“Xaricdə təhsil haqqında dövlət proqramı geri qaytarılmalıdır !” - Açıqlama

Etibar Əliyev:" parıcı universitetlərin ABŞ-da olmasına baxmayaraq, bu dövlət digər inkişaf etmiş ölkələrə tələbə göndərir "





"Xaricdə təhsil haqqında dövlət proqramı geri qaytarılmalıdır”.

Bunu "Sherg.az”a tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev deyib. 

O xatırladıb ki, bütün dünyada, hətta inkişaf etmiş ölkələrin də mühüm hissəsini xaricdə təhsil təşkil edir:

"Aparıcı universitetlərin ABŞ-da olmasına baxmayaraq, bu dövlət digər inkişaf etmiş ölkələrə tələbə göndərir. Elə ixtisaslar var ki, onlar başqa dövlətlərin universitetlərində daha yaxşı tədris olunur.

Xaricdə təhsil proqramı həyata keçirildiyi müddətdə effektini gördük. Bunun məzunları Azərbaycanda yüksək səviyyədə çalışması göstərdi ki, xaricdə təhsil proqramı vacibdir. Ola bilər ki, bəzi sahələrdə mütəxəssislər çox, bəzilərində azdır. 

Məsələn, İKT, mühəndislik və s. kimi sahələrdə kadr çatışmazlığı var. Həmin sahədəki boşluğu yalnız dünyanın aparıcı universitetlərində bu təhsili almış məzunlar doldura bilər. Çünki Azərbaycan universitetləri dünyanın inkişaf etmiş universitetləri arasında aşağı sıradadır. Bu hal istər daxili, istər də beynəlxalq əmək bazarı üçün öz təsirini göstərir.

Bütün bunları nəzərə alacaq tələbələrimizin xaricdə oxumağa göndərilməsi insan kapitalının inkişafına müsbət təsir edər. Həmçinin Azərbaycan gəncinin seçim imkanları yüksələr”.

Qeyd edək ki, 2016-cı ildə minlərlə gəncin xaricdə təhsil almasına imkan yaratmış Xaricdə Təhsil Dövlət Proqramına fasilə verildi. Keçmiş təhsil naziri Mikayıl Cabbarov yeni proqrama uyğun olaraq xaricə, əsasən, PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclərin göndəriləcəyini açıqlamışdı.

Aysel Aslan