Şəmistan Əlizamanlı və Sahib Səfərov şəhidlərimizin qanının yerdə qalmayacağına əmindir
Vətən sağ olsun!
Biz məğruruq, hələ qisasımız var
Şəmistan Əlizamanlı və Sahib Səfərov şəhidlərimizin qanının yerdə qalmayacağına əmindir
Şəmistan Əlizamanlı və Sahib Səfərov şəhidlərimizin qanının yerdə qalmayacağına əmindir
Şəhid dəfnlərində çəkilən şəkillər və videolar qədər ürək ağrıdan mənzərə yoxdur. Səssiz sandığımız bu fotolar əslində dili ilə ürəyimizə köz basır. Müharibənin, savaşın görmədiyimiz, bilmədiyimiz üzündən danışır bizə. Ata-anaların, körpə övladların gizlətmək istədikləri, amma gizlədə bilmədikləri ağrı, əzab yağır o fotolardan. Cəbhə xəttindən hər şəhid xəbəri gələndə biz də ölürük onlarla. Qəhərdən boğuluruq, onlara dəyən güllə yarasını içimizdə hiss etdiyimizi sanırıq, amma şəhidlərimizin dəfn mərasimində görürük ki, torpağa tapşırdığımız təkcə şəhidlər deyil. Onlarla birlikdə anaların, ataların da üstünə torpaq atırıq.
Onların acısını anlayırıq, amma o ağrını onlar qədər yaşamırıq. Niyə bilmirəm, amma hər şəhid xəbəri gələndə onların analarından çox atalarına yanıram. Qadınlar üçün ağlamaq, "oğul, ay oğul” deyib haray çəkmək asandır. Amma ataların bu haqqı tanınmayıb. Yazılmamış bir qanun var: "Atalar, ağlamaz! Onların boynunda məğrur dayanıb, bayrağı qəbul edib, "Vətən sağ olsun” demək kimi böyük bir yükü var.
"Üç oğlum var, birini də Vətənə fəda edirəm”- deyən Ağakərim İbrahimov (Milli Qəhrəman Mübariz İbrahimovun atası) kimi.
Nəşi 39 gün düşmən əsirliyində qalan və 40-cı gün uğruna canından keçdiyi torpağa tapşırılan Milli Qəhrəman Çingiz Qurbanovun atasının məğrur və qürurlu duruşu isə əsl vətənpərvərlik nümunəsi idi: "Deyirsiz, çox qürurluyam. Əlbəttə, Çingiz kimi oğlu olan necə olmalıdır?! Mən çox xoşbəxtəm ki, şəhid atasıyam”.
Aprel döyüşləri zamanı şəhid olan hərbiçilərimizin də ataları "Vətən sağ olsun!” cümləsini elə fəxarətlə dedilər ki, onların özlərini məğrur və qalib aparmasından biz də qürurlandıq. Bəlkə də
buna görə, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan Elvin Əhmədovun atasının sosial şəbəkələrdə yayılan fotosu cəmiyyət tərəfindən birmənalı qarşılanmadı.
Həmin fotonu görən an çoxdan oxuduğum bir şeiri xatırladım:
Şəhid ataları, baxmayın yerə, Baxsanız od tutar bu kol, bu yarpaq.
Oğlunuz kişitək öldü bir kərə,
Yad ələ keçməsin bu yurd, bu torpaq
Şəhidimizin dəfn mərasimi zamanı atasının boynubükük şəkli ona baxan hər kəsi dərindən sarsıtdı, içimizi göynətdi. Sanki dünyanın bütün ağrı-acısını onun çiyinlərinə yükləmişdilər. O, digər şəhid ataları kimi göz yaşlarını qəlbinə axıdıb övlad itkisi qarşısında mətin dayana bilmədi. Biz müharibənin bütün dəhşətlərini onun gözündəki qəm-qüssədə gördük. Elvin Vətən uğrunda, daha dəqiq, biz isti evlərimizdə oturub, onun atasının boynubükük fotolarını yayıb, qınayaq deyə Şəhid oldu?! Axı biz niyə deməliyik ki, filankəsin atası məğrur dayandı? Üçrəngli Azərbaycan bayrağını sinəsinə sıxıb, 20 yaşlı oğlunu torpağa tapşıran ata niyə qınanmalıdır ki?! Məgər övlad itkisindən beli bükülən, boyu əyilən atalar məğrur deyillər? Əlbəttə, hər kəsdən daha məğrurdur. Biz "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” prinsipindən irəli gələrək şəhid verəndə qürurlanırıqsa, övladı qəhrəmanlıq mərtəbəsinə yüksələn bir ata özünü necə məğlub hiss edə bilər?!
Vətənpərvərlik mahnılarının mahir ifaçısı, bizləri daim düşmənlə savaşa səsləyən, qanımızı coşduran möhtəşəm səsə sahib Şəmistan Əlizamanlı "Şərq”ə açıqlamasında şəhid ailələrinin Vətənə olan sevgisindən danışıb: "Bir qrup ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi iştirakçıları ilə birlikdə Tovuz rayonunun Yanıqlı kəndində torpağa tapşırılan şəhid Elvin Əhmədovun ailəsinə baş çəkib, ata- anası ilə söhbət etdik. Şəhidimizin ailəsində heç bir ruh düşkünlüyü və məyusluq görmədim. Hər bir şəhid atası kimi Elvinin atası da qarşımızda mətin dayanıb, "Vətən sağ olsun!” dedi. Amma biz 20 yaşlı oğlu torpağa tapşırılan atanın halını anlamalıyıq. Övlad itkisi çox ağırdır. Onun boynubükük fotosunda bu qədər söz-söhbətə səbəb olacaq dərəcədə qeyri-adi heç nə yoxdur.
Biz həmin gün Şəkidən olan şəhidimiz, mayor Aqşin Abudullayevin də ailəsinə baş çəkdik. Onların ailəsində də heç bir ruh düşkünlüyü yox idi. Valideynləri kifayət qədər qürurlu və mərd dayanmışdılar. Hətta Aqşinin böyük oğlu ilə bir az söhbət elədim və hərbiçi olmaq istədiyini eşitdim. Hələ ki, 6-cı sinifdə oxuyur, inşallah, böyüsün, onun hərbi təhsil alması üçün əlimizdən gələn dəstəyi edəcəyik. Bu gün isə (dünən) Beyləqanda dəfn olunan şəhid Zülfü Qədimovun ailəsi ilə görüşdük. Eyni məğrurluq Zülfünün ailəsində də vardı. Əgər kimsə sözügedən şəkil fonunda "aprel savaşları” zamanı yaranan döyüş əhval-ruhiyyəsinin azaldığını, insanlarda ruh düşkünlüyü yarandığını düşünürsə, yanılır. Qələbəni təmin edən amillərdən biri də xalqın yüksək əhval-ruhiyyəsidir. O da bizdə var.
Döyüş isə hələ bitməyib. Biz öz vətənimizi sevirik, biz o torpaqlarımızı qaytarmalıyıq və qaytaracağıq da. Əsgərlərimizin şəhid olması bizi çox üzür, amma bu itkilərə dözməkdən başqa yolumuz yoxdur. Biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına razı ola bilmərik. Bildiyiniz kimi, bu gün ordumuz düşmənin hərbi-nəqliyyat vasitəsini məhv edib. İnanıram ki, cəbhə bölgəsində üstünlüyü ələ keçirən Silahlı Qüvvələrimiz qələbə xəbəri ilə bizləri sevindirəcək”.
Adına atəşkəs dediyimiz, əslində isə davam edən savaşımızda mübarizliyin əsasını qoyan mayor Ramil Səfərovun atası Sahib Səfərov da şəhid atalarını mətin olmağa çağırıb.
Bu çağırışın səmimiyyətinə isə şübhə ola bilməz. Çünki bunu bayrağımızı təhqir etdiyinə görə erməni zabit Qurgen Markaryanı öldürən və Macarıstan məhkəməsinin hökmü ilə ömürlük həbs cəzasına məhkum olunan, ancaq dövlətimizin səyi nəticəsində 8 il yarım qürbət ölkənin həbsxana divarları arasında qaldıqdan sonra Azərbaycana ekstradisiya olunan bir qəhrəmanın atası deyib.
Cəbhə ilə bağlı bütün xəbərləri izlədiyini vurğulayan Sahib müəllim Azərbaycan ordusunun düşməni yerində oturtmağa qadir olduğunu deyib: "Mərd, döyüşkən və qəhrəman oğullarımız hər dəfəsində düşmənin cəbhəboyu törətdiyi təxribatların qarşısını alır və onları geri çəkilməyə vadar edir. Doğrudur, döyüşlərdə şəhid də veririk və bu bizi çox sarsıdır. Amma ölkəmiz müharibə şəraitində yaşayır və hər an itkiyə hazır olmalıyıq”.
Cəmiyyətdə döyüş əzminin və vətənpərvərlik əhval-ruhiyyəsinin formalaşması üçün şəhid valideynlərinin, hərbiçi ailələrinin hər zaman qürurlu və qorxmaz dayanmasının əhəmiyyətli bir hal olduğunu vurğulayan S.Səfərov deyib ki, cəbhə bölgəsində gərginlik olduğu anlarda bütün gözlər məhz bu insanlara dikilir: "Biz atalar, analar boynubükük, gözüyaşlı dayanıb düşməni sevindirməməliyik. Əksinə, başımızı dik tutmalıyıq ki, gələcək nəsil də bizdən örnək götürsün. Düşmən qarşısında gözüyaşlı dayanmaq onlardan qorxmaq kimi anlaşıla bilər və biz buna yol verməməliyik. Şəhidlik elə bir yüksək mərtəbədir ki, ora qədər qalxmaq hər oğula nəsib olmur. Övladı şəhid olan insanlar da bu adın məsuliyyətini dərk etməli və oğlunun şücaəti ilə qürur duymalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncama toxunan Sahib müəllim bu addımın torpaqlarımıza qayıdışın başlanğıcı kimi dəyərləndirir: "İnanıram ki, nəyin bahasına olursa-olsun, Azərbaycan işğal olunmuş torpaqları geri qaytaracaq və ərazi bütövlüyümüz bərpa olunacaq. Bunu bir zabit atası olaraq deyirəm. Ramil ömürlük həbs cəzası aldığı günlərdə belə mən onun gec-tez yanımıza qayıdacağına ümid edirdim. Hətta onun azad olunacağına inandığımı deyəndə çoxları mənə inanmadı ki, ömürlük cəza alan biri necə azad oluna bilər. Ancaq 8 il sonra Ramil öz azadlığına qovuşdu. Eyni inam hissi ilə deyirəm ki, başınızı dik tutun, Şəhid ataları, torpaqlarımız da işğaldan azad olunacaq, şəhidlərimizin qanı da alınacaq!”
Şəymən