Politoloq Azər Rəşidoğlunun "Sherg.az”a açıqlamasına görə, Amerika Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir. Trampın məktubu da onu deməyə əsas verir ki, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başlayıb:
"Vaşinqton İrəvanı Qarabağ danışıqlarını bərpa etməyə səsləyir, amma..." - ŞƏRH
Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan 26 sentyabr tarixində Nyu-Yorkda görüşəcəklər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə göndərdiyi təbrik məktubunda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsında yeni imkanlar barədə ilginc anons verib.
Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacağı qeyd edən Tramp məktubda bildirib:
"ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır".
ABŞ-ın dövlət katibi Maykl Pompeo da öz bəyanatında rəsmi İrəvan və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır".
Maraqlıdır, Trampın məktubu fonunda Nyu- York görüşü Dağlıq Qarabağ münaqişəsi üçün nə vəd edir?
Politoloq Azər Rəşidoğlunun "Sherg.az”a açıqlamasına görə, Amerika Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir. Trampın məktubu da onu deməyə əsas verir ki, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başlayıb: "ABŞ-ın mövqeyi bəllidir. Vaşinqton Qarabağda nə Ermənistanın, nə də Azərbaycanın qələbəsini istəyir. Vaşinqton Ermənistana tam nəzarət etmək imkanında da deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 nömrəli hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib. Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi katakizmlər yaratsın. Bu baxımdan, Trampın məktubunun da Qarabağ danışıqlarına böyük təsiri olmayacaq.
Əgər söhbət ABŞ vasitəsi ilə İrəvana təsir göstərib Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu real görünmür. Düzdür, Ermənistana beynəlxalq təzyiqlər artacaq. Lakin bu təzyiqlər Qarabağın qaytarılması ilə bağlı olmaya da bilər. Tramp İrəvanı yeni Qarabağ savaşından yayınmağa səsləyir. Əvəzində "mükafat” da vəd edir, yəni "Ermənistan-ABŞ əlaqələri üçün yeni variantlar yarada biləcəyini” vurğulayır. ABŞ üçün bu mərhələdə Ermənistan-İran sərhədinə nəzarət etmək daha vacibdir. Ona görə də Vaşinqton İrəvanı Qarabağ danışıqlarını bərpa etməyə səsləyir. Görünür, Paşinyan Trampa İran məsələsində lazım olacaq”.
Politoloqun sözlərinə görə, Ermənistan daxilində Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Paşinyanı yalnız erməni millətçiləri dəstəkləyir. Paşinyanın Dağlıq Qarabağ məsələsindəki ilk addımları da onun savaşçı imicini formalaşdırır:
"Əslində, Paşinyan bütün dünyaya meydan oxuyur. Belə ki, BMT Təhlükəsizlik Şurasının (822, 853, 874, 884) və Baş Assambleyasının qətnamələri – Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklərlə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün gücün istifadəsinin yolverilməzliyini ifadə edir. Həmin qətnamələr Azərbaycanın ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin oradan tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrdən heç birini yerinə yetirməyib və buna görə də, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə (Maddə 41) uyğun olaraq Ermənistanı blokadaya alıb. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan hərbi yolla ayırmaq cəhdləri "öz müqəddəratını təyin etmək" hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Azərbaycan dəfələrlə bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq ümummilli referendum yolu ilə həll oluna bilər”.
A. Rəşidoğlunun qənaətincə nə Rusiya, nə də ABŞ yeni savaşın başlanmasını arzulayır:
"Hiss edilən odur ki, tərəflərin sülhə hazırlıq prosesi də getmir. İctimaiyyətlərin sülhə hazırlanmasının çətin məsələdir. Sadəcə, təcrübəsiz Paşinyanın hərbi ritorikasının ağır fəsadlar verə biləcəyi onun nəzərinə çatdırılır”.
Şəymən