Türklər ingilislərdən, ispanlardan, fransızlardan daha çox kitab oxuyur

“Türk kitab bazarı çox inkişaf edib, ona görə Türkiyənin Avropa ölkələrindən önə keçməsi halı gözləniləndir”Şahbaz Xuduoğlu deyib ki, qardaş ölkədə bu sahədə inqilabi proses gedir
Türkiyə əhalisi kitab oxumağa bir çox Avropa ölkəsindən çox vaxt ayırır. Bu barədə Avropa Statistika Təşkilatı (Eurostat) tərəfindən 23 aprel Dünya Kitab Günü ilə bağlı 2008-2015-ci illərdə 15 ölkədə aparılan tədqiqatın nəticələrində məlumat öz əksini tapıb.
Tədqiqata əsasən, gündə orta hesabla 13 dəqiqə kitab oxuyan estonlar siyahının birinci pilləsində qərarlaşıb. Sonrakı iki yeri 12 dəqiqə ilə Polşa və Finlandiya tutur. Həmçinin macarların gündə 10 dəqiqə, Yunanıstan vətəndaşlarının isə 9 dəqiqə kitab oxuduğu məlum olub.
Kitab oxumağa Lüksemburq və Almaniya sakinləri ilə eyni vaxt - gündə 7 dəqiqə ayıran türklər bu göstəriciyə görə aralarında İngiltərə, İspaniya və Niderlandın da olduğu bir çox Avropa ölkəsini geridə qoyub.
Avropada ən az kitab oxuyanlar isə fransızlar (2 dəqiqə), avstriyalılar, italyanlar və rumınlardır (5 dəqiqə).
Türkiyənin bəzi ucqar əyalətlərində savadsızlıq hökm sürdüyü üçün tədqiqatın nəticəsi olduqca maraqla qarşılanıb. Tədqiqatın nəticələri ilə bağlı "Şərq”ə danışan ekspertlər son illər Türkiyədə kitab biznesinin xeyli inkişaf etdiyini qeyd ediblər.
"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun sözlərinə görə, son vaxtlar Türkiyədə kitab sahəsində inqilabi proses gedir: 
"Çox çevik və keyfiyyətli işləyirlər. Dünyada səs salan və ingilis dilində olan kitab paralel şəkildə dərhal türk dilinə çevrilir. Türk kitab bazarı çox inkişaf edib, ona görə Türkiyənin Avropa ölkələrindən önə keçməsi halı gözləniləndir. Ümumiyyətlə, Türkiyə dünyada kitab dövriyyəsinə görə 11-ci yerdədir və kitab bazarı çox dinamikdir. Türkiyə inkişafda olan, hər gün genişlənən maraqlı bir kitab ölkəsidir”.
Yazar Cəlil Cavanşir isə bildirib ki, Türkiyədə azad bazarın olması mütaliənin güclənməsinə səbəb olan amillərdəndir: 
"Kitab oxuma ilə bağlı Türkiyədə faizlərin yüksək olması hər zaman diqqətimi çəkib. Çünki Türkiyədə kitaba, oxumağa həmişə böyük maraq olduğunu sezmişəm. Düzdür, zamanında bizdə də kitaba və mütaliəyə böyük maraq olub, sovet dövründə kitab kifayət qədər yaxşı formada təbliğ olunub. Amma Türkiyənin bir neçə üstünlüyü var - həm böyük ölkədir, azad bazar iqtisadiyyatı kifayət qədər formalaşıb, kitab kifayət qədər özünü doğruldan bir əmtəədir, yəni geniş şəkildə kitab mağazaları fəaliyyət göstərir. İlin müxtəlif vaxtlarında 
Türkiyənin müxtəlif şəhərlərində kitab yarmarkaları keçirilir. Eyni zamanda nəşriyyatda kitabların satışı ilə bağlı müxtəlif kampaniyalar həyata keçirilir və istənilən kitab əlçatandır. Həmçinin Türkiyə Mədəniyyət Nazirliyi kitab təbliğatı ilə bağlı müxtəlif layihələr təşkil edir. 
Hətta ucqar kəndlərdə belə kitabın təbliğatına ciddi diqqət ayrılır, xarici ölkələrdə Türkiyə kitabının təbliği ilə bağlı böyük işlər görülür. Bütün bunların nəticəsi olaraq Türkiyədə kitaba, mütaliəyə olan maraq Avropadan daha üstündür”.
Yeganə Bayramova