Uçot dərəcəsinin 3 dəfə artırılması Azərbaycan manatına təsir edəcəkmi ? - İZAH

Vahid Əhmədov:"Uçot dərəcəsi dəyişəndə həmişə dünya iqtisadiyyatına təsir göstərir. Amma Azərbaycanda ciddi problem olmamalıdır. Çünki manat saxlanılır, arxasında neft dayanır"






"Gələn il uçot dərəcəsinin 3 dəfə artırılması sadəcə proqnozdur. Buna o qədər də inanmıram”.

Bunu "Sherg.az”a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) gələn il ərzində uçot dərəcəsini üç dəfə, 2,25%-dək artıracağı haqqında proqnozlarını şərh edərkən iqtisadçı millət vəkili Vahid Əhmədov söyləyib. 

O vurğulayıb ki, ötən gün uçot dərəcəsinin artırılması faktdır:

"Ümumiyyətlə, uçot dərəcəsi dəyişəndə həmişə dünya iqtisadiyyatına təsir göstərir. Amma Azərbaycanda ciddi problem olmamalıdır. Çünki manat saxlanılır, arxasında neft dayanır. Neftin qiyməti də hazırda normaldır. Həmçinin ölkədə idxal-ixrac əməliyyatlarında da problem yoxdur. 2017-ci ildə ticarətdə müsbət saldo yaranıb.

Mərkəzi Bank(MB) tərəfindən pul kütləsinə çox ciddi nəzarət var. Ümumiyyətlə, üzən məzənnə siyasəti yeridilsə də, MB manatı təsir dairəsində saxlayır. Ola bilər, müəyyən psixoloji amillər gələn il üçün təsir etsin. Amma manatın məzənnəsində ciddi dəyişiklik olacağına inanmıram”.

Qeyd edək ki, Açıq Bazar Əməliyyatları üzrə Komitənin dörd üzvü 2019-cu ildə uçot dərəcəsinin azı beş dəfə artırılacağını istisna etməyib. Xatırladaq ki, dekabrın 13-də FED uçot dərəcəsini 1,50%-dək artırıb.

Aysel Aslan