Ucuz, keyfiyyətsiz gün eynəkləri...




Havalar hər nə qədər küləkli və soyuq keçsə də, artıq yazdır. Tezliklə günəş şüaları hər yanı isidəcək, eyni zamanda da yaz günəşi gözlərimizi qamaşdıracaq. Bu səbəbdən gün eynəklərindən istifadə edənlərin və satışların sayı artıb. İndidən şəhərin istənilən yerində - mağazalarda, yeraltı keçidlərdə, köşklərdə, metro çıxışlarında gün eynəklərinin satışına rast gəlirik.

Səyyar şəkildə necə gəldi satılan gün eynəklərinin gözlərimizin mühafizəsinə yararlı olub-olmaması isə sual altındadır. Eynək seçiminə müxtəlif cür diqqət edən alıcıların əksəriyyəti isə satılan eynəklərin keyfiyyətinə fikir vermir. Yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verən istifadəçilər öz zövqlərinə uyğun seçim edir və onları alırlar. Seçib aldıqları bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatlar isə kifayət qədər məhduddur. Çeşid çoxluğu ilə qarşılaşan insanlar məlumatsızlıq səbəbindən əksərən keyfiyyətsiz gün eynəkləri aldıqlarının fərqində belə olmurlar. Sonradan bir çox problemlərlə qarşılaşdıqda artıq gec olur. Ucuz, görünüşcə zövq oxşayan eynəklər gözlərdə qızartı, yaşarma kimi fəsadlarla başlayan və zəiflik hallarına qədər gətirib çıxaran fəsadlar törədir.

Bəs, keyfiyyətli gün eynəyini necə seçməli?

Oftalmoloqlar tövsiyə edirlər ki, böyük şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən gözlüklər almaq məsləhətdir. Elə eynək almaq lazımdır ki, gözün yan tərəflərindən şüalar gözlə təmasa girməsin. Bundan başqa, eynək alarkən işığa doğru tutub aşağı-yuxarı doğru oynadın. Əgər dalğalanma varsa, demək şüşəsi keyfiyyətsizdir. Eynək alan zaman onu təxminən 3-5 dəqiqə gözdə saxlamaq lazımdır. Əgər ağırlıq vermirsə, burnu və gicgahları sıxmırsa, gözdə ağırlaşmaya səbəb olmursa, bu zaman almaq məsləhətdir. Bundan başqa, eynəyi taxarkən fikir vermək lazımdır ki, ətrafdakıları öz rəngində göstərsin. Elə eynəklər var ki, ətrafdakıları olduğundan tamam fərqli rəngdə göstərir. Bu cür eynəklərin saxta olduğu şübhəsizdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehsalda və satışda ucuz, keyfiyyətsiz eynəklərin artmasının onlara tələbatın çox olmasından irəli gəldiyini bildirib: "Keyfiyyəti istehlakçılar özləri tənzimləməlidir. Azad bazar fəaliyyətinin göstəricisi olaraq bu tip keyfiyyətsiz mal satışlarının artmasına ciddi nəzarət olunmur. Alıcılar əsasən ucuz və görünüşcə fərqlənən eynəklərə üstünlük verdiyinə görə onların istehsalı da artır. Tədricən bu proses daha da genişlənir və keyfiyyət aşağı düşür. Bu halın aradan qaldırılması üçün insanlar keyfiyyətli eynəkləri daha çox almağa çalışsa, keyfiyyətsiz eynəklərin satışları azalar və qiymətin tənzimlənməsinə də nail olarıq”.

Keyfiyyətsiz gün eynəklərinin daha çox xarici ölkələrdən gətirildiyini deyən ekspertin sözlərinə görə, əgər nəzarət olunmadan bazarlara çıxarılan bu məhsullara maraq olmasa, satışlarında müəyyən azalma yaranacaq:

"Normal müəssisələrdə və ya satış obyektlərində eynəyin keyfiyyətinin yoxlanılması üçün lövhədən istifadə olunur. Bu lövhə elə bir qurğudur ki, keyfiyyətsiz eynəkləri aşkar edir və alıcıların seçim imkanına təsir edir. Elə keyfiyyətsiz eynəklər var ki, mən onların satışını hətta inkişaf cəhətdən ən geri ölkələrdə müşahidə etmişəm. İnsanların sıx olduğu yerlərdə hətta səyyar şəkildə, necə gəldi satılan bu eynəklər əhalinin diqqətini cəlb edir. Hətta qış vaxtı da maşın sürən bir çox insanların gün eynəyi istifadə etdiyini görürük. Hərdən fikirləşirəm ki, bilərəkdən ilin bütün fəsillərində, lazım oldu olmadı, keyfiyyətsiz gözlüklərdən istifadə edən insanlar gözlərini kor etməyə çalışırlar”.

Şəymən