“ABŞ səfirliyinin xəbərdarlığı o mənaya gəlməli deyil ki, konkret olaraq terror hadisəsi baş verəcək”
İstanbulda 1 ay müddətinə mitinq, yürüş və s. kimi tədbirlərinin keçirilməsinə qadağa qoyulub. Bu barədə İstanbul Valiliyi göstəriş verib. Qurumdan verilən məlumata görə, Türkiyədə baş verən terror aktları, bölgələrdə PPK-ya və digər terrorçulara qarşı aparılan əməliyyatlara görə, mitinq, yürüş, mətbuat konfransları və s. kimi tədbirlər qadağan edilib.
Bir aylıq müddətin isə martın 15-dən bəri başladığı qeyd olunur. Aprelin 15-də isə məsələyə yenidən baxıla bilər. Bu arada qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (SecDef) Türkiyədə xidmət edən bütün amerikalı əsgər ailələrini təhlükəsizlik səbəblərindən ölkəni tərk etməyə çağırıb. Nazirliyin Almaniyadakı mərkəzindən verilən açıqlamada bildirilir ki, SecDef ABŞ dövlət katibliyi ilə birlikdə Türkiyədə olan əsgər ailələriylə bağlı məsələni son vaxtlar xüsusilə diqqətdə saxlayır. "İncirlik” hərbi hava bazası daxil olmaqla, Adana, İzmir və Muğladakı hərbi personal ailələrinin Türkiyəni tərk etmələri barədə qərar verilib. Bunun səbəbi bölgədə təhlükəsizliklə bağlı olan narahatlıqlardır”.
Prosesi dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, məlumatlar var ki, DAİŞ-lə bağlı terrorçular Amerika vətəndaşlarıdırlar və Ərdoğana qarşı hansısa terror aksiyası həyata keçirə bilərlər: "Amma bunun Türkiyəyə qarşı təzyiq elementi olması da mümkündür. Türkiyə ABŞ-dan tələb edir ki, PKK-nın Suriyadakı qolunu da terrorçu təşkilat kimi tanısın. Amerika isə razılaşmır. Əksinə, onlara inqilabçı damğası vurur. PKK-ya dəstək verir. Bu gün PKK-nın əlində Rusiya silahları ilə yanaşı, ABŞ silahları da var. Ona görə də Türkiyə öz vətəndaşlarını qorumağa çalışır. Digər yandan Türkiyəyə inamı azaltmaq istəyirlər. Belə qərarlar, çağırışlar turistləri də qorxudur. Yəqin ki, bu il qardaş ölkəyə turist axını xeyli azalacaq”.
Politoloq Fərhad Mehdiyev də bildirib ki, Türkiyədə terror təhlükəsi hələ də davam edir: "Görünən tədbirlər isə baş verə biləcək hadisələrin qarşısının alınmasına yönəlib. Amma onu da nəzərə almaq lazımdır ki, ABŞ səfirliyinin xəbərdarlığı o mənaya gəlməli deyil ki, konkret olaraq terror hadisəsi baş verəcək. Tədbirlərə gəlincə deyim, heç də bütün tədbirlər ləğv edilməyib. O baxır harada hansı tədbiri təxirə salırlar. Amma elə toplantılar var ki, bu, hazırda da davam edir. Ona qadağa qoyulmayıb”.
Ayyət Əhməd