Vyanada Qarabağın açarının “kopyasını” da çıxardılar

Münaqişə əvvəlkindən daha çox beynəlxalq güclərin nəzarətinə keçdi
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün yekunlarına dair bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıb. Vasitəçilərin açıqlamasına görə, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Həmsədrlər iyun ayında prezidentlərin növbəti görüşünün anonsunu da veriblər. Minsk Qrupunun bəyanatı və Vyana görüşünə dair digər açıqlamalar prezidentlərin görüşündə irəliləyişin, xüsusən də Azərbaycanın maraqları çərçivəsində irəliləyişin baş verdiyini şübhə altına alır.
Sanki, beynəlxalq güclər bu görüşü təşkil etməklə, aprel gərginliyinin bir daha yaşanmamasını qarşılarına əsas məqsəd qoyublar. Azərbaycan tərəfinin üzərinə "münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik” öhdəliyinin qoyulması da bundan xəbər verir. Əslində Vyana görüşünün nəticələri ilə bağlı müsbət gözləntilər var idi. Lakin görünən odur ki, 4 günlük müharibə zamanı əldə etdiyimiz hərbi və psixoloji üstünlüyü danışıqlar masasında davam etdirməyə imkan verməyiblər...
"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq güclərin nəzarətinə keçir”
Görüşün nəticələri ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Ərəstun Oruclu deyib ki, Vyana toplantısından heç bir gözləntisi olmayıb: "Açıqlamalarımda demişdim ki, heç bir razılaşmadan söhbət gedə bilməz və bunun səbəblərini izah etmişdim. Obyektiv situasiya məhz bu cür nəticəni diktə edir. Faktiki olaraq biz yenə sıfır vəziyyətinə qayıtdıq. Üstəlik, münaqişə əvvəlkindən daha çox beynəlxalq güclərin nəzarətinə keçdi. Cəbhə xəttində kameraların quraşdırılması ilə bağlı verilən təkliflər də göstərir ki, münaqişə kifayət qədər beynəlmiləlləşir. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın və Ermənistanın imkanlarını məhdudlaşdırır. Fikrimcə, görüşün nəticəsi oldu, amma müsbət yox, mənfi nəticəsi. Vəssalam”.
"Yaranmış vəziyyət münaqişənin dondurulmasına xidmət edir”
Politoloq Azər Rəşidoğlu da görüşün nəticəsiz olduğu qənaətindədir: "Sadəcə olaraq Azərbaycanın və Ermənistanın nəzərinə çatdırıldı ki, regionda yeni savaşın başlanması yolverilməzdir. Əgər tərəflərdən hansısa biri savaşa başlayarsa, o zaman həmin tərəf zorla sülhə vadar ediləcək. Mövcud reallıq budur: - ATƏT-in Minsk Qrupunda təmsil olunan vasitəçi dövlətlər Cənubi Qafqaz bölgəsində savaşa maraqlı deyillər. Onların fikrincə, Azərbaycan və Ermənistan da bu reallığı nəzərə almalıdır. Əslində görünən odur ki, Minsk Qrupunun vasitəçilik missiyası artıq iflasa uğrayıb, bu baxımdan yeni format axtarışı gedir. Bakının birbaşa İrəvanla danışıqlara başlaması da inandırıcı görünmür. Çünki istənilən halda Qərbin və Rusiyanın maraqlarını nəzərə almaq lazım gələcək. Bu baxımdan nə qədər ziddiyyətli görünsə də, yaranmış vəziyyətdən çıxış yolu münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasıdır. Əgər regionda söz sahibi olan iki güc mərkəzi - Rusiya və Qərb arasında savaş gedirsə, bu müstəvidə Azərbaycanın öz şərtlərini diktə etməsi mümkünsüzdür. Yaranmış vəziyyət münaqişənin dondurulmasına xidmət edir. Çox güman ki, bir müddət "nə hərb, nə də sülh” müzakirəsi davam edəcək”.
"Həlledici qərar Moskvadan asılı olacaq”
Millət vəkili Zahid Oruc hesab edir ki, danışıqlar dörd günlük aprel müharibəsinin təsiri altında keçib: "Sarkisyanın müraciəti xüsusi diqqət çəkdi. O qeyd etdi ki, bölgəyə Avropadan nümayəndələr gəlsin və vəziyyəti aydınlaşdırsın. Bu, açıq-aşkar Rusiyadan şikayət, Moskvaya inanmamaq və özünə yeni "sahib” axtarmaq anlamına gəlir. Qoy Avropa Birliyindən, Qərbdən regionun araşdırılması üçün müşahidəçilər gəlsin. Bu bizim ziyanımıza deyil. Hesab edirəm, Vyana görüşü Azərbaycanın mühüm istəyini bir daha gündəmə gətirdi. Ölkəmizin aprel müharibəsində ermənilərə vurduğu zərbənin siyasi nəticələri hiss olundu. Ümidvaram ki, növbəti görüşdə Ermənistan özünü həmişəki kimi apara bilməyəcək. Vyana görüşü Azərbaycanın maraqları baxımdan normal tədbir sayıla bilər. Lakin hər bir halda həlledici qərar Moskvadan asılı olacaq”.
"Yeni görüş təyin edilibsə, deməli, bu danışıqlarda ciddi nəticə olmayıb”
Həmkarından fərqli olaraq deputat Fazil Mustafa isə görüşün mühüm nəticə vermədiyini düşünür. Millət vəkili ümumiyyətlə, bu cür görüşlərdən yenilik gözləmir: "İndiki vəziyyətdə mövqelərdə hansısa dəyişikliyin olacağını düşünmürəm. Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcək. Ermənistan da işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut edəcək. ATƏT-in Minsk Qrupunun rəhbərliyinin bu məsələyə hansısa şəkildə yanaşması yoxdur ki, prosesə təsir göstərsinlər. Bu səbəbdən, köhnə qaydada müzakirələr davam edir. Əgər yeni görüş təyin olunubsa, deməli, bu danışıqlarda ciddi nəticə yoxdur”.
"Rusiya Qarabağ münaqişəsində ilk dəfə bizi dəstəklədi”
Tanınmış siyasi ekspert Rasim Ağayev isə bildirib ki, görüş Azərbaycanın xeyrinə keçib: "Birincisi, atəşkəsi saxlamaq problemi həll olunub. İkincisi, artıq ermənilər başa düşüblər ki, Dağlıq Qarabağ probleminin həllində sülh yolundan başqa alternativ yoxdur. Burada əsas odur ki, sülh danışıqlarına hər iki tərəfdən razılıq var. Görüşün əsas detalları da bundan ibarətdir. Növbəti danışıqlar baş tutacaq. Burada Azərbaycanın qazancı ondan ibarətdir ki, aprel döyüşlərindən sonra ilk dəfə olaraq, Rusiya Qarabağ münaqişəsində bizi dəstəklədi və Azərbaycanın 7 rayonu qaytarmaq tələbi müzakirəyə çıxarıldı”. Ekspert düşünür ki, Sarkisyan və Köçəryan mübarizəsi bizim xeyrimizədir: "Ermənistanın mövqeyi zəifləyir. Bu səbəbdən şəxsən mən istəməzdim ki, Sarkisyan hakimiyyətdən getsin. Çünki onların başında nə qədər ki, belə dələduzlar var, o qədər bizim xeyrimizədir. Onlar faktiki olaraq, Ermənistana nə inkişaf, nə də çıxış yolu göstərə bilirlər. Yaxın vaxtlarda Ermənistanı çökdürəcək problemlərin şahidi olacağıq. Hakimiyyət davası, xaos düşmən ölkəni dağıdacaq”.
"İşğalçının masa başında güzəştə gedəcəyini düşünmək sadəlövhlükdür”
Politoloq Şahin Cəfərlinin sözlərinə görə isə Vyana görüşü göstərdi ki, cəbhədə aprel döyüşlərinin nəticələri masadakı diplomatik prosesə təsir göstərməyib: "Yeganə təsiri odur ki, proses intensivləşib, amma intensivləşən dialoq bizim maraqlarımız çərçivəsində getmir. Təmas xəttində beynəlxalq müşahidə mexanizminin qurulması Azərbaycan Silahlı Qüvvələrinin əlini-qolunu bağlayaraq son aylarda qazanılan taktiki üstünlüyün və işğalçı üzərindəki mühüm basqı vasitəsinin əldən verilməsinə səbəb olacaq. İşğalçının masa başında güzəştlərə meyilli olacağını düşünmək sadəlövhlükdür. Məsələnin başqa bir tərəfi beynəlxalq reallıqların bir daha ortaya çıxmasından ibarətdir. Qərb bu məsələni Rusiyanın öhdəsinə buraxıb. Bunun əsas səbəbi odur ki, Ermənistan Rusiyanın vassalıdır, Azərbaycan isə konkret qərbyönlü siyasət yeritmir və balansı saxlayır. Yəni hər iki münaqişə tərəfi Moskvanın bu məsələdə dominantlığını tamamilə qəbul etmiş durumdadır. Kobud ifadə ilə desək, Qərb riyakarcasına deyir ki, "madam hər ikiniz Rusiyaya bu qədər güvənirsiniz, qoy probleminizi ruslar həll etsin, biz kənardan bunu yalnız alqışlaya bilərik”.
İsmayıl