Türkiyə İŞİD-i yer üzündən siləcək
Suriyada 93 hədəf vurulub, kəndlər bir-bir işğaldan azad olunur
Türkiyə Silahlı Qüvvələrinin artilleriya və aviasiyasının Suriyada əməliyyatları davam edir. Ötən gün gecədən Türkiyə ərazisindən açılan top atəşləri ilə Cerablusdakı 70 hədəf dağıdılıb. Daha 12 hədəf isə F-16 təyyarələri tərəfindən vurulub. Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar və digər komandirlər hərbi qərargah mərkəzində əməliyyatı izləyiblər. Türkiyə ordusunun Cerablusun İŞİD-dən təmizlənməsi istiqamətində apardığı əməliyyatın kod adı "Fırat qalxanı”dır. Suriyanın Cerablus rayonunda tanklarla keçən türk hərbçiləri ərəb və türkmənlər tərəfindən qarşılanıb.
İŞİD-dən azad olunan kəndlər türkmənlərə verilir
Türkiyə Silahlı Qüvvələri Cerablus bölgəsində 4 kəndi İŞİD-dən azad edib. Atışmalarda 46 terroçu öldürülüb. Öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi İŞİD-dən geri alınıb. Son xəbərlərə görə, Elvaniyə və Güğüncük kəndləri də terrorçulardan təmizlənib. İŞİD-in bomba yüklü 3 avtomobili də top atışları ilə məhv edilib.
"Türkiyəni diz çökdürə bilməyəcəksiniz”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyadan ölkəmizə qarşı hücumlara artıq son qoyulmalıdır: "Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir”. Prezident bildirib ki, Qaziantepdəki son terror hücumu səbr kasasını daşdırıb: "Türkiyəyə hücumlar işi bu nöqtəyə gətirdi. Bəziləri meydan oxuyur ki, Türkiyə Suriyaya daxil olsa, pis olacaq. Türkiyəyə qarşı təhdid yaradanlar kimliyindən asılı olmayaraq, ordumuz, polisimiz tərəfindən məhv ediləcək.
Qaziantepdə 53 vətəndaşımızın şəhid edilməsinin əvəzini ağır ödəyəcəklər. PKK-nı, İŞİD-i üzərimizə salanlar bu oyunun pozulduğunu görəcəklər. Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz”.
"İŞİD terror təşkilatını siləcəyik”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azad Suriya Ordusunun da əməliyyatlarda iştirak etdiyini deyib: "Türkiyənin cənubundan İŞİD terror qruplaşmasını siləcəyik. Çünki Ankaradakı son 2 terroru həyata keçirənlər Suriyadakı PKK düşərgələrindən gəlib. Salih Müslüm, PKK-nın Suriya qolu niyə narahat olur? Bu narahatlıq indiyə qədər Türkiyənin dost dövlətlərə anlatdıqlarının haqlı olduğunu göstərir. PYD-nin məqsədi Suriyanı parçalamaqdır. Terrorçu qüvvələri Fərat çayının şərqinə keçməməlidir”. Çavuşoğlu deyib ki, Türkiyənin məqsədi ölkəyə qarşı təhdidləri aradan qaldırmaqdır: "Bu gün PYD, PKK getdikləri hər yerdə başqa etnik qrupları köçməyə məcbur edir. Bizim İŞİD-dən azad etdiyimiz ərazilərdən isə heç kim köçürülməyəcək, kimlər yaşayıbsa, orada yaşamağa davam edəcək”.
"Cerablus əməliyyatında İncirlik bazasından istifadə olundu”
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş "Fırat qalxanı” əməliyyatında İncirlik hərbi bazasından istifadə olunduğunu bəyan edib. Kurtulmuş nəticəsi olan, effektiv və qısamüddətli bir əməliyyat hazırlığında olduqlarını deyib. Baş nazirin müavini Cerablus əməliyyatına beynəlxalq koalisiya və qurumlarla razılaşma əsasında start verildiyini xatırladıb: "Beynəlxalq hüquqa zidd bir hərbi əməliyyat aparmamışıq. Məqsədimiz Türkiyənin beynəlxalq təhlükəsizliyini təmin etmək, Suriyanın ərazi bütövlüyünə dəstək verməkdir”.
Suriyadakı əməliyyatlar nə vaxt başa çatacaq?
Türkiyənin daxili işlər naziri Əfqan Ala Cerablus bölgəsində aparılan antiterror əməliyyatlarının Türkiyəyə qarşı təhdidlər aradan qalxana qədər davam edəcəyini bildirib. Nazir türk ordusunun Suriyada 93 hədəfi vurduğunu bəyan edib. Ala deyib ki, terror təşkilatlarının Türkiyəni təhdid etməsinə imkan verilməyəcək: "Suriyanın bu bölgəsi Türkiyəyə qarşı açıq təhlükədir”.
ABŞ terrorçulara görə Ankaranı ittiham etdi
ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner Türkiyənin YPG və İŞİD hədəflərini vurmasına münasibət bildirib. Toner Türkiyə ordusunun terrorçuları bombalamasında təzyiqin yüksəlməməsi üçün çalışacaqlarını deyib. Departament rəsmisi Türkiyə hökumətinin nümayəndələri və Suriya Demokratik Güclərin üzvləri ilə müzakirələr apardıqlarını söyləyib: "Biz danışıqlar zamanı hər iki tərəfə burada əsl düşmənin İŞİD olduğunu xatırlatmağa çalışırıq”.
Suriyadan Türkiyəyə etiraz: "Suverenliyimizi pozursuz”
Suriya Xarici İşlər Nazirliyi Türkiyənin Cerablus rayonuna girməsini ölkə suverenliyinin pozulması kimi qiymətləndirib. Suriya dövlət televiziyasının xəbərinə görə, nazirlik Suriya sərhədi daxilində aparılan antiterror əməliyyatlarının Dəməşq hökuməti ilə koordinasiya edilərək aparılmalı olduğuna diqqət çəkib. Xarici İşlər Nazirliyi Ankaranı İŞİD-in yerinə digər "terror təşkilatları”nı qoymaqda ittiham edib.
İsmayıl