Vəziyyət dəyişib, ATƏT də anlayır

“Təşkilatın xüsusi nümayəndəsi parlamentə hesabat verməyə hazır olduğunu deyib”
“Artıq mühüm sənədlərdə Ermənistanın adı açıq şəkildə işğalçı kimi təqdim olunur”


ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Viqen Azərbaycana və Ermənistana səfərlər barədə hesabat hazırlayır. Bu hesabat iyulun 1-dən 5-dək Tbilisidə keçiriləcək sessiyada iştirakçılara təqdim ediləcək.

Sessiyada 57 ölkədən 700 deputatın iştirak edəcəyi bildirilir. Son proseslərdən sonra beynəlxalq təşkilatların sərgilədiyi mövqedə dəyişiklik olduğunu deyən millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında deyib ki, ATƏT indiyə qədər Minsk Qrupunun hesabatını dinləmək barədə Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləməyib: "Həmin qurum bir qayda olaraq bu məsələnin onların səlahiyyətindən kənar olduğunu bildirirdilər. Amma indi vəziyyət dəyişib və təşkilatın xüsusi nümayəndəsi parlamentə hesabat verməyə hazır olduğunu deyib. Bu dəyişiklik Azərbaycanın beynəlxalq aləmdə qazandığı siyasi nüfuzun göstəricisidir. Ərazi bütövlüyümüzün dəstəklənməsi və Ermənistanın işğal faktorunun pislənməsi birbaşa Azərbaycanın apardığı uğrulu siyasət nəticəsində reallaşıb”. Deputat bildirib ki, hər bir dövlət öz suverenliyini çox ciddi şəkildə möhkəmləndirməli və dünya birliyinə qəbul etdirməlidir: "Ara-sıra ərazi bütövlüyü ilə bağlı bizə dəstək verilirdi. Ancaq bu şəkildə geniş dəstək verilməsi, xüsusi dinləmələrin və müzakirələrin keçirilməsi indiyə kimi mümkün olmayıb. Fikrimcə, son aylar Dağlıq Qarabağ probleminin müzakirəsi beynəlxalq aləmdə yeni mərhələyə keçib. Artıq mühüm sənədlərdə Ermənistanın adı açıq şəkildə işğalçı kimi təqdim olunur. Bundan sonra Ermənistan siyasi cəbhədə də ağır zərbələr almaqda davam edəcək”.

İsmayıl