"Universitetlərdə plan yerlərinin yarısı boş qalır" - Təhsil haqları çoxdur

Etibar Əliyev: "Gülhanə Tibb Akademiyasının təhsil haqqı xaricilər üçün 800 tl, Azərbaycan manatı ilə təxmini 400 manatdır. Bizdə isə Tibb Universitetinin təhsil haqqı 4000 yaxındır"


"Bütün tələbələrin maksimum yarısı ödənişli oxumalıdır”.

Bu barədə "Sherg.az”a ölkədə təhsil alan 165 min tələbənin 130 mindən çoxunun ödənişli oxumasına münasibət bildirərkən təhsil eksperti Etibar Əliyev deyib. 

O bildirib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edən olduğu üçün təhsilin ödənişsiz hissəsi heç olmasa, yarıbayarı olmalı idi:

"Buna baxmayaraq hazırkı rəqəmlər 70-in 30-a nisbətidir. Buna baxmayaraq çoxsaylı abituriyentlər var ki, ödənişli ixtisaslara düşür, təhsildən imtina edirlər. Təhsil haqları da xeyli yüksəkdir. Məsələn, Gülhanə Tibb Akademiyasının təhsil haqqı xaricilər üçün 800 tl, Azərbaycan manatı ilə təxmini 400 manatdır. Bizdə isə Tibb Universitetinin təhsil haqqı 4000 yaxındır. Ali məktəblərin demək olar ki, hamısı tələbə ödənişlərinin hesabına ayaqda durur. Əməkhaqqı, maddi-texniki baza və digər xərclər yalnız bu gəlir hesabına ödənir. Ona görə, ödənişli təhsil faizi durmadan artırıldı. Bu prosesin əks təsiri isə özünü göstərməyə başlayıb. Artıq universitetlərdə plan yerlərinin tən yarısı boş qalır. Bu isə ali məktəblərin nüfuzuna təsir göstərir. Özəl ali təhsil müəssisələrində təhsil haqqı 7000 manata qədərdir. Bütün bunlar nəzərə alınmadığından hətta dövlət ali təhsil müəssisələrində belə ödənişli yerlər boş qalır.

Təhsil haqlarının yüksəldilməsi deyil, aşağı salınması barədə düşünmək lazımdır. Əks təqdirdə növbəti tədris illərində ödənişli təhsil alan insanların sayı kəskin azalacaq”.

Təhsil haqlarının çox olmasına baxmayaraq universitetlərin maliyyə çətinliyindən şikayətləndiyini diqqətə çatdıran ekspert diqqətə çatdırıb ki, qazanılan vəsaitlərin şəffaf xərclənməsinə nəzarət etmək lazımdır:

"Universitetlərdə vəsaitlərin xərclənməsi şəffafdırmı? Kim o monitorinqi aparır? Auditlər kimin üzərindədir, düzgün həyata keçirilirmi? Universitetlərin özləri də vəsait qazanmağa alışmalıdırlar. Qrantlar və ya başqa vasitələrlə qazanc əldə etməlidirlər. Universitetlərin ən böyük qüsuru onların şəhərin mərkəzində yerləşməsidir. Onlar kampusdan məhrumdurlar. Böyük ölkələrdə böyük gəlirlərə universitetlər üçün kampuslar şərait yaradır. 

Bizdə isə demək olar, heç bir universitetin kampusu yoxdur. Ona görə, dəyişən dünyaya uyğun təhsil sahəsində, müəllimlərin əmək haqqında, yeni texnologiyaların tətbiqində dəyişiklik, müəllim, tələbə mobilliyi həyata keçirilməlidir. Bunun hamısı vəsait tələb edir və təhsil haqları buna kifayət etmir”.

Aysel Aslan