Vergi orqanı repetitorları necə müəyyənləşdirəcək ? - AÇIQLAMA

Məlahət Mürşüdlü:"Müəllimlər vergini ödəməmək üçün repetitorluq fəaliyyətini gizlətməyə çalışsa da müvafiq orqanlar, hüquq-mühafizə orqanları bunu araşdırıb, vergiyə cəlb edəcəklər"


"Yalnız müəllim deyil, hər kəsin əmək haqqından əlavə gəliri varsa, gələn gəlirdən vergi ödəməlidir”.

Bunu Sherg.az-a repetitorların vergilərə cəlb olunmasından danışarkən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, bu vəziyyət bütün hüquqi dövlətlərdə qanun çərçivəsində tənzimlənir və müəllim vergi ödəyicisi olmalıdır:

"Vicdanı olan müəllim bu fəaliyyətlə məşğul olduğunu gizlətməməlidir. Müəllimlər vergini ödəməmək üçün repetitorluq fəaliyyətini gizlətməyə çalışsa da müvafiq orqanlar, hüquq-mühafizə orqanları bunu araşdırıb, vergiyə cəlb edəcəklər. Ancaq müəllimlərimiz vəziyyəti o həddə çatdırmamalıdır. Bu məsələdə vətəndaş mövqeyi sərgiləmək lazımdır ki, mən vergi ödəyicisiyəm, dövlətimə, həm də özümə xeyir verirəm. Müəllimlərimiz, repetitorlarımız qəbul etməli və heç kim onların qapısını döymədən üzü ağ, alnı açıq vergilərini ödəməlidir”.

Müəllimlərin bu məsələyə münasibətinə gəlincə M.Mürşüdlü deyib ki, repetitorların bunu necə qarşılamasından asılı olmayaraq bu qanundur və hər kəs əməl etməlidir:

"Qanun hər şeydən yüksəkdir. Sözsüz ki, etiraz edən olar, amma biz müəllim kimi qanunun aliliyindən danışırıqsa, özümüz də buna əməl etməliyik. Burada tək vergi deyil, eyni zamanda repetitorlar Sosial Müdafiə Fondunun ödəyicisi olur. Ödənilən məbləğ gələcəkdə təqaüdə çıxma zamanı gərəkli olur. Müəllimlər bunun hüquqi tərəfini daha dərindən öyrənsələr düşünürəm ki, vergini ödəməklə bağlı problem yaratmazlar”.

Qeyd edək ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin məlumatına görə fərdi repetitorluq sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olanlar fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar.

Aysel Aslan