Ekspert hesab edir ki, qadağanın götürülməsi Azərbaycanın ixracatına təsirsiz ötüşməyəcək
Rusiya Türkiyədən məhsul idxalına qadağa qoyduğu zaman bu prosesin Azərbaycan üçün sərfəli olduğuna dair rəy formalaşmışdı. Yəni ki, türk məhsulları Rusiya bazarlarına buraxılmayacağı halda bu boşluğu azərbaycanlı sahibkarlar və fermerlər dolduracaq. Əslində səslənən fikirlər reallığa uyğun idi.
Ötən bu müddət arzində Türkiyə məhsullarına qoyulan embarqodan xeyli sayda azərbaycanlı biznesmen faydalanaraq əlavə gəlir əldə edə bilib. Amma artıq "əfsanə geri dönür”. Yəni mayın 3-də Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüş çərçivəsində qarşılıqlı xidmət ticarəti və investisiya müqavilələrinin tamamlanması məsələsində razılaşma əldə olunub. Türkiyədən məhsul idxalına qoyulan qadağanın aradan qaldırılacağı bəyan edilib.
Türkiyə və Rusiya Prezidentləri arasında əldə olunan bu razılaşma isə cəmiyətdə belə bir fikir formalaşdırıb ki, Azərbaycan məhsulları Rusiya bazarında yenidən ikinci plana keçəcək və bu da şübhəsiz ki, ixracata mənfi təsir edəcək.
Azərbaycan-Türkiyə biznes-forumunda iştirak edən Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan isə Rusiyanın türk məhsullarına qarşı sanksiyaları ləğv etməsinin Azərbaycan ixracatına təsir etməyəcəyini deyib.
Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr də verdi: "Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək”.
Azərbaycanın illik ixracının təxminən bir milyard dollar olduğunu vurğulayan İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu məbləğin 60 faizi aqrar məhsulların payına düşür:
"Aqrar məhsulların 90 faizi isə Rusiya bazarına yönəldilir. Bu isə o deməkdir ki, Azərbaycan Rusiyaya ixrac etdiyi aqrar məhsullardan təxminən yarım milyard gəlir əldə edir. Azərbaycan üçün bu məbləğ qeyri-neft sektoru baxımdan böyük məbləğ olsa da, Rusiya bazarındakı pay baxımından elə də böyük rəqəm deyil. Rusiya bazarlarında aqrar məhsullara olan tələbat daha yüksəkdir”.
Ekspertin sözlərinə görə, Türkiyənin bu bazardan çəkilməsi və onların istehsal etdiyi mallara sanksiyaların qoyulması azərbaycanlı sahibkarlar və fermerlər üçün yeni imkanların açılmasına səbəb oldu.
Türk mallarının Rusiya bazarlarına çıxışına qadağa qoyulduğu halda həmin boşluğu bizim məhsullar doldurdu və sahibkarlarımız bazarlara daha rahat çıxış imkanları əldə etdilər”.
Qadağaların götürülməsinin Azərbaycanın ixracatına təsirsiz ötüşməyəcəyini qeyd edən iqtisadçı bu prosesin elə bir ciddi dəyişikliklərə səbəb olmayacağını deyib: "Nisbətən ucuz kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daxil olması fonunda Azərbaycan sahibkarları rəqabət aparmalı olacaq”.
Şəymən