Ekspertlər hesab edir ki, hər iki ölkəyə beynəlxalq təzyiqlər olduğu üçün bu müttəfiqliyi təbii qarşılamaq lazımd
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlar saat yarımdan çox davam edib. Danışıqların əsas mövzuları Suriyadakı vəziyyət, xüsusən, bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə ordularının birgə fəaliyyəti, eyni zamanda İraqın kürd muxtariyyətində baş tutan müstəqillik referendumu olub.
Həmçinin liderlər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini də müzakirə ediblər. Bununla yanaşı, "Türk axını” qaz kəməri, "Akkuyu” AES-nin tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələləri gündəmə gəlib. Putin danışıqları konstruktiv adlandıraraq Türkiyə Prezidentinə təşəkkür edib: "Çox konstruktiv iş görüşməsinə görə cənab prezidentə və bütün türk həmkarlarımıza təşəkkür edirəm. Güman edirəm ki, görüş çox faydalı və olduqca məhsuldar oldu”. Rusiya Prezidentinin sözlərinə görə, görüşün əsas mövzularından biri kürd referendum və regiondakı vəziyyət olub: "İraqda keçirilən müstəqillik referendumunu müzakirə etdik. Rusiyanın prinsipial mövqeyi məlumdur. Mövqeyimiz XİN-in bəyanatında əksini tapıb”. Öz növbəsində Ərdoğan da hər iki tərəfin İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. Türkiyə lideri kürd referendumunu böyük səhv adlandırıb: "Bu gün Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün saxlanılması fikrində uzlaşdıq. Referendumun heç bir legitimliyi yoxdur. Bərzani böyük səhvə yol verdi. Regionumuzu alova atmağa heç kəsin haqqı yoxdur”.
Liderlərin səmimi görüşü və müzakirə olunan məsələlərlə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyə ilə Rusiyanı hazırkı şəraitdə bölgədəki vəziyyət, iqtisadi maraqlar, perspektivdə hər iki ölkənin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edən məsələlər birləşdirir:
"Moskva PKK-nı terrorçu kimi tanımadığı, onun Suriyadakı qolu olan "PYD”yə Rusiyada nümayəndəlik açmağa icazə verdiyi halda İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə keçirilən "referendumun” nəticələrini qeyri-qanuni sayır. Yəni Suriya və İraqın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Bununla Rusiya beynəlxalq aləmdə özünü dövlətlərin ərazi bütövlüyünə hörmət etmiş kimi göstərir. Çünki Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün pozulmasında birbaşa iştirakdan sonra Kreml dünya ictimaiyyəti tərəfindən təcavüzkar olaraq tanınır. Məhz bunlara görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Bu isə Moskvaya bazarların itirilməsi, nüfuzunun düşməsi deməkdir”.
Ekspert bildirib ki, Türkiyəyə də Qərb bloku tərəfdən müxtəlif siyasi, hərbi təzyiqlər edilir:
"Bu kimi amillərə əsasən, onların müttəfiqliyini təbii qarşılamaq olar. Bir tapmacada soruşurlar:
"Siçanın ömrü nə qədərdir”, cavab verirlər: "Pişik onu yeyənədək”. Ona görə ehtimal etmək olar ki, bu münasibətlərin ömrü təzyiqlərin müddətindən daha çox asılıdır. İki ölkə arasında razılaşması mümkün olmayan əsas məsələlərdən biri də Azərbaycan torpaqlarının işğalçıdan təmizlənməsidir. Ankara bildirir ki, torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Rusiya isə nə işğalçının kim olduğunu deyir, nə də bu istiqamətdə əməli addım atmağa meyilli görünür. Bundan başqa Krım türklərinin taleyi məsələsi də razılığa gəlinəsi çətin olan məsələlərdən sayılır. Suriyadakı Bəşər Əsəd rejiminə münasibətdə də Moskva ilə Ankara bir-biri razılaşmır. Rusiya erməni "soyqırımını” tanıyan dövlətlərdəndir. Ermənistana münasibətdə Türkiyə ilə Rusiya fərqli mövqelərdirlər”.
İsmayıl