isə onları reanimasiya etməyə çalışır. Bu alınmadıqda radikallar təkidlə protokolları arxivə ötürür. Ona görə, radikal qüvvələr, "Daşnaksütyun” partiyası Türkiyə ilə barışığın qəti əleyhinədirlər.
Problemin Ermənistanın istədiyi tərzdə həlli mümkünsüzdür. Qüds məsələsində də eyni vəziyyət təkrarlanır. Qərb, sionizm hərəkatının havadarları Fələstinin haqqını yeməyə çalışırlar. Qarabağ məsələsində də eyni vəziyyət hökm sürür. Bütün bu problemləri ədalətli şəkildə həll etmək lazımdır”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkənin 2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağını deyib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan sentyabrda BMT Baş Assambleyasının tribunasından bildirdi ki, Ermənistan protokolları ləğv edəcək, çünki onların həyata keçirilməsində tərəqqi yoxdur.
Aysel Aslan