Uluslararası Çanaqqala şeir axşamları - FOTOLAR

Çanaqqala şəhəri Çanaqqala boğazının (Dardanel) Ege dənizinə uzanan yerinde qərar tutub. Bu şəhər bir çox yönüylə diqqəti cəlb edir. Homerin "İliada” və "Odiseya” poemalarını yazdığı, ilk gözəllik yarışının keçirildiyi Qaz dağları (İda), məşhur Troya xarabələri, Aristotelin dərs dediyi məktəbin qalıqlarını qoynunda saxlayan Asos xarabələri bu coğrafiyada yerləşir. Amma bu yerlərin ən önəmli fərqliliyi isə 1915-ci ildə Antantaya qarşı ölüm-dirim müharibəsində 250 mindən artıq şəhid verib sonunda qalib çıxan - Çanaqqalanı keçilməz edən Türk dünyası oğullarının xatirə ansamblları da bu yerlərdə qərar tutub. Çanaqqala şəhidlər şəhəridir! Bu üç sözdə böyük bir məna gizlənir… Şəhidlər qəbristanlığında Türk Dünyasının başqa yerlərindən olduğu kimi Azərbaycandan gələn igidlərin məzarları var.
Təbii ki, belə bir şəhərin Türk Dünyası mədəniyyətinin və ədəbiyyatının çəkim mərkəzi olması da təbiidir. Son səkkiz ildə Çanaqqalada "Çanaqqala Şeir Axşamları” festivalı keçirilməkdədir. Bu festivalı Akademi Şeir Ailesi Kültür və ədəbiyyat dərnəyi təşkil etməkdədir. Uluslararası "Çanakkal şeir axşamları” 2009-cu ildə Türk kültürünün önəmli bir bölümünü təşkil edən Türk şeirini gələcək nəsillərə ötürmək, sənətin gücüylə insanların bir araya gəlməsini təşkil etmək, birlik, bərabərlik, və qardaşlıq duyğularını daha da inkişaf etməsinə səbəb olmaq, Türk Dünyası şairlərini şeir şölənlərinə dəvət etməklə Çanaqqala ruhunu bütün Türk Dünyasına yaymaq məqsədilə keçirilməkdədir.
"Çanaqqala Şeir Axşamları”nın bu il səkkizincisi keçiriləcək və oktyabr ayının 20-22 arası Çanaqqala yenidən Türk Dünyası şairlərinin görüş yerinə çevriləcək. Şeir festivalı sadəcə Çanaqqala şəhər mərkəzində deyil, eyni zamanda Çnaqqala vilayətinin müxtəlif bölgə və rayonlarında da davam etdiriləcəkdir. İndiyə qədər "Çanaqqala şeir axşamları”na 215 şair, aşıq, elm adamı qatılmışdır. Yeri gəlmişkən deyək ki, istər bu dərnəyin fəaliyyətində, istərsə də şeir festivalında iştirakına görə Azərbaycan ədəbiyyatı təmsilçilərinin rolu böyükdür.
İndiyə qədər cənublu, şimallı Azərbaycanımızın bir çox şairi festivala dəvət olunmuş və şeir şölənlərindəki çıxışlarıyla təqdir toplamışlar. Musa Yaqub, Baloğlan Cəlil, zamansız haqqın rəhmətinə qovuşan şairlərimiz Məmməd Dəmirçioğlu, Taleh Həmid və b. çıxışları Çanaqqala şeir sevərlərinin yaddaşında özünə yer etmişdir.
Burada onu da vurğulamaq gərəkir ki, Akademi Şeir Ailesi Kültür və ədəbiyyat dərnəyi hər il şeir festivalında fərqlənən bir şairə həmyerlimiz Məmməd İsmayılın adını daşıyan ədəbiyyat ödülü verir.
Uluslararası şeir axşamları sadəcə şairlərin şeir oxuması, ya da aşıqların mahnı söyləməsi ilə yekunlaşmır, müxtəlif mövzularda konfranslar keçirilir, Çanaqqalanın tarixi yerlərinə gəzilər təşkil olunur. Xüsusilə Çanaqqala şəhidliklərinə səfərlər şairlərin bir çoxunun bu mövzuda şerilər yazmasına səbəb olur. Və bu şeirlər isə "Çanaqqala şəhidlərinə həsr olunmuş şeirlər” antolojisinin yaranmasına səbəb olur.
20-22 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan builki şeir festivalında 15 İyul şəhidləri mövzusu ön plana çıxarılacaq və 2017 ili "Türkdili ili” elan edildiyindən Çanaqqala 18 Mart universitetində elm adamlarının və şairlərin iştirakı ilə "Dilimiz kimliyimizdir” elmi konfransı da keçiriləcək.
Qısaca olaraq "Çanaqqala şeir axşamları” festivalının əsas amacı Türk ədəbiyyatlarını inkişaf etdirmək, Türkdilli ölkələrdə yaşayan insanların ədəbiyyat və incəsənətə marağını artırmaq, birlik və bərabərlik duyğularının daha da gəlişməsinə, yeni ədəbi nəsillərin ədəbiyyata gəlişinə yardımçı olmaqdır. Sevindirici hal odur ki, bu şeir festivallarında Azərbaycan şairlərinin xüsusi bir yeri vardır.
Gülzar İsmayıl
Çanaqqala,Türkiyə