"Türkiyə vətəndaşlarının bunu etməsi təəssüf doğurur" - Qürurumuza toxunurlar

İlqar Altay: "Ermənistan tərəfdən Dağlıq Qarabağa keçməklə qəsdən siyasi məqsəd güdürlər"


"Dağlıq Qarabağ Azərbaycanın halal ərazisidir, dünya bunu belə də tanıyır”.

Bunu "Sherg.az”a Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılmasına münasibət bildirərkən hüquqşünas İlqar Altay deyib. 

O bildirib ki, Dağlıq Qarabağa başqa ərazidən girmək ölkəmizin qanunlarını pozmaqdır:

"Və burada cinayət tərkibi yaradır. Təbii ki, bizim hüquq mühafizə orqanlarının da borcudur ki, hər dəfə kimsə oraya bu cür daxil olanda cinayət təqibi başlatsın.

İctimai şəxs kimi deyə bilərəm ki, qanunsuzluq daha dərindən və uzaqdan başlayır. Separatçı ermənilərin Qarabağa yiyələnməsi, Ermənistan tərəfindən bunun təşkili, böyük dövlətlər tərəfindən buna havadarlıq edilməsi Qarabağın de-fakto olsa da, bizdən hələlik qoparılmasına gətirib çıxarıb. İndi həmin əraziyə gələnlər də bir neçə variant - motiv və məqsədlə bunu edirlər. Ermənistan tərəfdən Dağlıq Qarabağa keçməklə qəsdən siyasi məqsəd güdürlər. Qarabağın guya erməni ərazisi olduğunu göstərmək, bizi təxribata çəkmək ya aşağılamaq, qıcıqlandırıb, baş ağrısı yaratmaq məqsədi ilə belə addımlar atırlar. O Lapşin kimi”.

İ.Altay deyib ki, öz qazancı, mənfeyi xatirinə bunu edənlər də olur:

"Tutaq ki, müğənnidir ya da ki, biznesmendir. Düşünür ki, Bakıdan rəsmi icazə alsa da, Dağlıq Qarabağa Ağdamdan girə bilməz, giriş Ermənistan tərəfdəndir. Sadəcə qardaş Türkiyə vətəndaşlarının bunu etməsi təəssüf doğurur. Bilərək ki, qardaş Azərbaycanın ərazi bütövlüyünə, onun qürur və mənliyinə toxunur.

Bu yöndə reallığı nəzərə almalıyıq. Hüquq mühafizə orqanları qanuni şəkildə cinayət təqiblerini aparmalıdır. Amma hər dəfə bunu qınaq etsək də, ictimai təlatüm yarana biləcək qədər dərin emosiyaya düşməyək, stress, əsəb xərcləməyək. Çünki bu, bir deyil, iki deyil. Belə hadisələrin, yəni Dağlıq Qarabağa giriş-çıxışın qarşısını almaq praktiki olaraq mümkün deyil. Bundansa, stressi kənara qoyub, enerjini toplayıb, Qarabağımızın necə alınmasına xərcləyək. Nəticədə yaramaz işğalçı ermənini oradan iti qovan kimi qovaq. İnanıram ki, bu vaxt gələcək”.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Aysel Aslan