13 yaşında dünyaya uşaq gətirən qadın da, uşaq da ölə bilər
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşa Yardım Komissiyasının sədri Sevinc Məmmədova Azərbaycanda 13-15 yaşında uşaqların ana olduğunu deyib.
Komissiya sədri qanunvericiliyə əsasən, 18 yaşına qədər qeydə alınan hamiləlik və ya doğuşla bağlı xəstəxanaya müraciət edildiyi halda polisə məlumat verilməli olduğunu qeyd edib: "Ailələr 18 yaşa qədər olan hamiləlikləri gizlədirlər. Çox gənc orqanizmin 9 ay ikinci bir orqanizm yetişdirməsi fəlakətdir. Ölkəmizdə 13-15 yaşlı uşaqların dünyaya uşaq gətirməsi halları əvvəlki illərlə müqayisədə aşağıdır. 20 il bundan əvvəl, xüsusilə, cənub zonasında bu göstəricilər yüksək idisə, təbliğat nəticəsində bu faiz hər il aşağı düşür”.
S.Məmmədova bildirib ki, yeniyetmə vaxtı hamilə qalan qızların körpələri vaxtından əvvəl, yarımçıq doğulur. Yarımçıq doğulan uşaqlar isə əksər vaxtlarda tələf olur: "Ananın bədəni tam formalaşmadığı üçün belə hamiləlik zamanı ağır travmalar alır. Bu da onların gələcək həyatında xoşagəlməz hallara səbəb olur”.
Maraqlıdır, bu cür hallar zamanı qanunvericilik orqanlarına məlumat verilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir? Cəmiyyətimiz belə durumlara hazırdırmı?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, erkən yaşda dünyaya uşaq gətirən qadınların həyatı risk altındadır və bu məsələyə müvafiq orqanlar nəzarət etməlidirlər. Lakin nəzarət baxımından rayonlarda, əlaqədar təşkilat və komissiyalarda, hətta məktəblərdə müəyyən boşluqlar var:
"Əslində bu, neçə nikahla bağlı baş verən məsələdir. Yalnız doğuş zamanı müəyyən olunur ki, azyaşlı xanım dünyaya uşaq gətirir. Xüsusilə rayon yerləri və bələdiyyələr sosial problemlərin həll edilməsində, onların qarşısının alınmasında aktiv iştirakçıya çevrilməlidirlər. Əgər 13 yaşında uşaq dərsə gəlmirsə, buna cavabdeh məktəbdir və mütləq araşdırma aparılmalıdır. Sahə müvəkkili bu məsələdən vaxtında xəbər tutmalıdır, əslində onlar hər şeydən xəbərdar olurlar, amma görünür ki, yerlərdə hələ də stereotiplər mövcuddur. Hesab edirlər ki, ailə işinə qarışmaq düzgün deyil. Lakin sonda Səhiyyə Nazirliyi müəyyən edir ki, məhz belə bir problem var.
Həmçinin yerli QHT-lər, ailə, uşaq və dövlət komitəsi məktəblərdə monitorinqləri gücləndirməlidir. Eyni zamanda icra hakimiyyətlərində bu məsələylə əlaqədar ola biləcək müəyyən komissiyalar da var. Bu problemi bir qurumun üstünə atmaq olmaz, ciddi surətdə əlaqədar komissiyalar öz fəaliyyətini qurmalıdır. Həmin komissiyanın içində bələdiyyələr də var”.
Birlik sədri həmçinin deyib ki, müəyyən stereotiplərdən azad olmaq lazımdır. Onun sözlərinə görə, əksəriyyət insanlar stereotiplərdən asılı olurlar, nəticədə belə problemlər ortaya çıxır. Valideyn hamilə qadını həkimə aparmır, müayinədən keçirtmir, hadisəni gizlədir və son məqamda doğuşa aparır. Sonra da tələb edirlər ki, sağlam uşaq doğulsun: "Həmin uşaqları qorxularından həkimə aparmırlar. Beləliklə, bu cür hallarda uşaq və ana ölümü halları baş verir. 13 yaşında dünyaya uşaq gətirən qadının təbii ki, özü və uşağı ölə bilər. İnsan ölümü ilə nəticələnə biləcək proseslərə göz yumurlar”.
Yeganə Bayramova