Universitetlərdə yeni ixtisasların yaranması qaçılmazdır
Lakin aktual olmayan günümüzlə ayaqlaşmayan ixtisaslar da ləğv olacaq
Universitetlərdə yeni ixtisasların yaranacağı barədə xəbərlər yayılır. Bu ixtisasların yaranması tələbələrin biliklərinin bacarıqlara yönəldilməsi məqsədi ilə əlaqələndirilir. Mütəxəssislərin sözlərinə görə, tələbələrin təcrübi bilikləri hələ də arzuolunan səviyyədə deyil.
Bəs hansı sahədə yeni ixtisaslara ehtiyac var?
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə bildirib ki, 2018-ci ildə yeni ixtisaslar yaradılıb:
"Bakı Ali Neft məktəbində "İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür”.
Ekspertin sözlərinə görə, gələcəkdə Azərbaycanda hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq:
"Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, düşünürəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq.
"Asan xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlər əmələ gələcək.
Elektron hökumət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq. Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə Fizkimya, Biofizika fakültəsi ola bilər. Fənlərarası, sahələrarası oblastlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta ekonom-fizika adlı yeni sahə yaranıb. Fizika hara ekonomika hara, amma birləşiblər”. K.Əsədov bildirib ki, gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq:
"Bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək. Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək. Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi. Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox? Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki, beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız-hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın. Məsələn, "Ustad məktəbi” deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub.
Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur onlar olmayacaq. Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, Yer kürəsində insan mühiti, ekoloji məsələləri öyrənəcəyik. Yəni Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Çünki onlar bu şeyləri hiss edib, qəbul edirlər. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq”.
Yeganə Bayramova