Türkiyəm, başımız sağ olsun!

Terror aktı Azərbaycanı da matəmə bürüdü
Dünən Azərbaycanda Türkiyəyə dəstək aksiyası keçirilib. İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı ilə əlaqədar iyunun 29-da çoxlu sayda Azərbaycan vətəndaşı Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşıblar. Aksiya iştirakçıları qardaş ölkənin dərdinə şərik olub, ölənlərin xatirəsinə ehtiramlarını bildiriblər. Həlak olanların xatirəsinə hörmət əlaməti olaraq burada qərənfillər düzüb, əklillər qoyublar.
Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini söyləyiblər. Terroru lənətləyib, ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar səsləndiriblər. Tədbir iştirakçıları terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu qeyd ediblər.
Bundan başqa, sosial şəbəkələrdə də azərbaycanlı millət vəkilləri, siyasilər və bir sözlə, tanınmışlar Türkiyədəki terrordan kədərləndiklərini ifadə ediblər. Məsələn, Milli Məclisin üzvü Sahib Alıyev qardaş ölkədə yaşanan terraktdan çox üzüldüyünü deyib: "Terroru kəskin pisləyirəm. Terrorçulara lənət olsun. Amma əslində bu qəbildən olayları kimlərin törətdiklərini bilmək üçün terror baş verən ölkənin güc strukturlarının açıqlamasını gözləməyə ehtiyac yoxdur. Bəlli çevrələr var ki, onlar Atatürk Hava Limanında baş verən, eləcə də ona bənzər digər terror aktları haqda hər kəsdən daha artıq bilgilidirlər. Həmin çevrələrin kimliyini və İŞİD, "Əl-Qaidə”, PKK, eləcə də digər terror şəbəkələrinin də məhz onlara xidmət etdiyini də "Assoşeyted Press” bilməmiş deyil. Bu terror hazırda Yaxın Şərqdə gedən qlobal savaşın bir parçasıdır. Lənətləyirəm, o savaşı başladanları da, həmin savaşı başladanların əlində alət olan İŞİD, "Əl-Qaidə” və PKK-nı da! Başın sağ olsun, Türkiyəm, başımız sağ olsun!
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bundan kədərləndiyini bəyan edib: "Əlbəttə, çox üzücü xəbərdir. Lakin hamımız danışanda nəsə yanlış ifadə səsləndirməklə kiminləsə münasibətlərdə problem yaşaya bilərik. Ancaq siyasətçi və dövlət başçısı nəticəsini əvvəlcədən hesablamadığı fikir söyləyəndə, bir şəxslə deyil, milyonlarla əhalisi olan ölkə ilə münasibətlərini korlaya bilər. Türkiyənin Cumhurbaşqanı və keçmiş Baş naziri Rəcəb Tayyib Ərdoğanın neçə illər öncə üzünü yanında oturan İsrail Prezidenti Şimon Peresə
tutaraq "Siz öldürməyi yaxşı bilirsiniz” deməsinin və ya Misirdə "Müsəlman qardaşlarını” hakimiyyətdən devirən keçmiş general və hazırkı Prezidenti Sisini aşağılamasının Türkiyəyə nə xeyri oldu? Məncə, bu, Ərdoğana da yaxşı həyat dərsi oldu, gələcək siyasi həyatında şəxsi hisslərə qapılmamalı, açıqlamaları dövlətin milli və təhlükəsizlik maraqlarına uyğun olmalıdır. Heç gör hansısa ərəb dövləti ərəblərin yaşadığı Qəzzanın mühasirəsinə görə Ərdoğan qədər lazımından artıq fəallıq göstərir?”
Xalq Partiyasının lideri Pənah Hüseyn məlum terror olayı ilə bağlı informasiyalar ictimailəşdiyi andan etibarən dərin kədər və təəssüf hissi içərisindədir: "Həlak olanlara rəhmət, yaralılara şəfa diləyir, baş verənlərə böyük həssaslıqla yanaşırıq. Başqa sözlə desək, matəmlə bağlı rəsmi qərar olmadan da insanlar baş verənləri əsl matəm kimi qeyd edirlər. Bu səbəbdən də Azərbaycanda da matəm var deyə bilərik”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Türkiyədə törədilən növbəti terror aktını lənətləyib: "Atatürk Hava Limanında törədilən terror aktlarını qətiyyətlə pisləyirəm. Bu dəhşətli olay nəticəsində 40-dan çox insan həlak olub. 200-ə qədər yaralı var. Bu hadisə təkcə Türkiyəyə qarşı deyil, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Bu cinayət Türkiyəyə qarşı bir sıra xarici mərkəzlərin apardıqları müharibənin tərkib hissəsidir. Hədəfdə getdikcə güclənən, dünyanın əsas güc mərkəzlərindən birinə, söz sahibinə çevrilməkdə olan Türkiyə, bütün islam dünyasıdır. Biz bu terror aktını həm də özümüzə, Azərbaycana, bütün islam dünyasına qarşı cinayət, həmlə kimi dəyərləndiririk. Bu, Türkiyəyə, islam dünyasına qarşı qəsdin davamıdır. Almaniya parlamentinin gözlənilmədən qondarma erməni soyqırımını tanıması, Roma Papasının bütün protokol qaydalarından kənara çıxaraq qondarma erməni soyqırımı iddialarını təkrar etməsi, Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddialarını müdafiə etməsi, Türkiyədə və digər müsəlman ölkələrində törədilən terror aktları, həmçinin sonuncu dəhşətli terror olayı vahid bir zəncirin həlqələridir və eyni mərkəzdən idarə olunan prosesin tərkib hissəsidir. Biz Türkiyəyə qarşı açılan bu müharibənin arxasında dayananları, bu cinayətləri törədənləri lənətləyir, bu cinayətlərə son qoyulmasını tələb edirik. Biz terror nəticəsində ölənlərə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı verir, yaralılara şəfa arzulayırıq. Biz bu terror qurbanlarını Türkiyəyə qarşı aparılan müharibənin itkiləri hesab edir və inanırıq ki, Türkiyə itkilərə baxmayaraq bu müharibədən qalibiyyətlə çıxacaqdır. Biz Türkiyənin yanında olduğumuzu, əlimizdən gələn köməyi göstərməyə hazır olduğumuzu bildirir və bütün islam dünyasını məkrli mərkəzlərin amansız hücumlarına qarşı birləşməyə, haqqı-ədaləti birlikdə qorumağa çağırırıq! Haqq-ədalət hökmən zəfər çalacaq!”
Analitik Arzu Nağıyev də terroru lənətləyib: "Türkiyə demokratik bir dövlətdir, kimi istəyir prezident seçir, kimi istəyir prezident seçmir, burda Ərdoğanla şəxsi münasibət ola bilməz. Hətta bəzi məsələləri deyirlər ki, guya, Ərdoğanın məktubundan sonra bu problem ortaya çıxıb. Bu, bir günə, iki günə hazırlanmış aksiya ola bilməz. Belə bir terrorun hazırlanması üçün aylar, illər lazımdır. Ona görə də bu versiya, ümumiyyətlə heç düz gəlmir. Ola bilsin, bir variant kimi üst-üstə düşür və qəsdən belə bir vaxtda törədirlər ki, fikir yayınsın. Ümumiyyətlə, son zamanlar Türkiyə ətrafında baş verən hadisələrin istər Rusiya ilə münasibəti, istər digər münasibətlər Türkiyə iqtisadiyyatına böyük zərbələr vurdu, iqtisadi baxımdan da, siyasi baxımdan da, elə mənəvi baxımdan da. Eyni zamanda, Türkiyəni daima terror törədilən bir dövlət kimi göstərməklə həm turist axınının qarşısını alırlar, həm də böyük iqtisadi layihələrdə iştirakdan məhrum edirlər. Türkiyə həqiqətən də bu terrorlardan böyük itkilər verir. Başın sağ olsun, Türkiyəm”.
Ayyət Əhməd