Virus yayılıb: Gözlənilməyən mesajlara, linklərə daxil olmayın!

"Sosial media resurslarının rəhbərləri tərəfindən təhlükəsizlik tədbirləri daim gücləndirilsə də, virusların, haker hücumlarının qarşısını tamamilə almaq mümkün olmur”.
Bunu "Sherg.az”a "Facebook”da messencer vasitəsilə təhlükəli virus yayılmasının səbəblərini izah edərkən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyib. O bildirib ki, zamanla belə virusların yayılması təkrarlanır:
"Diqqət edilməli məqam odur ki, SM rəhbərliyi ilə yanaşı, istifadəçilər özləri də elementar təhlükəsizlik qaydalarına əməl etməlidir. Gözlənilməyən mesajlara, linklərə daxil olmamalıdırlar.
Həmçinin Azərbaycanda bu sahə ilə əlaqəli dövlət qurumu var – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi. Bu qurum daim belə məsələləri monitorinq etməli, gözlənilən və baş verən təhlükələrlə bağlı mesajlar məlumatlar yaymalıdır. Bu virusların qarşısının alınması üçün hansı addımlar atılmasını qurum istifadəçilərə bildirməlidir.
Lakin həmin qurumun əsasnaməsində həmin maddələr qeyd olunsa da, fəaliyyətində bu özünü göstərmir. Bununla bağlı qurum öz saytlarında məlumat yerləşdirsə də, televiziyanın, medianın gücündən istifadə etmir. Düşünürəm ki, mərkəz bununla bağlı daha operativ olmalı, ətraflı məlumatlar yaymalıdır”.
Qeyd edək ki, kibercinayətkarlar virusu göndərmək üçün istifadəçilərin səhifələrini "sındırılar”. Belə ki, istifadəçilərə guya hər hansı dostundan məlumat gəlir. Bu linkə klik etdikdə video və sayta keçid olan səhifə açılır. Prosesin davamında isə xüsusilə kompüterlərə ziyan verən virus yüklənir.
Aysel Aslan