Dünyanın heç bir yerində sosial şəbəkələrlə bağlı qanun yoxdur
Ekspertlər hesab edir ki, sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin qanunla tənzimlənməsi mümkün deyil
Millət vəkili Hikmət Məmmədov parlamentin plenar iclasında sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin qanunla tənzimlənməsini təklif edib. Sosial şəbəkədən geniş istifadə olunduğunu və bu sahənin qanunla tənzimlənməsinin zəruriliyini qeyd edən deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, KİV-də tənzimləmələr ilə bağlı yetərincə müddəalar var və onlar internetə də şamil olunur: "Hazırda qanunvericilikdə Azərbaycan İnterneti və Kütləvi İnformasiya Vasitələri (KİV) hüquqi cəhətdən bərabərləşdirilib. Belə ki, mövcud Kütləvi İnformasiya Vasitələri haqqında qanunda internet, həm də KİV olaraq qəbul edilib”. Onun sözlərinə görə, indiyədək internetdə, sosial mediada bəzi hüquq pozuntuları ilə bağlı işlər olub ki, onlar artıq məhkəmənin predmetinə çevrilib.
O.Gündüzün dediyinə görə, sosial şəbəkələrdə fəaliyyətin tənzimlənməsi ilə bağlı məsələlər "KİV haqqında" qanun ilə yanaşı, son dəyişikliklər qəbul edilmiş Cinayət Məcəlləsində də yer alır: "Məsələn, bu gün internet və sosial mediada anonim resurslar, profillər və hesablar vasitəsi ilə təhqir, böhtana yol verən şəxslər Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, məsuliyyətə cəlb edilə və cərimə oluna bilər. Bu baxımdan əlavə bir qanunun qəbuluna ehtiyac yoxdur”.
Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli də deyib ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən sosial şəbəkə üzərindən təhqir və böhtana cərimələr müəyyən edilib:
"Əgər sosial şəbəkə sahəsində hüquqi boşluq deyən varsa, bu, doğru deyil. Boşluq yoxdur. "KİV haqqında” qanunda da açıq şəkildə göstərilib ki, onlayn media medianın bir qoludur. İnternet medianın hüquq və vəzifələri bu qanunda müəyyən edilib. Sosial şəbəkə də internet mediası olduğu üçün bu hüquq və vəzifələr onun üçün də keçərlidir”.
Sosial şəbəkə istifadəçilərinin fəaliyyətinin qanunla tənzimlənməsinin mümkün olmadığını vurğulayan ekspert demokratik ölkələrin heç birində belə bir qanun yoxdur deyib: "Praktik olaraq da bu, mümkün deyil. Çünki sosial şəbəkələr virtual mühitdir. Bu mühitdə isə sərhəd yoxdur. Virtual mühit də Azərbaycan ərazisi sayılmır. Azərbaycan ərazisi o vaxt sayılır ki, o, "Az" domenində olsun. Təbii ki, "Az" domenində sosial şəbəkə yoxdur. "Facebook", "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrin tənzimlənməsini düşünürlərsə, onun "Az" domeni olarsa, tənzimləyə bilərlər. "Com" olan domen Amerikada yerləşir. Bu da təbii ki, Amerika qanunları ilə tənzimlənir. Dolayısı ilə biz Amerikada fəaliyyət göstərən bir təşkilata hansısa işi "gör" və ya "görmə" deyə bilmərik”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə sosial şəbəkə istifadəçiləri arasında məsuliyyətin artırılması üçün qanunlara bəzi dəyişiklik və əlavələrin edilməsinə tərəfdar olduğunu deyib. Buna rəğmən, o da sosial şəbəkələrlə bağlı ayrıca qanunun qəbul edilməsinin bir qədər uyğunsuz olacağını zənn edir:
"Dünyanın heç bir ölkəsində, eləcə də sosial şəbəkələrin arxasında duran ABŞ-ın özündə belə şəbəkələrlə bağlı qanunlar yoxdur. Ayrıca olaraq, sosial şəbəkələrin özlərinin davranış qaydaları var. Həmin qaydalarda şəbəkələrdə qeydiyyatdan keçərkən istifadəçilərə təklif edilir ki, onu oxuyub, tanış olmaqla qəbul etsinlər. Amma əksəriyyətimiz həmin qaydaları çox zaman oxumadan imza atmaqla qəbul edirik. Həmin qaydalara əməl ediləcəyi təqdirdə, sosial media və sosial şəbəkələrdə elə də ciddi problemlərlə üzləşməyəcəyik. Lakin dövlət sirrinin yayılması, dövlət təhlükəsizliyi ilə bağlı məsələlər, Azərbaycana, ümumiyyətlə, ayrı-ayrı şəxslərə qarşı qarayaxma kampaniyasının aparılması kimi məsələlər əlbəttə ki, konkret qanunlarla tənzimlənən məsələlərdir. Sadəcə olaraq, bu məsələləri gündəmə gətirmək lazımdır. Yəni həmin məsələləri gündəmə gətirib daha populyar etmək, insanları maarifləndirmək lazımdır ki, sosial şəbəkələr üzərindən qanunazidd əməllər törədiləcəyi təqdirdə hansı cəzalarla üzləşə biləcəklərini bilsinlər. Sosial şəbəkənin özü ilə bağlı qanun qəbul etmək isə hələlik mənim üçün anlaşılmazdır”.
Şəymən