Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir

“Çalışmaq lazımdır ki, imtahan ərəfəsi evdə, ailədə gərginlik olmasın”
“Abituriyentə “imtahanda uğur qazanmasan, biabırçılıq olacaq”, “sənə filan qədər xərc çəkmişəm” kimi psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir”


Sabah ali məktəblərə ilk qəbul imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, iyulun 15-də I və IV ixtisas qrupları üzrə imtahanlar olacaq. TQDK-nın rəsmi saytında yer almış məlumatda bildirilir ki, imtahanların keçiriləcəyi binalara 14 iyul tarixində, yəni imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən baxış keçiriləcək, binalar möhürlənəcək və DİN Baş Mühafizə İdarəsinin mühafizəsinə veriləcək. İmtahanların idarə olunmasına isə 227 imtahan rəhbəri və 2129 nəzarətçi cəlb olunub.

Təbii ki, imtahan verməyə hazırlaşanlar bu dəqiqə gərginlik içindədir. Abituriyentlərin stressi pik həddədir. İmtahan sözünün özü demək olar, bütün insanlarda qorxu, həyəcan yaradır. İstər kiçik yaşlı məktəblilər olsun, istər 11-ci sinif şagirdi, istərsə də "100 ilin” tələbəsi. Nə işdisə, imtahan adı gələndə, hamı həyəcan keçirir. Amma bu da qızıl qaydadır ki, kim stressə boyun əymirsə, imtahanlarda daha müvəffəq olur. Çoxundan eşidirik ki, həyəcandan bildiyi də yadından çıxıb. Hərçənd, ekspertlər bunu imtahanlarda zəif nəticə göstərənlərin bəhanəsi hesab edirlər və "bilik varsa, yaddan çıxası deyil” deyirlər. Yenə də, sabah imtahan verməyə hazırlaşan abituriyentlərə bəzi məsləhətlərin faydalı olacağını düşündük və həkim-psixoloqlara müraciət etdik.

Tibb elmləri doktoru, Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla qeyd etdi ki, istər təcrübəli, istərsə də təcrübəsiz şəxs, hər kəs imtahan öncəsi stress keçirir. Abituriyentin keçirdiyi həyəcan isə imtahan zamanı ona intellekt və biliklərini tam realizə etmək imkanı vermir. Bunun nəticəsidir ki, bəzən bilikli, hazırlıqlı abituriyent də hafizəsində olan bilikləri sistemləşdirə, məntiqi nəticə çıxara bilmir. Bu isə özünü imtahanın nəticəsində göstərir. Belə hallar var və az da deyil. İmtahanlarda maksimum uğur qazanmaq üçün abituriyent bilməlidir ki;

- İmtahana bir neçə gün qalmış ciddi hazırlıqlar dayandırılmalı, imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətlər tamamilə yığışdırılmalı, abituriyent imtahandan öncəki 1-2 günü ancaq istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir.

İmtahanqabağı rahat yatın!

- Abituriyent imtahanqabağı sərbəst olmalı, gəzintiyə çıxmalı, beynini sakitləşdirməlidir.

- Abituriyent normal yuxu yatmalıdır. İmtahandan qabaqkı axşam yatmazdan öncə müxtəlif sakitləşdirici otlardan, yaxud valerian (pişikotu) dəmləyib içsə həm rahat yatar, həm də həyəcanı azalar. Çünki rahat yuxu belə vaxtda çox vacibdir. Rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda insanın toparlanmasını, fikrini cəmləşdirməsini asanlaşdırır.

Valideynlər, uşaqlara təzyiq etməyin!

A.Qeybulla xüsusilə valideynlərin övladlarına böyük dəstək ola biləcəyini vurğuladı:

- Valideyndən çox şey asılıdır. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Çalışmaq lazımdır ki, imtahan ərəfəsi evdə, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. Abituriyentə "imtahanda uğur qazanmasan, biabırçılıq olacaq”, "sənə filan qədər xərc çəkmişəm” kimi psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir. Abituriyentə qarşı psixoloji pressinq qətiyyən olmaz.

İmtahanın nəticəsini yox, gedişatını düşünün!

- Abituriyent bilməlidir ki, imtahanın nəticəsi necəliyindən asılı olmayaraq heç bir halda faciə deyil. Bu fikri valideynləri uşağa təlqin etməli, onu ruhdan salmamalı, əksinə, ürək-dirək verməlidir ki, ali məktəbə qəbul olunmasa belə, qorxulu heç nə baş verməyəcək, növbəti ildə özünü təkrar sınayar, işə düzələr, daha yaxşı hazırlaşar, uşaq ali təhsilli olsa da, olmasa da, ata-anası üçün həmişəki kimi yenə əzizdir, əvəzolunmazdır.

- Abituriyent imtahanın nəticəsini yox, imtahanın gedişini düşünməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır. Abituriyent düzgün tapdığı cavabı da cavab blankına səhv köçürür. Ona görə də abituriyent daxilən rahat və sakit olmalı və ancaq dünənədək aldığı biliyi həyəcansız realizə etməlidir.

İmtahanqabağı necə qidalanmalı?

Professor səhər imtahana gedəcək abituriyentlərin yeməklərinə fikir verməsini də önəmli sayır:

- Birinci növbədə axşam tez yatıb səhər erkən qalxmaq lazımdır. Səhər yeməyində yaxşı olar ki, qədərində duzsuz pendir, adi kərə yağı, mümkündürsə bal yeyilsin. Səhər yeməyi çox olmamalıdır. Heç bir halda mədəni yükləmək olmaz. Çünki mədə yüklənəndə qan dövranının böyük hissəsi mədədə toplanır və qidanın həzminə yönəlir. Belədə beyinə lazımi miqdarda qan çatmır. Bu da abituriyentin özünü səfərbər etməsinə və biliyini realizə etməsinə mane olur. Yaxşı olar ki, şirin çaya üstünlük verilsin. Çaya bal salıb içmək də xeyirlidir. Südü hər bir orqanizm müxtəlif cür qəbul edir. Eləcə də kakao, yaxud qəhvəni. Ola bilər ki, səhər süd içmək abituriyentin mədə-bağırsaq sistemində problem yaratsın. Eləcə də qəhvə. Qəhvə təzyiqi qaldıran içki vasitəsidir. Ancaq bu cür içkilər mədəni qıcıqlandıra da bilər. Ümumiyyətlə, imtahana gedən adama səhər-səhər yağlı, mədəni qıcıqlandıra biləcək yeməklər vermək düzgün deyil.

İmtahana 2 gün qalmış istirahət edin

Psixoloq Samir Əhmədovun isə abituriyentlərə məsləhəti bu oldu ki, imtahana 2 gün qalmış istirahət etsinlər:

- Qəbula hazırlaşan şagird onsuz da ilboyu çalışır, müəllim yanına gedir. Beyin həddən artıq yüklənir. Belə halda beyni sakitləşdirmək, həyəcanı aradan qaldırmaq çox çətindir. İmtahanda həyəcanlı, yaxud sakit olmaq hər bir insanın daxili keyfiyyətlərindən də asılıdır. İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir. İmtahan barədə, ümumiyyətlə, düşünməsin, gəzintiyə çıxsın. Valideynlər uşaqlarına qarşı daha həssas olmalıdır. Valideyn gərək uşağı hürkütməsin. İmtahanla qorxutmasın. Əksinə, uşağa aşılamaq lazımdır ki, o müvəffəq olacaq. Müvəffəq olmasa belə, burada faciəvi heç nə yoxdur. Abituriyentin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdır ki, abituriyent də biliyini mərkəzləşdirə bilsin.

Psixoloq məsləhət gördü ki, nəinki imtahanöncəsi, ümumiyyətlə çalışmaq lazımdır ki, hər zaman insan ona müsbət enerji verən, onda özünəgüvən, inam hissləri aşılayanlarla həmsöhbət olsun. Bu da, düzgün dost seçimi ilə bağlıdır. İmtahana bir həftə qalmış təzə material öyrənməsinlər. İmtahana bir gün qalmış isə ümumiyyətlə, heç nə oxumasınlar. Son günü ancaq istirahətə həsr etsinlər. Abituriyent çalışmalıdır ki, imtahanın gedişatını xəyalında canlandırsın.

Bu ona imtahan zamanı kömək edər. Abituriyent sanki birdən-birə fərqli, ona yad bir mühitdə olduğunu düşünməz. Bir də ki, imtahanlarla bağlı son illərin ən üstün cəhəti sınaq imtahanlarının keçirilməsidir. Məncə, sınaq imtahanlarında iştirak etmiş şagirdlər imtahan ab-havasına artıq müəyyən qədər adaptasiya olunurlar. Düzdür, sınaq imtahanı ilə əsas - qəbul imtahanı bir deyil. Abituriyent dərk edir ki, əsas - həlledici imtahandadır. Amma yenə də sınaq imtahanlarında iştirak etmiş şagird imtahanın gedişatını, cavab vərəqlərinin doldurulması qaydasını, hər bir işi əvvəlcədən sınaqdan keçirmiş olur. Bu da şagirdə müəyyən üstünlüklər qazandırır.

İnsan imtahandan sonra, əyni imtahanın nəticələri bəlli olduqdan sonra hansı addımlar atacağını da əvvəlcədən planlaşdırsa yaxşıdır. Hər bir vəziyyət üçün bir həll planı olmalıdır. Belədə insan "pat” vəziyyətinə düşməkdən özünü sığortalamış olur.

İmtahana lazım olan əşyaları axşamdan hazırlayıb rahat bir yerə qoymaq, imtahan günü üçün rahat libas seçmək də hazırlığın əsas şərtləridir. İmtahan verəcək binanın yerini əvvəlcədən müəyyənləşdirmək isə xüsusilə vacibdir. Bəzən abituriyentlər imtahan keçiriləcək ünvanı tapmaqda çətinlik çəkir, marşrut avtobuslarını təyin edə bilmirlər. Bu da uşaqlarda əlavə stressə səbəb olur.

Abituriyentlər kondisionersiz otaqlarda imtahan verəcək?

Və sonda. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən iyulun 15-də havanın günəşli, əsasən yağmursuz olacağı, temperaturun 30-31 dərəcəyə yüksələcəyi proqnozlaşdırılır. Abituriyentlər və valideynləri hava şərtlərini nəzərə alsalar yaxşıdır. Gün şüaları altında dayanmaqdan çəkinin. Bacardıqca kölgəlik yerlərdə dayanın. Valideynlər, uşaqlarınıza təmiz, saf və sərin (soyuq yox) su verin. Abituriyentlərə imtahan zalına içməli su ilə keçməyə icazə verilir. Bir şərtlə ki, suyun qabı üzərində kağız parçası olmasın. İmtahan keçiriləcək otaqlarda kondisioner olub-olmaması məsələsi də bilinmir. TQDK-dan bununla bağlı məlumat almaq təəssüf ki, mümkün olmadı. Deyəsən, TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsi, ümumiyyətlə, mövcud deyil.

Abituriyentlərə məsləhətlərə diqqət yetirmələrini və uğurlar arzu edirik.

Məlahət Rzayeva