Uşaqlarınıza söz verməyin, cənablar!

Yüksək bal topladı, maşın hədiyyə etdilər, sonda ailəyə qara xəbər gəldi
Ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olmuş Kamran Babazadə avtomobil qəzasında dünyasını dəyişdi. Xəbər saytlarında yer almış bu xəbər bir neçə gündür ən çox oxunanlar sırasındadır. Bədbəxt hadisəyə diqqətin çox olmasına səbəbsə, yəqin ki, mərhumun şəxsi avtomobilində həlak olması, bu avtomobilinsə ona valideynləri tərəfindən və məhz qəbul imtahanlarında yüksək bal topladığına görə hədiyyə edilməsi haqda yayılan məlumatlardır.
Hadisə barədə qısaca onu deyək ki, Kamran Babazadənin idarə etdiyi "Mitsubishi Pajero-İo” markalı, 99 FJ 658 nömrə nişanlı avtomobil
Badamdar şosesi ilə "20-ci sahə” qəsəbəsi istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü Babazadə Kamran Alim oğlu hadisə yerində keçinib. 1997-ci il təvəllüdlü sərnişin Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
17 yaşlı gəncin həyatı belə qırılıb. Biz mərhumun valideynlərinin həqiqətən də, ona avtomobil hədiyyə edib-etmədiyini dəqiq bilmirik. Bu, təsdiqlənməmiş bir məlumatdır. Amma həqiqət olan budur ki, yeniyetmə övladlarına avtomobil hədiyyə edən valideynlər heç də az deyil. "Son zəng” günü Bərdə rayonunda avtomobilin ağaca çırpılması nəticəsində bir yeniyetmə həlak olmuşdu. Deməli, məktəbi bitirməsi münasibətilə 17 yaşlı oğlan avtomobilin açarlarını götürüb gəzməyə çıxır. Sonu isə faciə ilə nəticələnir. Nəinki açarları, bəlkə də, iznsiz götürənlər, valideynlərin özlərinin şəstlə avtomobil açarları təqdim etdiyi uşaqlar da var. Bəs, sükan arxasına keçən bu uşaqlar sürücülüyü harada, necə öyrənib? 18 yaşı tamam olmamış bu uşaqlara sürücülük vəsiqəsi hansı "qanun”la verilib?
Görəsən, başlarına gələn faciələrdən sonra ürəyi dağlı valideynlər "kaş, maşın almayaydıq” deyə özlərini qınayırmı?
Hadisəyə yalnız tərbiyə tərəfdən yanaşan təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında uşaqlarla yanaşı, hətta uşaqlardan da artıq dərəcədə valideynlərlə pedaqoji iş aparılmasını zəruri saydığını dedi:
- Bu hadisə hər gün baş verən avtomobil qəzalarından sadəcə biridir. Hər gün istər paytaxt, istərsə də region yollarında bu cür faciəli qəzalar törədilir. Kimsə bunu təsadüf hesab edə bilər, amma bilirik ki, hər bir təsadüfün arxasında zərurət dayanır. Hadisənin mahiyyəti nədədir? Uşaqlar uğur qazandıqda valideynlərin onlara hədiyyələr etməsi normal haldır. Xüsusən də, ali məktəbə qəbul olmuş uşaqlara valideynləri həmişə çalışır, nəsə yaxşı bir hədiyyə alsın, nəyləsə övladının uğurunu qiymətləndirsin, dəyərləndirsin. Bunu da təbii ki, hər valideyn imkanı daxilində edir. Kimisi avtomobil alır, bəzisi şadlıq keçirir, əyin-baş, yaxşı geyim alır. Məktəbdə oxuduğu müddətdə mobil telefonu olmayan uşaqlar da var, bəli. Kiməsə bu, heyrətli görünə bilər; necə yəni, indiki zamanda mobil telefonsuz uşaq olar?! Amma sizi inandırım ki, belə imkansız ailələr də var. Və bu ailələrin uşaqları üçün mobil telefon böyük hədiyyədir. İndi bu ailə də uşaqlarına avtomobil alıb. Amma bizim valideynlərin çatışmayan cəhəti budur ki, uşaqlar nə uğur qazananda, nə də uğursuzluğa düçar olanda onlarla düzgün rəftar edilməsini bilmirlər. Uğur qazanan uşaqları bəzən həddindən artıq tərifləyir və ödülləndirir, uğursuzluqla üzləşənləri də bəzən həddindən artıq tənbeh edir və cəzalandırırlar. Normanı aşan tərifdən və bahalı hədiyyələrdən uşaqlarda başgicəllənmə yaranır. Özləri haqqında yüksək fikirlər formalaşır, özlərini başqalarından üstün hesab edirlər. Hədsiz tənqid edilən, aşağılanan uşaqlar isə ruhdan düşür, həyatdan küsür, özlərini bacarıqsız, qabiliyyətsiz hesab etməyə başlayır və bəzən bu hisslər də onları özünəqəsdə, intihara aparıb çıxarır. Uşaq valideyn tənəsindən qaçmaq üçün intihara əl atır. Tərif də, tənbeh də qaydasında, normada olmalıdır. Biz dəfələrlə valideynlərə xitabən bildirmişik ki, imtahanlarda uğursuzluqla üzləşən uşaqları təhqir etmək, aşağılamaq, hazırlıqlara sərf edilmiş pulları qabartmaq, "bu qədər pul xərclədik, nəticə olmadı, xeyirini görmədik, fərsizsən, yarıtmazsan” kimi ifadələr işlətməsinlər. Uşağın ümidlərini qırmasınlar. Əksinə, uşağı ürəkləndirsinlər ki, eybi yox, bu il olmadı, növbəti imtahanlara daha da ciddi hazırlaşarsan, istəyinə nail olarsan, desinlər. Uğur qazanmış, belə deyək, "ata-anasının üzünü ağ eləmiş” uşaqları da hədsiz dərəcədə ödülləndirib, onların yanlış istiqamətə yönəlməsinə şərait yaratmasınlar. Bilirsiz, hər uşaq fərdi keyfiyyətlərə malikdir. Elə uşaq var, tənbeh edilir, ondan nəticə çıxarır, eləsi də var, tənbeh ediləndə daha aqressivləşir. Valideyn də gərək uşağını düzgün istiqamətləndirsin. 16-17 yaşlı gənclərə avtomobil hədiyyə etmək lazımsızdır. Çünki bu yaş dövründə uşaq məsuliyyətin nə demək olduğunu hələ tam dərk etmir. Heç olmasa, övlad gərək 20 yaşına çatsın ki, sükan arxasında əyləşəndə də, öz həyatına da, başqalarının həyatına da 
məsuliyyət daşıdığını anlasın. Uşaqlar fərdi xüsusiyyətlərə malik olduğu kimi, valideynlər də müxtəlif dünyagörüşlüdür. Bəzisi uşağı "qudurtmur”, ərköyünləşdirmir, bəzisi isə uşağın hər bir istəyini yerinə yetirməklə onun gələcəyinin təməlini sarsıdır. Amma mən ailələr tanıyıram ki, imkanlı, varlı olsalar da, uşaqlarını ərköyün böyütmürlər. Məsələn, Rusiyada məşhur "MMM” şirkətinin sahibi bir dəfə müsahibəsində bildirmişdi ki, övladı atasının hansı varidata sahib olduğunu bilməsin deyə, kiçik yaşlarından onu Avropaya təhsil almağa göndərib. Uşağı özündən uzaqlaşdırıb ki, atasının hədsiz varlı olduğunu bilib yersiz şıltaqlıq etməsin. Uşağın valideynin var-dövlətinə münasibəti də yenə ata-ananın tərbiyəsindən asılıdır. Ata-ana var ki, uşaq avtomobillə qəza törədir, deyirlər, eybi yoxdur, yaxşı ki, özünə bir şey olmayıb. Maşını düzəltdirib təkrar ona verirlər. Mən bu yaşımda avtomobilimi ehtiyatla sürürəm ki, qəza törətməyim, çünki mənim üçün maşının əzilməyi əlavə xərcdir. Amma adam var, maşının əzilməsi sanki tum çırtlamaq kimidir. Vecinə deyil. Ata-anasının puluna güvənir.
N.Qulamoğlu hesab edir ki, belə mürəkkəb məsələlərdə valideynlərin düzgün qərar verə bilməsi üçün onlarla pedaqoji iş aparılmalıdır:
- Valideynlərin özlərinin də maariflənməyə böyük ehtiyacları var. Təəssüf ki, bizim ailələrdə uşağın tərbiyəsi "bu olmaz, bu olar” prinsipinin həyata keçirilməsi ilə məhdudlaşır. Çox az ailə tapılar ki, nəyin məqbul, nəyin qeyri-məqbul olmasının səbəblərini uşağa izah etsin. Bizim uşaqlar kor-koranə tabe olurlar. Səbəbi və ondan doğa biləcək nəticəni isə anlamırlar. Baş verə biləcək hadisələr real həyat hekayələri ilə uşaqlara başa salınmalıdır. Belədə onlar daha düzgün qərar çıxarar.
Məlahət Rzayeva