“Valideyn mütləq uşağa sahib çıxmalı idi”

“Əgər uşağın yaşamaq şansı varıydısa, bu necə valideynlikdir ki, uşaqdan imtina edirlər?”




"Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı, aparata ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”.

Bu sözləri uşaq cərrahı və uroloqu Aqil Əbilov deyib. Həkim həmçinin körpənin anasının səhhətindən də danışıb: 

"Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir. O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə, ailə yaşamasını istəmədi.

Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu paylaşımlarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”.

Bəzi hallarda uşaq xəstə olduğu üçün ondan vaz keçən valideynlər səbəb olaraq körpənin yaşama şansının az olduğunu deyirlər. Lakin başqa ölkələrdə vəziyyət tamam fərqlidir. Məsələn, Türkiyədə bu cür hallara böyük həssaslıqla yanaşırlar. Görəsən, valideynlərin körpədən vaz keçməsi həqiqətən də onun yaşama şansının az olmasıdır, yoxsa bu bizim mentallığımızla əlaqəlidir?

Baş verənlərlə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, həkim Şəmsiyyə Namazlı sözügedən hadisənin çox böyük bir problem olduğunu bildirib. Onun sözlərinə görə, yaşama şansı olan uşağın həyatına son qoymaq cinayət əməli hesab olunmalıdır: 

"Əgər uşağın yaşamaq şansı varıydısa, bu necə valideynlikdir ki, uşaqdan imtina edirlər? Valideyn mütləq uşağa sahib çıxmalı idi. Yox əgər imtina edirsə, artıq bu, rəsmi qanunla və hüquqi sənədlərlə olmalıdır.

Uşağın sağlamlıq durumu, daxili orqanları, ürək-damar sistemi zəif ola bilər. Hətta ana bətnində olarkən uşaqda ürək döyüntüsü varsa, heç bir həkimin ixtiyarı yoxdur ki, ürək döyüntüsünü pozub embrion dövründə olan uşağı məhv eləsin. Burda etik normalar, psixoloji və qanuni məsələlər var. Bu çox mürəkkəb problemdir, bir kəlmə ilə həll olunası deyil”.
Yeganə Bayramova