Pediatr bu preparatın adını ilk dəfədir eşidir
Uşaqlar üçün satılan "Aquadok” dərmanının saxta olduğu iddia edilib. Bu barədə sosial şəbəkədə vətəndaş Kamal Heydərov məlumat verib. O bildirib ki, uşaqlara burun üçün sprey olan "Aqualor” almaq istərkən satıcı ona həmin dərmanın alternativi olan "Aquadok” təklif edib:
"Satıcı dedi "Aqulor” yoxdu, "Aquadok” isə Fransanındı, yaxşıdı. Üstünə baxdım, "Made in France” yazılıb. Saytları da qeyd edilib: aquadok.com. Evdə dərmandan gözüm su içmədi, sayta baxmaq istədim, açılmadı. Axtarış edib saytı qeydiyyatdan keçirənin İlqar İsgəndərli olduğunu öyrəndim. Bu da sənə "Made in France”, Çinin hansısa kəndində dərman düzəldib dizaynı, adını oxşadıb, satıcıya, həkimə pul verib satdırırlar. Qiyməti 10 manat, içində də adi duzlu sudur. Aptekdən nəsə alanda baxın, "Made in France”lərə aldanmayın”.
Pediatr Vaqif Qarayev sözügedən dərman haqqında konkret bilgiyə sahib olmadığını deyib. "Aqua” ilə başlayan o qədər dərman adları var ki, biz həkimlər hamısını tanıya bilmərik. Ümumiyyətlə, "Aquadok” adını isə ilk dəfədir eşidirəm. Əgər o dərmanın tərkibinə əlavə maddə qatılmayıbsa, uşaqların sağlamlığı üçün heç bir ziyanı yoxdur.
Ümumiyyətlə, duzlu məhlullar son zamanlar daha çox istifadə olunmağa başlayıb. Sözün açığı, kifayət qədər də faydalıdır. Xüsusən də uşaqlar üçün. Qrip əleyhinə olan dərman preparatlarının müəyyən mənada əks təsirləri, ciddi reaksiyaları ola bilir. Amma duzlu suyun heç bir mənfi təsiri yoxdur, həm də ki, burun tutulmasına daha tez təsir edir. Bir məsələ var ki, tərkibi duzlu sudan ibarət olan məhlulu aptekdən almaqdansa, valideynlər evdə də hazırlaya bilər. Sadəcə olaraq qaynanmış suya xörək duzu əlavə edib, uşaqların burnuna damcı-damcı tökmək lazımdır”.
V.Qarayevin sözlərinə görə, həkimin məsləhət gördüyü dərmanın əvəzinə satıcıların həmin tərkibli başqa adda və orijinal olmayan bir dərmanı satmasına görə həkimlərin heç bir məsuliyyəti yoxdur:
"Dərmanlar formokoloji tərkibinə və ticari adına görə tanınır. Tərkibində eyni molekullar olan dərmanlar fərqli adlar altında satılsa da, həkimlər onun tərkibini oxuyan kimi hansı xəstəlik üçün nəzərdə tutulduğunu bilir”.
Tibb eksperti, professor Adil Qeybulla da "Aquadok” dərmanı ilə bağlı irəli sürülən ittihamlara münasibət bildirib. Onun sözlərinə görə, uşaqlar üçün satılan "Aquadok” dərmanının yalnız laboratoriya yoxlamasından sonra saxta olub-olmadığını iddia etmək olar. O deyib ki, Səhiyyə Nazirliyinin Dərman maddələrinin dövlət reyestri xidməti var və ölkəyə gətirilən bütün dərmanların qeydiyyatı aparılır:
"Həmin vətəndaş yaxşı olar ki, Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinə müraciət eləsin. Yalnız orada yoxlamadan sonra həmin dərmanın saxta olub-olmadığı təsdiqlənə bilər. Bu, həmin vətəndaşın hüququdur. Ümumiyyətlə, Azərbaycan dərman bazarında parametrlərə uyğun olmayan, aşağı keyfiyyət parametrlərinə uyğun olan xeyli dərmanlar var. Dəfələrlə deyilsə də, bu hal aradan qaldırılmır”.
Şəymən