Vaşinqton:“Türkiyə Suriyadakı atəşkəsə riayət etsin” - Heç nə dəyişməyib

"ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyəyə gəldi və Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla, o cümlədən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü. O danışıqlar zamanı Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi". 
Bu barədə "Sherg.az"a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı yazıb:
"Heç nə dəyişmədi. ABŞ əvvəlki tək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçulara Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır, üstəlik də Vaşinqtondan açıqlama gəlir ki, "Türkiyə Suriyadakı atəşkəsə riayət etsin”. Ortaq mexanizmlər də söz olaraq qaldı. Beləcə Ankara-Vaşinqton xəttində gərginlik davam edir.
Bu arada, Fransa da "bölgədə mən də varam” deməyə çalışır. Paris də Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir və s. Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir, o birisi Almaniya ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. 
Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər. Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır, Türkiyəyə "hücumu dayandır” və ya "atəşkəsə riayət et” mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir.
Ayyət Əhməd