Peşəkarların orduya cəlb olunması prosesi davamlı aparılmalıdır
Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər. Bildirilib ki, Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər. Kursa təqdim olunan namizəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namizədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirlər. Kursu müvəffəqiyyətlə başa vuran namizədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirlər və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. Könüllülərin müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunması prosesini müsbət dəyərləndirdiyini vurğulayan hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun müdafiə naziri təyin olunandan sonra bu istiqamətdə real addımların atıldığını deyib: "Cəmiyyət tərəfindən təqdir olunan bu addım eyni zamanda müsbət nəticələr də göstərməyə başlayıb. Fiziki cəhətdən sağlam, bütün göstəriciləri ilə hərbi xidmətə yararlı olan, hərtərəfli hazırlığı olan gənclərin əksəriyyəti bu gün müddətdən artıq həqiqi hərbi qulluqçu kimi ordu sıralarında fəaliyyət göstərir. Amma onların içərisində zamanla özünü doğrultmadığı üçün tərxis olunanları da oldu. Hansı ki, onlar orduya qoşulandan sonra başını aşağı salıb, xidmət etmək əvəzinə, yanlış yola sapdılar. Amma bildiyim qədəri ilə budəfəki seçim tam fərqli aparılacaq. Ordu rəhbərliyi kəmiyyətdən daha çox keyfiyyətə önəm verəcəklər”.
Könüllülərin hərbi xidmətə cəlb olunmasını peşəkar ordu quruculuğuna keçidin bir mərhələsi kimi dəyərləndirən ekspert deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbiçilər şəxsi keyfiyyətlərinə, hazırlıq qabiliyyətinə görə, həqiqi hərbi xidmət keçən əsgərlərdən fərqlənirlər: "Hesab edirəm ki, həyat və döyüş təcrübəsi olan peşəkarların orduya cəlb olunması prosesi davamlı aparılmalıdır. İldə 4 dəfə müddətli həqiqi hərbi xidmətə çağırış aparmaqdansa, bərkə- boşa düşmüş gənclərin müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunmasına daha çox üstünlük vermək lazımdır”.
Bu prosesin Müdafiə Nazirliyi ilə yanaşı, digər qoşun birləşmələrində də həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayan Ü.Cəfərov deyib ki, istənilən halda təcrübəli gənclər 18 yaşlı "südəmər” uşaqlardan daha çox fayda verə bilər.
Bir sıra ekspertlərin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların ön cəbhəyə cəlb olunması fonunda həqiqi hərbi xidmət keçən əsgərlərin sadəcə arxa cəbhədə xidmət keçməsi təklifini müsbət dəyərləndirən Ü.Cəfərov hesab edir ki, təklifin reallaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır: "Artıq bizim Müdafiə Nazirliyinə ünvanladığımız təkliflər dəyərləndirilib. Birinci Qarabağ savaşının təcrübəli zabit və gizirlərinin xeylisi bu saatlarda cəbhə bölgəsinə göndərilib. Təlim müddətində onların bilik və bacarıqlarından istifadə ediləcək. Ən azından savaş görmüş insanlar hansı təpənin, hansı yamacın daha strateji nöqtə olduğunu bilirlər. Rəhbərlik də çox sağ olsun ki, bizim təkliflərimizi müsbət dəyərləndirib keçmiş döyüşçülərin bilik və bacarıqlarından istifadə etməyə qərar verib”.
Şəymən