Novella Cəfəroğlu: “Generalın oğlunun həbsi, özünün də vəzifədən kənarlaşdırılması digərlərinə də dərs olmalıdır, qoy hər kəs nümunə götürsün”
Vətəndaşlar prezidentinə güvənir
Daha heç bir məmur övladının özbaşınalığı cəzasız qalmayacaq
Novella Cəfəroğlu: “Generalın oğlunun həbsi, özünün də vəzifədən kənarlaşdırılması digərlərinə də dərs olmalıdır, qoy hər kəs nümunə götürsün”
Novella Cəfəroğlu: “Generalın oğlunun həbsi, özünün də vəzifədən kənarlaşdırılması digərlərinə də dərs olmalıdır, qoy hər kəs nümunə götürsün”
Özlərini normal aparsınlar, sadə vətəndaşlar kimi onlar da qanuna tabe olsunlar. Belədə vətəndaş da can-başla dövlətə qulluq edəcək, görəcək ki, onun haqqı itirilmir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini general Novruzəli Orucov Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edildi. Oğlu Rüstəm Orucov avtobus sürücüsünü döydüyünə görə. Oğlunun "badına” getdiyini general dünən yerli KİV-lərə verdiyi açıqlamada demək olar ki, təsdiqləyib. Arada avtobus sürücüsünün də günahkar olduğuna diqqət ayrılmasını da istəyib, amma bir məsəldə deyildiyi kimi, "qatar yola salınıb artıq. Həm də Novruzəli Orucovsuz”. Bununla da son illərdə övladlarının badına gedən vəzifəli şəxslərin siyahısına biri də əlavə olundu.
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov, İsmayıllının icra başçısı Nizami Ələkbərov, ardınca da əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, daha sonra Cəbrayıl, Quba rayon icra hakimiyyəti başçılarının vəzifələrindən azad edilməsi, millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlunun törətdiyi əmələ görə ömürlük həbs cəzası alması, Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun avtoxuliqanlıq edən oğluna görə vəzifədən kənarlaşdırılması, Tərtər rayon icra başçısının birinci müavini Vidadi Bəylərovun oğlunun bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasına görə cəzalanması, atanınsa vəzifədən kənarlaşdırılması...
Əslində, bütün bu baş verənlər özlərinə qanunsuz olaraq külli-ixtiyar tanıyan vəzifə sahiblərinə dərs olmalıydı. Amma görünür, bəzi məmurlar hələ də vəzifə səlahiyyətlərini aşmalarının və övladlarına da düzgün əxlaq, təlim-tərbiyə verə bilmədiklərinin hansı nəticələrə gətirib çıxaracağının fərqində deyillər.
Bəlkə də dünənədək Azərbaycan əhalisi arasında qanunun aliliyinə şübhə edənlər, məmurların və onların "gül balaları”nın, "day-dayı” olanların cəzadan kənar qaldığı fikri formalaşmışdısa, son hadisələr bu mənfi stereotipləri artıq dağılıb. Azərbaycan insanında qəti inam yaranıb ki, ölkə başçısı hər bir ədalətsizliyin, qanun pozuntusunun, məmur özbaşınalığının qarşısını alacaq. Azərbaycan vətəndaşı Prezidentinə güvənir. Ölkə başçısının son zamanlar yüksək vəzifəli məmurları cəzalandırması tutduğu mövqedən, var-dövlətindən asılı olmayaraq hər kəsin qanun qarşısında cavab verəcəyinin sübutudur. Bu hal, əlbəttə ki, cəmiyyət tərəfindən müsbət qarşılanır.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında qanunu pozan məmur övladlarının cəzalanmasının müsbət hal olduğunu dedi:
- Əlbəttə, bu, çox müsbət haldır. Kim qanunu pozursa, cinayət əməli törədirsə, ona müvafiq də cəzasını almalıdır. Məsələn, bankdan kredit götürən biznesmenləri məsuliyyətə cəlb edirlər. Deyirlər, ya pulu qaytar, ya da həbs olunacaqsan. Bu qədər pulu sən götürüb neyləmisən?! Daha heç kim cəzadan yayına bilməz. Kimliyindən asılı olmayaraq qanunu pozan cəzalanacaq. Doğrudan da, bu, təqdirəlayiq haldır. Belə hallar göstərir ki, Azərbaycanda sivil, demokratik dövlət quruluşu oturuşur artıq.
Korrupsiyaya qarşı mübarizə güclənir, vəzifəsindən sui-istifadə edənlər cəzalanır, vəzifədən kənarlaşdırılır. Dünən generalın oğlunu həbs etdilər, əgər sabah hansısa məmurun övladı və ya özü qanunu pozacaqsa, cinayət əməli töərədəkcə, o da qanun qarşısında cavab verməli olacaq. Belədə Azərbaycanı "siyasi motivli həbslər”ə görə ittiham etmək də çətin olacaq. Çünki dünya görəcək ki, bizdə hər kəsə tutduğu əmələ müvafiq cəza verilir. Yüksək vəzifəlilər də, onların övladları da bu hadisələrdən nəticə çıxarmalıdır, anlamalıdırlar ki, daha əvvəlki kimi onlara güzəşt edilməyəcək. Özlərini normal aparsınlar, sadə vətəndaşlar kimi onlar da qanuna tabe olsunlar. Belədə vətəndaş da can-başla dövlətə qulluq edəcək, görəcək ki, onun haqqı itirilmir.
N.Cəfəroğlu bildirdi ki, kənar müdaxilələr olmadıqda məhkəmələr kimliyindən asılı olmayaraq təqsirkar şəxslə bağlı ədalətli qərarlar çıxarır:
- Məhkəmələr hər bir işə qanunun aliliyi çərçivəsində baxmalıdır. Cinayəti törədən ona müvafiq də cəzasını almalıdır. Məsələn, biz təşkilatımıza müraciət edən qadınların işinə baxılmasında məhkəmələrdən razıyıq. İddia qaldırdığımız işlərin demək olar ki, 70-80 faizini uduruq. Çünki heç kim kənardan müdaxilə etmir. Heç kim hakimə, prokurora tapşırıq vermir. Amma bunun əksini gördüyümüz məhkəmə prosesləri də var. Məhkəmələr ancaq qanuna tabe olmalıdırlar. Əlbəttə, cinayətkarların əməlləri müqabilində də cəza almaları müsbət haldır və cəmiyyətdə də bu, yaxşı qarşılanır. Generalın oğlunun həbsi, özünün də vəzifədən kənarlaşdırılması digərlərinə də dərs olmalıdır, qoy hər kəs nümunə götürsün.
Bilsinlər ki, daha hüdudsuz hakimiyyətə sahib deyillər. Bu ölkənin Prezidenti var, bu ölkədə qanun var, məhkəmə var. Vəzifəlilərin övladları da, var-dövləti ilə öyünənlər də bilsinlər ki, qanun hamı üçündür. Qanundan kənara çıxarlarsa, cavab verməli olacaqlar. Övladları bədbəxt edən valideynləridir. Uşağa bahalı maşın alanda bilmirlər ki, həmin uşaq pis yola düşəcək, ya özü qəza törədib öləcək, ya da bir başqasını bədbəxt edəcək? Bu qədər qaçqını, köçkünü, Qarabağ dərdi olan bir ölkədə kimsə var-dövləti ilə öyünüb, atasına, dayısına arxayın olub, qanunsuzluğa yol verməməlidir.
Məlahət Rzayeva