Bəziləri Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər
İqtisadçı Qadir İbrahimli feysbuk hesabında Türkiyədə təhsillə bağlı maraqlı məsələyə toxunub. Ekspert Türkiyə ali təhsil müəssisələrinə daxil olmağa hazırlaşan Azərbaycan abituriyentlərinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak etmələrinin anlaşılmaz olduğunu yazıb:
«Özü də o halda ki, DİM-dəki imtahanların nəticələri Türkiyə ali məktəblərinə qəbulda heç bir əlavə dividend vəd etmir, hətta sıfır bal toplasan belə, Türkiyə universitetlərinə qəbulda topladığın bal əsas götürülür. Digər məntiqə sığmayan şərt - Türkiyənin ən nüfuzlu universitetini bitirsən belə, DİM imtahanında ən azı 200 bal yığmadığına görə Azərbaycanda ixtisasın üzrə işləyə bilməzsən.
Düzdür, 200 bal yığmaq problem deyil, ancaq belə mənasız şərtə nə ehtiyac var? Türkiyədə ali məktəbə qəbulda riyaziyyat və məntiqdən imtahan verirlər.
Azərbaycanda isə fərqli sistemdir - yəni hər qrupun öz imtahanları var. Türkiyədə oxumaq istəyən abituriyent təbii ki, bu ölkənin qaydalarına uyğun hazırlaşır. Nəyə görə abituriyent eyni vaxtda həm Türkiyə, həm də Azərbaycan variantına görə imtahanlara cəlb edilməlidir. Abituriyentin izafi yüklənməsi kimə və nəyə lazımdır?»
Qeyd edək ki, Q.İbrahimlinin gündəmə gətirdiyi məsələyə DİM-in mətbuat xidmətinin cavabı bu olub ki, Dövlət İmtahan Mərkəzi xaricdə təhsil məsələləri ilə məşğul olmur. Bu məsələ Təhsil Nazirliyinin səlahiyyətindədir.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 minə yaxın olduğunu bildirib:
- Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır.
Xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burda ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur.
İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər.
Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı ilə 40 minə yaxındır.
Bu il də gedənlərin sayı əvvəlki illərdən az olmadı, minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu, gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək.
Azərbaycan dövləti tərəfindən həyata keçirilən xaricdə təhsil dövlət proqramı başa çatandan sonra xarici dövlətlər və onların ali təhsil müəssisələri tərəfindən tələbələrin cəlbi prosesi başlayıb.
Əlbəttə ki, bu kimi proqramlar iki ölkə arasında bağlanmış müqavilələr əsasında tənzimlənir. Universitetlər bu yolla öz reytinqlərini artıraraq, gələcəkdə həmin ölkələrdə vətəndaşların öz vəsaitləri hesabına tələbə cəlbinə təsir göstərməkdə maraqlı olurlar.
Amma düşünürəm ki, hansısa bal məhdudiyyəti ilə xarici ölkələrə tələbələrin gedişinin qarşısının alınması onların təhsil almaq hüququnun məhdudlaşdırılmasıdır ki, bu da doğru addım deyil.
Məlahət Rzayeva